Türkiyədə baş vermiş dəhşətli zəlzələ və çoxlu sayda insan təlafatı ölkəmizdə böyük kədər hissi ilə qarşılandı. Azərbaycan Prezidenti cənab İlham Əliyev qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğana təbii fəlakət nəticəsində insan təlafatı ilə əlaqədar başsağlığı məktubu göndərdi, eyni zamanda, telefon zəngi edərək Azərbaycanın bu çətin günlərdə türk xalqının yanında olduğunu bildirdi. Prezident cənab İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin xilasedici dəstələri dərhal təbii fəlakət zonasına ezam edilərək, axtarış-xilasetmə işlərinə başladılar. Həmçinin qardaş ölkəyə lazımi təminat vasitələri də göndərildi.
Dövlətimizin başçısının tapşırığına uyğun olaraq 1000 nəfərə yaxın xilasedici heyət qardaş Türkiyəyə göndərilib və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayıblar. İnsanların həyatının xilasında Azərbaycan xilasedicilərinin də əməyinin olmasından sevincliyik. Prezident İlham Əliyev zəlzələdən xəsarət alan vətəndaşların Azərbaycanda müalicəsi üçün bütün imkanların olduğunu da bəyan edib. Eyni zamanda, birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən də qardaş ölkəyə böyük dəstək göstərilir.
Çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə təkcə, Azərbaycan dövlətinin deyil, şəhərdən ən ucqar kəndə qədər dörd bir yanda yaşayan vətəndaşlarımızın başlatdıqları genişmiqyaslı yardım kampaniyası bu xalqın nə qədər BÖYÜK olduğunu göstərir. İndi eyni ilə Vətən müharibəsindəki birliyimizi, həmrəyliyimizi təkrar nümayiş etdiririk.
Həmçinin, Prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun hərbi tibb personalı Türkiyəyə ezam olunub. Bununla yanaşı, zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən müxtəlif dərman preparatlarının, oksigen maskalarının, filtrli sistemlərin, sarğı materiallarının, onurğa taxtalarının, ilkin yardım boyunluqlarının, xərəklərin, isti geyimlərin, çadırların daxil olduğu 36 ton humanitar yardım göndərilib. Eləcə də, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib, Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar.
Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan xalqı könüllü olaraq zəlzələ qurbanlarına, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Sözün əsl mənasında, kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Hətta gödəkcənin ciblərinə konfet, çərəz qoyurlar ki, onu geyinəcək zəlzələdən əziyyət çəkənlər ac qalmasın. Belə manqal kimi ürək sahibləri olan millət əvvəl-axır var olacaq. Bütün bu xeyirxah addımlar həm ulu öndər Heydər Əliyevin dillər dastanı olan “Bir millət, iki dövlət!” deyiminin sözdə yox, əməldə sübutu, həm də hətta çətin vəziyyətlərdə bu böyük xalqlarımızın sarsılmaz birliyinin nümayişidir.
Qürurvericidir ki, Prezident İlham Əliyev Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını dünya üçün örnək olduğunu vurğulayıb: "Dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, belə arxa-dayaq dursun". Bu tarixi həqiqətin təsdiqi kimi, Azərbaycan ictimaiyyətinin Türkiyədəki təbii fəlakətlə bağlı nümayiş etdirdiyi narahatlıq və həyəcan hissləri, dəstək vermək istəyi bir daha göstərir ki, iki qardaş ölkənin birliyi sarsılmaz və əbədidir.
Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı