17 fevral 2023 14:35
773

Ölkəmiz müstəqillik tarixində elektrik enerjisini idxal edən ölkədən ixracatçı ölkəyə çevrilib

Azərbaycan enerji təhlükəsizliyi siyasətini uğurla davam etdirir. Fevralın 13-də Bakıda “Gülüstan” sarayında Prezident İlham Əliyevin iştirakı ilə yeni İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi bu istiqamətdə növbəti mühüm addımdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi zamanı tədbirdə iştirak edərkən bildirib ki,  Avropanın yeni ehtiyaclarını nəzərə alaraq və keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənədə əsasən, Azərbaycan Avropa məkanına təbii qazın həcminin artırılmasını təmin edəcəkdir. Ölkəmiz müstəqillik tarixində elektrik enerjisini idxal edən ölkədən ixracatçı ölkəyə çevrilib. Dövlətimizin başçısı tədbirdəki çıxışında Mingəçevir şəhərində yaradılacaq yeni elektroenergetika infrastrukturunun təməlinin qoyulmasını əlamətdar hadisə kimi səciyyələndirərək vurğulayıb ki, ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaqdır. Yeni stansiyanın 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub. Mingəçevir elektroenergetika sahəsində ölkəmizin əsas şəhəridir. Belə ki, Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün Azərbaycanın elektrik enerjisinə olan ehtiyacının böyük hissəsini ödəyir. Mingəçevirin ölkəmizin, eləcə də  Qafqazın enerji mərkəzinə çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuş və  böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur. Müstəqilliyin ilk illərində də məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi. Enerjiyə olan daxili tələbatını öz imkanları hesabına ödəyən Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına öz töhfələrini verir. Bu gün dünya dövlətlərinin bir çoxunda enerji təhlükəsizliyi ilə bağlı problemlərin yaşandığı vaxtda Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı rolunu oynaması vaxtında verilmiş bu cür strateji qərarların, atılmış məqsədyönlü addımların nəticəsidir. Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır.

Ölkə başçısı Mingəçevir Elektrik Stansiyasının İkinci Qarabağ müharibəsi zamanı önəminə diqqət çəkərək vurğuladı ki, həmin vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmış, yüzə yaxın dinc insan həlak olmuş, o cümlədən Mingəçevir Elektrik Stansiyası da uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı Prezident İlham Əliyev bildirdi ki, ümumi dəyəri təqribən 400 milyon dollara qədər olan stansiya Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək. Ödəniləcək vəsaitin 60 faizi “Azərenerji”nin öz vəsaiti hesabına təmin ediləcək. Qalan 40 faiz isə kreditlər vasitəsilə təmin ediləcək. Bir neçə il ərzində bu stansiyanın fəaliyyəti nəticəsində həm qoyulan vəsait qayıdacaq, eyni zamanda, kredit borcu da bağlanacaq. Stansiya xarici tərəfdaşlarla birlikdə inşa ediləcək. Belə ki, stansiyanın tikintisində İtaliyanın və Çinin şirkətləri iştirak edəcəklər.

Bu stansiyanın işə düşməsi ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaqdır. Reallıq budur ki, Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir. Azərbaycanın enerji ölkəsi kimi inkişafında yeni mərhələ başlanıb. Bu mərhələdə ölkəmizin Avropanın enerji təchizatındakı strateji rolu bir çox mənbələr hesabına daha da güclənəcək. Bu, ilk növbədə Cənub Qaz Dəhlizinin genişləndirilməsi və təbii qazın tədarükünün artırılması ilə mümkün olacaq. Eyni zamanda, elektrik enerjisinin, xüsusilə "yaşıl enerji"nin ixracı, Azərbaycanın daha bir dəhlizin -"yaşıl enerji" dəhlizinin də əsas resurs mənbəyi olması hesabına reallaşacaqdır. Vətən müharibəsində işğaldan azad edilən ərazilərdə bir tərəfdən bərpa-quruculuq işlərinin miqyasının genişlənməsi, digər tərəfdən isə “ağıllı şəhər” və “ağıllı kənd”lərin yaradılması da enerji potensialımızın daha da genişləndirilməsinə imkanlar yaradır. Bu stansiya “Azərbaycan” İES-in heç bir infrastrukturu olmadan müstəqil istismar edilə biləcək. Yeni stansiyanın tikilməsi ölkənin enerji dayanıqlılığının təmin olunması, əlavə generasiya güclərinin yaradılması, yüksələn enerji tələbatının qarşılanması, ixrac imkanlarının artırılması, bərpaolunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyasının əks təsirlərinin balanslaşdırılması, ətraf mühitin qorunması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi möhkəmlənən mövqeyi bu hədəfi də böyük əminliklə qeyd etməyə əsas verir ki, neft və qaz layihələri kimi, Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaqlar.Stansiyasının təməlqoyma mərasimində İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun, “Ansaldo Energia” şirkətinin prezidenti Cuzeppe Marinonun iştirakı da enerji sahəsində əlaqələrimizin davamlı inkişafının göstəricisidir.

Mərasimdə dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi bu stansiya xarici tərəfdaşlarla birlikdə inşa ediləcəkdir. Ölkə başçısı çıxışında qeyd etdi ki, İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya Azərbaycanın strateji tərəfdaşıdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Energetika sahəsində İtaliya ilə əməkdaşlıq ənənəvi xarakter daşıyır. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. Həmçinin İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində İtaliya şirkətləri çox fəal iştirak edirlər. Ölkə başçısı İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edərkən son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyasının inşa edildiyini və bu stansiyaların generasiya gücünün təqribən 3400, ölkənin ümumi generasiya gücünün isə 7200 meqavat olduğunu qeyd etdi. Ümumiyyətlə, ölkəmizdə elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf etmişdir. Hal-hazırda isə ölkəmiz bərpaolunan enerji növlərinin inkişafında daha maraqlıdır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri