“Bakıda “Gülüstan” sarayında keçirilən Azərbaycanın energetiklər şəhəri olan Mingəçevirdə tikiləcək 1280 MVt gücündə istilik elektrik stansiyasının təməlqoyulma mərasimində Cənab Prezident maraqlı fikirlər söylədi. Bildirdi ki, Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olub. Onun rəhbərliyi və təşəbbüsü ilə ötən əsrin 70-ci illərində - daha doğrusu, 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulub. Bu hadisə enerji sektoruna yeni yanaşmanın məntiqi nəticəsidir. İstilik elektrik stansiyasının tikintisi Azərbaycanın regiondakı real enerji gücünü bir xeyli artırmış olacaq. Stansiyanın tikintisində İtaliya turbinlərindən istifadənin də önəmi var”.
Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Mingəçevir hazırda elektroenergetika sahəsində Azərbaycanın əsas şəhəridir və burada fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkənin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir: “Bu gün Mingəçevir bütün Qafqazın enerji mərkəzinə çevrilib. Ötən 20 il ərzində inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanda bütün sahələrdə uğurlar əldə edilib. Məhz bu uğurların əsasında isə həyata keçirilən uzaqgörən, düşünülmüş və çoxşaxəli dövlət siyasəti dayanır.
Müstəqilliyimizin ilk dövrlərində Azərbaycanın qarşılaşdığı əsas çətinliklərdən biri də ölkədə enerji çatışmazlığı idi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gündə Prezident İlham Əliyev tərəfindən davam etdirilən inkişafa yönəlik dövlət siyasətinin proritet istiqamətlərindən birinə çevrildi. Ölkəmizdə müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilməsi bunun məntiqi nəticəsidir. Bundan sonra ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin regionda elektroenergetika mərkəzi kimi önəmi daha da yüksələcək. Çünki, elektrik enerjisi sənayesi iqtisadiyyatın əsas sahəsidir”.