Türkiyədə fevralın 6-da baş vermiş güclü zəlzələ böyük insan tələfatı və dağıntılara səbəb olub. Zəlzələ 15 milyona yaxın əhalinin yaşadığı 10 vilayyəti əhatə edir. Bu son minillikdə baş verən ən dəhşətli təbii fəlakətlərdən biridir. Zəlzələ nəticəsində ölənlərin sayı artıq 35 minə çatıb, 10 minlərlə yaralananlar var. Bu dəhşətli zəlzələyə görə insan tələfatı ilə mübarizə aparan axtarış-xilasetmə qruplarına bir çox ölkələr dəstək verib. Dünyanın müxtəlif yerlərindən yardımlar gəlməkdə davam edir. Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanındadır. Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Ümumilikdə faciə baş verdiyi saatdan 8 fevral 13.00-dək FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Fevralın 6-da Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Prezident İlham Əliyev, həmçinin zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.
Belə ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri xilasetmə əməliyyatlarını davam etdirirlər.
Zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyi” adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər.
Dünyada az ölkə olar ki, Azərbaycan ilə Türkiyə qədər bir-birinə yaxın, yaxşı və pis gündə bir yerdə olsunlar. Eyni etnik kökə, tarixə, dilə və dinə malik iki qardaş ölkənin səmimi münasibətlərinə artıq bütün dünya şahiddir. Azərbaycanın Türkiyənin ağır günündə ilk yardıma gəlməsi də iki ölkə arasında münasibətlərin necə dərin olmasından xəbər verir və iki dövlət arasında əlaqələrin ən yüksək səviyyədə olmasının əyani nümayişi kimi dəyərləndirilir.
30 il işğal altında olmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında birliyin, həmrəyliyin təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.
Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasında Azərbaycanın ilk olaraq Türkiyənin yanında olması təbiidir. Bir sözlə, bu gün bir daha görürük ki, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı sadəcə olaraq kəlam deyil, həqiqətdir.

Cavid Əliyev,
YAP Xətai rayon təşkilatının "Rahib Məmmədov 18" ünvanı üzrə ərazi partiya təşkilatının sədri