20 fevral 2023 19:47
1732

Kamran Bayramov:  Dağlıq Qarabağ sözü artıq tarixin arxivinə gömülüb

«Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclası əsasən Cənubi Qafqazda təhlükəsizliyin yaranmasına mane olan problemlərin aradan qaldırılmasına, Gürcüstanın Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasında hansı rolu oynaya biləcəyinə həsr olunmuşdu. İclasın gedişində isə başqa mənzərə yarandı.  Moderator əsas mövzudan yayınaraq Ermənistana tərəfkeşlik mövqeyi göstərməyə çalışdı. Bu zaman dövlət başçımız açıqlamaları ilə onlara yaxşı bir diplomatiya dərsi verdi. Bildirdi ki,  30 il ərzində torpaqlarımız Ermənistanın işğalı altında olub. Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Biz Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur. Ərazi bütövlüyünü və ədaləti bərpa etmək, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq. Ona görə də 30 illik işğalı, Livan böyüklüyündə ərazinin tamamilə xarabalıqlar içində olduğunu unutmamalıyıq. Torpağımızın işğalı, bir milyon azərbaycanlının evindən didərgin salınması, 67 məsciddən 65-nin dağıdılması və onların təhqir edilməsi – bütün bunlar qonşularımız tərəfindən edilib.»

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib. 

K.Bayramov qeyd edib ki, Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından iki ildən artıq vaxt keçsə də Ermənistan sənəddə  əks olunmuş və sonrakı bəyanatlarla bir daha möhkəmləndirilmiş öhdəliklərini pozmaqda davam edir. Diqqət çəkən məqam yenə də  işğalçı dövlətin bu mövqeyinin  dünya gücləri tərəfindən laqeydliklə qarşılanmasıdır. Bu baxımdan ki, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar regionda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dəstək verməyə hazır olduqlarını bildirsələr də, hələ ki, hansısa qurumun, dövlətin konkret addım atdığını görmək mümkün deyil. Azərbaycan sülh müqaviləsini təklif etməklə yanaşı, onun qısa zamanda imzalanmasının vacibliyini ən yüksək tribunalardan bəyan edir.  30 illik işğal dövrünün reallıqlarından fərqli olaraq  hazırkı mərhələdə Azərbaycan qalib ölkə kimi diktə edən tərəf olaraq bu çağırışı  edir ki, sülh təklifi uzun müddət masa üzərində qala bilməz.  Azərbaycan Prezidenti Münxendə Cənubi Qafqaz ölkələrinin liderlərinin görüşündə bir sıra suallara tam aydınlıq gətirdi. Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidinin olmadığını bəyan edərək hamıdan ölkəmizin suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmasını xahiş etdi. Bildirdi ki, Ermənistan-Azərbaycan sərhədində ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Azərbaycan Prezidentinin sözlərinə görə, əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə İrəvana göndərilib. Bu isə o deməkdir ki, Azərbaycan Laçın yolunun qurtaracağında sərhəd və gömrük xidməti yaradacaq. Laçın yolunun hərbçilərimiz tərəfindən nəzarətə götürülməsi zərurətə çevrilib. Əgər Paşinyan, Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizindən istifadə edərkən sənədlərinin yoxlanacağını bildirirsə, biz də eyni sistemi Laçın yolu üzərində qurmalıyıq. Azərbaycan ərazisinə daxil olan və buradan Ermənistana keçmək istəyənlərin sənədlərini yoxlamalıyıq.
Deputat diqqətə çatdırıb ki, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın geostrateji mövqeyi daha güclənib. Ölkəmiz Avropa İttifaqı üçün yeganə yeni və mühüm alternativ enerji mənbəyinə çevrilir. Azərbaycan qazını almaq istəyən dövlətlərin sayında kəskin artımlar var. Ölkəmizin son bir il ərzində Avropanın enerji təhlükəsizliyi üçün atdığı addımlar bir daha təqdir edilib. Cənubi Qaz Dəhlizi, TANAP, TAP layihələri, eləcə də interkonnektorlar, Balkan ölkələrinin enerji təhlükəsizliyinə verilən töhfələr, həmçinin bərpaolunan enerji sahəsində Azərbaycanın təşəbbüsləri alqışlanıb və yüksək dəyərləndirilib. Artıq reallıq ondan ibarətdir ki, Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır. Dövlət başçımız bildirib: «Enerji təhlükəsizliyi məsələləri beynəlxalq təşkilatlar tərəfindən müzakirə olunan gündəliyin ön sıralarındadır. Azərbaycan yeni mənbənin sahibi kimi və Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkə kimi böyük hörmətlə qarşılanır.»