22 fevral 2023 03:39
569

Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqi oldu

Fevralın 18-də cənab Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda iştirak edib. Münxen Təhlükəsizlik Konfransı dünyada beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu ən aparıcı forumdur.

İclasın builki həyata keçirilən 59-cu görüşündə ənənəvi olaraq müasir xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə olundu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qatıldığı Konfransda  800 nəfərdən çox iştirakçı dəvət olunub. Həmçinin Azərbaycan Prezidenti ilə yanaşı, 40-dan çox dövlət və hökumət başçısı, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri iştirak edib. Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın mövqeyinin, milli maraqlarının təbliği və tanıdılması baxımından vacib platformadır. Ölkəmiz Münxen Təhlükəsizlik Konfransının illik görüşlərində də müntəzəm olaraq dövlət başçısı və ya digər səviyyələrdə fəal təmsil olunur.

Qeyd edək ki, fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirildi. Görüşdə ölkə başçımız Azərbaycanla Ermənistan arasında sülh sazişinin beynəlxalq norma və prinsiplər əsasında imzalanması və müqavilədə Qarabağ haqqında hər hansı bir müddəanın yer almaması barədə qəti mövqeyini bildirdi: "Biz istəyirik ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın. Biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin. Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun". Azərbaycanın sülh təklifinə Ermənistanın cavab təklifinin incələndiyini bildirən ölkə başçımız qarşı tərəfdən bu istiqamətdə kifayət qədər olmasa da, müəyyən irəliləyişlərin olduğunu diqqətə çatdırdı.

Üçtərəfli görüşdə Prezident İlham Əliyev bildirib ki, Ermənistan-Azərbaycan sərhədində ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Eyni zamanda, Azərbaycanın Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazır olduğunu da açıqlayıb. Lakin bunun Rusiya vətəndaşı Vardanyanın Azərbaycan ərazisini tərk edəcəyi təqdirdə reallaşacağını deyib. Ölkə başçımız qeyd edib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlar azlıq təşkil edirlər: "Azərbaycan çoxmillətli ölkədir. Azərbaycandakı bütün azlıqlar bərabər hüquq və imtiyazlara, o cümlədən mədəni, linqvistik və digər hüquqlara malikdirlər, onların təhlükəsizliyi də təmin edilib".

Qeyd edək ki, Almaniya Federativ Respublikasına səfəri çərçivəsində Azərbaycan Prezidenti Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşündə Almaniya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin genişləndiyini yüksək qiymətləndirərək ölkələrimiz arasında sənaye, ticarət və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələrinin mövcudluğunu diqqətə çatdırmışdır. Avropa İttifaqı ilə Azərbaycanın etibarlı tərəfdaş olduğunu deyən Prezident İlham Əliyev enerji sahəsində birgə həyata keçirilən enerji layihələrindən, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin iştirakı ilə ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış strateji sənədin əhəmiyyətindən ətraflı bəhs etmişdir.

Prezident İlham Əliyev Münxendə Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer ilə görüşü zamanı dövlətimizin müəyyənləşdirdiyi inkişaf strategiyasında yer alan rəqəmsal transformasiya, bərpaolunan enerji resurslarının inkişafı və ixracı, nəqliyyat bağlantılarının genişləndirilməsi konsepsiyası haqqında ətraflı məlumat verərək Avropa İnvestisiya Bankının hər üç sahə üzrə ölkəmizin yaxın tərəfdaşı ola biləcəyini nəzərə çatdırmışdır.

Ümumilikdə Münxen Təhlükəsizlik Konfransı bir daha Azərbaycanın növbəti diplomatik uğuru oldu.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı