19 fevral 2023 21:41
724

Prezidentin "2 vektor" ideyası Paşinyanın postmüharibə strategiyasının əsas tezisini dağıtdı

Prezident İlham Əliyevin " Sülh Formulu" ilə getmək mümkün yolların ən qısası və ən rahatıdır

2020-ci ildə Azərbaycan və Ermənistanın dövlət liderləri səviyyəsində ilk və yaddaqalan məşhur Münhen debatını müqayisə etmək üçün yeni oxşar hadisə baş verdi. Fevralın 18-də Prezident İlham Əliyevlə Paşinyan arasında  bütün Münhen platformasının xüsusi  maraqla gözlədiyi sayca 2-ci debat baş tutdu. Ona görə xüsusi maraqlı hadisədir ki, bundan əvvəl 2020-ci ildə həmin məkanda baş tutmuş ilk debat yaddaşlarda dərin təəssürat oyatmışdı. Bu dəfə isə başlanğıcda Paşinyanın Prezident İlham Əliyevlə panel müzakirəsində iştirak etməyəcəyi barədə informasiya olsa da, sonradan erməni tərəfdən rəsmi izah verilmədən Paşinyanın debatda iştirak edəcəyi bildirildi. Fakta " qeyrətə boğulmaq " kimi qeyri -siyasi, lakin real şərh vermək mümkün olsa da, hər halda Paşinyanın öz xələfi Sarkisyandan fərqli olaraq Əliyevlə açıq debata çıxmaqda azacıq  cəsarətə sahib olduğunu da xüsusi qeyd etmək lazımdır.Məlumdur ki , 2018-ci ilə qədər Münhen çərçivəsində Sarkisyan Əliyevlə debatdan yayınmışdı.

Münhendə 1-ci debatdan 2-ci debatadək...

Münhen Təhlükəsizlik Konfransında 2020-ci ildəki ilk və çox maraqlı debatın önəmli xüsusiyyəti tək o deyildi ki, ilk dəfə keçirilirdi.Həm də o idi ki, Ermənistan tərəf ilk dəfə belə formatda müzakirəyə razılıq vermişdi, eyni zamanda bu da fakt idi ki, debat Ermənistanın sahədə formal hərbi mövqe üstünlüyü şəraitində  və psevdoqalib   ovqatı altında  keçirildi.Etiraf edək ki, bu sonuncu şərtlər çərçivəsində bizim Prezidentin bütün dünya qarşısında düşmənlə açıq debata getməsi kimlərəsə riskli görünsə də, İlham Əliyev  debata getməklə həmin anlarda öz mövqeyinə ,arqumentlərinə ,haqlılığına misilsiz  inam və cəsarət nümunəsi yaratdı. Zarafat deyil, sənin torpaqlarının 20 faizini 30 il müddətində əsarətdə saxlayalar, dünya bunun üçün təcavüzkara güldən ağır söz demıyə,abır-həya ölçülərini anlaşılmaz qırmızılıqla ayaqlayaraq dik  gözümüzün içinə " vermirəm" söyləyə, təcavüzkar ölkə özü kimi "köpəklər  sürüsü "  ilə hövrləşərək " Qarabağ tarixən sizin olmayıb" deyə insanın cızdağını çıxardan həyasız bir mövqe ortaya qoya,Sən isə bütün bunları misilsiz təmkin və soyuqqanlıqla qarşılayaraq devata-döyüşə atılasan və düşməni şil-küt eliyəsən..Necə bir nümunədir? Tarixdə çoxmu olub və ya varmı belə nümunə ?!..

Bu xüsusiyyət  Münhendə ilk Əliyev -Paşinyan debatının tarixdə möhkəm qalmasına   güclü təminat verən amildir.

hadisə təkcə Paşinyanın şil-küt olması ilə xarakterik olmadı. Həm də odur ki, İlham Əliyev 2020-ci ilin fevralında ilk debatda təqdim etdiyi konsepsiya ilə Azərbaycanın 7 aydan sonra başlayacağı qalibiyyətli Vətən savaşına bütün dünyanln gözündə etibarlı ideoloji müdafiə və təminat sistemi yaratdı.Bu debatdan sonra dünyada Azərbaycanın ədalətli və haqq müharibəsinə kimin bunu açıq etiraf  edib etməməyindən asılı olmayaraq anlayış göstərməyən qalmadı.Qarabağ münaqişəsinin obyektiv tarixi kökləri,müasir hüquqi və siyasi aspektləri elə dəqiq və ardıcıl təsvir edildi ki, qaranlıq və şübhəli bir məqam qalmadı.Təkcə İlham Əliyevin  tarixdən gətirdiyi  faktları  və Paşinyanın  dırnaqarası " faktlarını " müqayisə etmək yetər. İlham Əliyev real tarixi və hüquqi faktları ortaya qoyduğu halda, Paşinyan uydurma tarixin dərinliklərinə elə səriştəsiz baş vurdu ki, mifik " böyük Tiqran dövlətinin" olmayan xarabalıqları arasında özü də itib batdı. Hələ də yaddaşlardadır ki, o zaman erməni ekspertlərinin özləri də  qədim Roma və mifik " Tiqran dövləti " ilə bağlı dediklərini Paşinyana irad tutdular ki, yersiz müqayisədir, bu yersizlik  Roma qədər qədim tarixləri olmayan bugünkü həmsədr ölkələrin özlərinin də xoşuna gəlməyəcək...Həqiqətən də Paşinyanın apardığı tarix paralelləri uğursuz oldu.Belə ki, həqiqətən də ABŞ, Rusiya və Fransanın Roma qədər qədim tarixləri yoxdur, real ABŞ, Rusiya və Fransa dövlətçiliyini isə mifik " Tiqran dövləti " ilə müqayisə etmək ağılsızlıqdır.

Tam əsaslarla demək olar ki, Vətən müharibəsində Zəfərimiz müharibədən 7 ay əvvəl Münhen konfransında İlham Əliyevin Paşinyan üzərində dağıdıcı debat qələbəsindən başladı. Çünki bu debat dünyada rəy yaratdı ki, Azərbaycanın çox şeyə,hətta torpaqları naminə ədalətli müharibəyə də haqqı var...

2-ci Münhen debatı-Azərbaycanın istədiyi budur, bəs Ermənistan nə istəyir?!...

Təbii ki , Ermənistanın da müharibədən sonra istədikləri var. Bunlar Azərbaycanın istədiklərinin əksi olanlardı.Anti sülh,anti sabitlik,anti təhlükəsizlik-Ermənistanın mövqeyi ilə bağlı 2-ci Münhen debatının yekun deklorativ tezisi bu oldu.

Bizim Prezident Münhen platforması üzərindən dünyaya hansı mesajları verdi?

1. Prezident İlham Əliyev müharibədən sonra  regionumuzda təhlükəsizlik strategiyasının " ikivektorlu yanaşmadan " asılı olduğunu çox aydın ifadə etdi. Bunlar  Azərbaycan-Ermənistan danışıqları və Azərbaycanla Qarabağın erməni əhalisi arasında danışıqlar vektorudur. Proseslərin bu 2 vektor üzrə qurulması bir tərəfdən həqiqətən məqsədyönlü və nəticəli danışıqlar üçün zəruru mühiti təmin edə bilər, digər tərəfdən isə Ermənistanın çox pozucu sayılan bir tezisini gündəmdən möhkəm çıxdaş etmiş olar. Belə ki, Ermənistanın diplomatik -siyasi   çevrələrində danışıqlar üçün çox fantastik və qəti real olmayan belə bir ideya dolaşır:""Azərbaycan-Ermənistan normallaşması və Dağlıq Qarabağla bağlı danışıqlar birlikdə, ya ayrı-ayrılıqda aparılsın". Ermənistan məsələnin bu çərçivədə qoyuluşu ilə keçmiş Dağlıq Qarabağ ərazisindən kənarda Azərbaycanın ərazi bütövlüyünü guya rəsmən tanıdığını da bəyan edir. Fikir manevrləri arasında nə qədər ört-basdır etməyə və flrlatmağa çalışsalar da , ermənilərin postmüharibə strategiyasının ana xətti bundan ibarətdir. Çünki məhz məsələni bu şəkildə qoyduqda onlar həm müharibədən sonrakı reallıqların tanınmasından yan keçə bilir,həm sülh prosesini uzada bilir,həm də vaxt udmağa çalışırlar. İlham Əliyevin "iki vektor" ideyası Ermənistanın postmüharibə "ana strategiyasını " alt-üst edir. Dəqiq desək, İlham Əliyev keçmiş Dağlıq Qarabağ üzrə ayrıca danışıqlar paneli yaratmaq strategiyasının mənasızlığını həm Ermənistana, həm də beynəlxalq maraqlı tərəflərə açıq bəyan etdi. Başa saldı ki, postmüharibə problemlərinin "2 vektor çərçivəsindən" kənarda həlli yoxdur.

Münhen debatında dünyaya verilən 2- ci mühüm mesaj regional kommunikasiyaların açılması ilə bağlıdlr. Prezident Əliyev əslində konkret təkliflə regional komunikasiyalar haqda təsəvvürləri  daha da zənginləşdirdi və ya tamamladı. Təklifin mahiyyəti sadə, lakin çox  effektlidir - Zəngəzur dəhlizinin hər iki başında və Ermənistanla Laçının arasında nəzarət -buraxılış məntəqələrinin yaradılması. Təklif o qədər praktikdir ki, onunla hər hansı mübahisəni açmaq heç bir məntiqə sığmaz. Söhbət bir dövlətdən diğərinə keçiddən gedirsə , köhnə terminlə desək, " KPP"-lər niyə də olmamalıdır?!.. Məhz təklifin praktiklik dərəcəsinin təsirindəndir ki, Blinkenin yanında verilmiş bu təklifə Paşinyanın özünün də heç bir əks mövqe qoymadığını, lakin maraqla qarşıladığını Prezidentimiz media qarşısında açıq eyhamla ifadə etdi...

Əliyevin dünyaya 3-cü mesajı sülh saziş mətninə münasibətdə  obyektiv, qərəzsiz, çox da iddialı olmayan və qarşı tərəfin  real hərəkətlərini nəzərə almaqla konstruktivliyin əsas tutulmasıdır. Prezident Ermənistanın təqdim etdiyi və hazırda incələnməkdə olan saziş mətnində qənaətləndirici olmasa da, müəyyən tərəqqinin olduğunu xüsusi vurğu ilə deməyi unutmadı. Yəni, burada Azərbaycanın hər bir mütərəqqi tərpənişə analoji cavab vermək iradəsi  nümayiş olundu. Prezident Əliyevin Dağlıq Qarabağ ifadəsini daxil etməmək şərti ilə sazişin beynəlxalq norma və prinsiplər əsasında hazırlanması mövqeyini  ifadə etməsi qarşı  tərəflər üçün yenilik olmasa da, bir daha göstərdi ki, Azərbaycanın siyasəti ardıcıl ,prinsipial və dönməzdir...

Bu tezislərin "Dağları aşmaq?" kimi poetik ifadə altında keçən paneldə səsləndirilməsi regional sülhün "Dağların arxasında" yox, gözlə görünən real siyasət tezislərində, ilk növbədə " 2 vektorda"  olduğunu aydın göstərdi.

Beləliklə, Münhen panel müzakirələrində Azərbaycan Prezidentinin yanaşmaları "Regional sülh formuluna" doğru dəqiq istiqamət götürmək üçün əla bələdçilik gücü nümayiş etdirdi.

Əgər 1-ci Əliyev-Paşinyan debatı 7 ay öncədən Vətən Müharibəsinə ideoloji müdafiə sistemi qurmuşdusa, 2-ci debat ondan az məna kəsb etməyən perspektivə təminat yolu açdı - Sülh sazişinə və sərhəd mübahisəsinin həllinə Prezident İlham Əliyevin " Sülh Formulu" ilə getmək mümkün yolların ən qısası və ən rahatıdır...

Aydın Quliyev