16 fevral 2023 14:10
725

Gələcəyə hesablanmış enerji strategiyası

Ölkəmizin elektroenergetika mərkəzi olan Mingəçevirdə 1280 MVt gücündə yeni İstilik Elektrik Stansiyasının inşası Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş uğurlu enerji strategiyasının tərkib hissəsidir. Cəmi iki il sonra istifadəyə verilməsi planlaşdırılan  stansiya ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirməklə bərabər Mingəçevirin elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Bu isə o deməkdir ki, Mingəçevir şəhərinin ölkəmizin,  eləcə də bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır. Mingəçevirin Qafqazın enerji mərkəzinə çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən 2018-ci ildə Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prosesi başlamış və qısa müddət ərzində tamamilə yenidən qurularaq istifadəyə verilmişdir. Mingəçevirdə yeni İstilik Elektrik Stansiyasının inşası ölkəmizin elektrik enerjisinə təlabatını yüksək səviyyədə təmin etməkdən əlavə ixrac imkanlarını da artırmış olacaq. Yeni İstilik Elektrik Stansiyasının inşası eyni zamanda yüzlərlə yeni iş yerlərinin yaranmasına səbəb olacaq.  Stansiyanın  müasir standartlar əsasında inşa edilməsi  ətraf mühitə zərəri də böyük həcmdə azaldacaq.

Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyev bildirdi ki,  ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq stansiya Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək. Stansiyanın fəaliyyəti nəticəsində qoyulan vəsait bir neçə il ərzində qayıdacaq. Elektrik Stansiyasının tikintisində İtaliyanın və Çinin şirkətləri iştirak edəcəklər. Təbii ki, bu ölkələrin hər biri ölkəmizlə sıx əməkdaşlığa malikdirlər. Bu baxımdan, bu ölkələrə məxsus şirkətlərin Elektrik Stansiyasının inşasında iştirakları heç də təsadüfi deyil. Xüsusilə də İtaliya Azərbaycanla strateji tərəfdaşdır. İtaliya və Azərbaycan arasında energetika sahəsində əməkdaşlıq ənənəvi xarakter daşıyır. Ölkələrimiz arasında müxtəlif sahələrdə yüksək səviyyəli əməkdaşlıq mövcuddur. İşğaldan azad edilmiş ərazilərimizdə də İtaliyaya məxsus şirkətlər bərpa-quruculuq işlərində yaxından iştirak edirlər. Elektrik Stansiyasının təməlqoyma mərasimində Prezident cənab İlham Əliyev vurğuladı ki, İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını deyil, böyük coğrafiyanın maraqlarını təmin edir.

Ölkə başçısı çıxışında Azərbaycanın böyük həcmdə bərpaolunan enerji potensialının da olduğuna diqqət çəkdi. Həm Xəzər dənizində, həm quruda, həm də işğaldan azad edilmiş ərazilərimizdə  böyük həcmdə yaşıl enerji potensialı mövcuddur. Artıq ölkəmiz həmin bərpaolunan enerji mənbələrindən istifadə olunmasında maraqlıdır. Bunun üçün müvafiq tədbirlərin də həyata keçirlməsinə başlanılmışdır. Bərpaolunan enerji mənbələrindən istifadə ölkəmizin enerji ixracının da artmasına səbəb olacaq. Müasir dünyada Azərbaycan əsas enerji ixracatçılarından biridir. Bu uğura isə ölkəmiz Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş enerji siyasəti nəticəsində nail olmuşdur.  

Anar Şahmuradov,

YAP Ağdaş rayon təşkilatının əməkdaşı