15 fevral 2023 17:12
497

Səninləyik, Türkiyə!

6 fevral 2023 tarixində qardaş Türkiyə respublikasının Hatay, Kahramanmaraş, Şanlıurfa, Adıyaman, Qaziyantep, Malatya, Osmaniyə bölgələrində 7.7-7.6 bal gücündə baş verən zəlzələ 35 mindən artıq insanın həlak olması ilə nəticələndi. Türkiyədə yaranmış ağır, faciəli hal ilə bağlı ölkədə matəm elan edildi. Avropa, Asiya, Uzaq Şərqdən , Amerikadan gələn yardım ekipajları axtarışlarda iştirak etdilər. Bu arada üzdəniraq türkün qənimi olan düşmənlər özlərini yenə də biruzə verdilər. Yardım adı altında Türkiyəyə göndərilən erməni ekipajları evləri yağmaladı, oğurluq etdilər. Tarixdə  ən böyük yaxşılığı türklərdən görən ermənilərin düşmən münasibəti belə çətin vaxtda da özünü göstərməyə bilməzdi. Türkiyəyə edilən yardımların ən səmimisi və ürəkdən gələni dost Azərbaycandan edildi.

Ərzaq, geyim, tibbi, maddi, mənəvi və s olaraq bu yardımı etməyi özümüzə borc bildik. İki dövlət arasındakı dost və ibrətamiz münasibətlərin təməli elə N.Nərimanovun o zaman yenicə yaranmaqda olan Türkiyənin milli azadlıq hərəkatının başçısı M.Kamala yazdığı məktubundan aydın görünür. O yazırdı- “Qardaş qardaşa borc verməz, əl tutar”. Elə bu yardımlaşma 6 fevral faciəsindən sonra da özünü göstərdi.

Ali Baş Komandan İlham Əliyevin Türkiyə Prezidenti R.T.Ərdoğana telefon zəngi və başsağlığının ardınca, Bakıdakı Türkiyə səfirliyini ziyarətində bir daha ölkəmizin qardaş dövlətin yanında olduğunu qeyd etdi. -Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik. Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda, həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir.

Bilirsiniz ki, Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir.

Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, SOCAR , ASAN könüllülər, Fövqəladə Hallar Nazirliyi, bank və siğorta şirkətləri, orta və kiçik dövlət müəssisələri və s Türkiyədəki təbii fəlakətin nəticələrinin azaldılması üçün əllərindən gələni edir.

Bundan əlavə ,15 fevral tarixində Azərbaycan, Türkiyə, Şimali Kipr Respublikalarının başlatdığı “Tək ürək”adlı yardımlaşma kampaniyası da tezliklə dağıntı bölgələrindəki fəsadın aradan qaldırılması üçün böyük ümid olacaqdır.

Nərmin Səmədova,
YAP Xətai rayon təşkilatının "Neapol 8" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü