17 fevral 2023 11:19
536

Təməli qoyulan yeni elektrik stansiyası müstəsna rola malik olacaq

Ölkəmizin neft-qazdan sonra bərpa olunan mənbələrə əsaslanan elektrik enerjisi ilə aparıcı mövqeyə yüksəlməsi günün tələbidir. Bir tərəfdən ətraf mühiti qorumaq daha "təmiz enerji" mənbələrindən istifadəni zəruri edir. Digər tərəfdən isə enerji böhranı dövründə diversifikasiya zərurəti bu enerji növünə qlobal miqyasda ehtiyacı artırır. Ona görə də həm daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat milli elektroenergetika sisteminin daha da gücləndirilməsini və transformativ prosesləri labüd vəziyyətə gətirir. Cənab Prezident İlham Əliyevin qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmasının məhsulu olan azad edilmiş ərazilərin "yaşıl enerji" konsepsiyası çərçivəsində inkişafı da bu proseslərin reallaşdırılmasını təşviq edir.

Qeyd edək ki, 2023-cü il fevralın 13-də Bakıda "Gülüstan" sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Prezident İlham Əliyevin təməlqoyma mərasimində çıxışı ilə əlaqədar tədbirdə vurğuladığı kimi, "Bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir".

Qeyd edək ki, Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası və yeni stansiyanın tikintisi barədə prezident İlham Əliyev 25 oktyabr 2022-ci ildə sərəncam imzalayıb.

Sərəncama əsasən “Azərbaycan” İstilik Elektrik Stansiyasının mövcud avadanlıqlarına əlavə müasir texnologiyalar tətbiq edilərək, 600 MVt gücündə olan 7-ci və 8-ci enerji bloklarının gücünün daha 1280 MVt artırılması ilə əlaqədar rasional modernləşmənin həyata keçirilməsi nəzərdə tutulur.

Yeni tikiləcək stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə - 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaq.

Daha bir önəmli məqam budur ki, yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağı olduğundan ildə təqribən 1 milyard kubmetr qaza qənaət ediləcək. Bu isə hazırda Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu nəzərə alınmaqla, qitənin enerji təhlükəsizliyinə növbəti önəmli töhfə olacaq. Öz çıxışında cənab Prezident İlham Əliyev bunu da qeyd etdi ki, yeni stansiya Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək. Stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq. Stansiyanın İtaliya və Çin şirkətləri ilə birlikdə inşa ediləcəyi isə bir daha ölkəmizin xarici əlaqələrinin yüksək səviyyədə olmasından xəbər verir. Xüsusi olaraq dövlətimizin başçısı bunu da qeyd etdi ki, İtaliya şirkətinin bu layihədə iştirakı təsadüfi deyil. İtaliya Azərbaycanın strateji tərəfdaşıdır. Ölkələrimiz arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Xüsusilə məhz energetika sahəsində İtaliya ilə əməkdaşlıq ənənəvi xarakter daşıyır. Azərbaycan neftinin böyük hissəsi və Azərbaycan qazı iki ildən artıqdır ki, İtaliya bazarına çatdırılır. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır.

Azərbaycan təmiz enerji ilə bağlı nəhəng layihələrin icrası istiqamətində böyük addımlarını atır və yaşıl enerji potensialı Avropa üçün yeni imkanlar açacaqdır.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı