15 fevral 2023 12:20
489

İki dost və qardaş dövlətin sarsılmaz birliyi

Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Xalqlarımız istər xoş günlərdə, istərsə də çətin zamanlarda mənəvi birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüblər.2020-ci ildə Azərbaycanın öz torpaqlarının azadlığı uğrunda ədalətli Vətən müharibəsinə başladığı ilk saatlarda Türkiyə öz qəti mövqeyini bildirdi və Azərbaycanın yanında olduğunu bəyan etdi. 44 gün sonra Türkiyə və Azərbaycan ölkəmizin tarixi Qələbəsini birgə qeyd etdilər. Xalqlarımız sevinclərini paylaşdılar. Bu gün isə Azərbaycan Türkiyəli qardaşlarının kədərini paylaşır. Qardaş ölkə  Türkiyənin tarixində ən faciəli hadisələrdən biri də 6 fevral tarixində baş verən dəhşətli zəlzələ oldu. Azərbaycan və Türkiyə "Bir millət-iki dövlət" olaraq həm sevincli, həm də kədərli günlərdə hər zaman bir - birinin yanında olmaqda davam edir və davam edəcəkdir.

Bir neçə gün öncə Türkiyənin cənub bölgəsində baş verən güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın dəstəyi də bu reallığı təsdiqləyir. Türkiyədə baş vermiş güclü zəlzələ zamanı çoxsaylı insan tələfatı və dağıntılar bizləri çox sarsıtdı. Baş vermiş təbii fəlakətdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verməsi, Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirməsi iki dost və qardaş dövlətin sarsılmaz birliyini bir daha dünyaya nümayiş etdirmiş oldu. Bütün çətin dönəmlərdə biri birinə dəstək olmuş iki qardaş ölkə dostluq və qardaşlıq simvoluna çevrilib. Hər bir soydaşımız, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu ağır günlərdə qardaş ölkəyə dəstək verməyə çalışır. Bu da xalqımızın zəngin milli-mənəvi keyfiyyətlərinin daha bir nümunəsidir. Dəhşətli zəlzələ nəticəsində çoxlu sayda insan tələfatının olması ölkəmizdə böyük hüznlə qarşılandı. Qardaş ölkədən gələn acı xəbər Azərbaycan xalqını və dövlətini dərin kədərə boğdu. Dəhşətli zəlzələdən sonra dövlət və millət olaraq səfərbər olduğumuz göz önündədir. Artıq faciənin ilk günündə FHN-in 420 nəfərdən ibarət xilasedici heyəti qardaş ölkəyə göndərilərək Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlamışlar. Zəlzələ baş verdikdən sonra keçən iki gün ərzində Prezident İlham Əliyevin göstərişi ilə qardaş ölkəyə yardım aparan 7 təyyarə və 1 avtomobil karvanı göndərilib. Bu yolla Türkiyəyə 41 nəfəri tibbi heyət olmaqla FHN-in 725 nəfərlik şəxsi heyəti, xilasetmə avadanlıqları, mobil səhra hospitalı, 4 səhra mətbəxi, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri, habelə zərər çəkmiş əhali üçün humanitar yardım çatdırılıb.Cənab Prezidentin 8 fevralda Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olması, başsağlığı verməsi əsl qardaşlıq nümunəsidir. Prezident İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı fevralın 8-dən etibarən Kahramanmaraşda fəaliyyətə başlayıb. Ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə hadisənin ilk saatından etibarən qardaş ölkəyə ezam olunub.

Xüsusilə vurğulamaq lazımdır ki, fevralın 9-da Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən Türkiyənin zəlzələ bölgəsinə növbəti humanitar yardım təyyarəsi yola düşmüşdür.  Göndərilən humanitar yardıma faciədən zərər çəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar  , həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar daxildir. Bundan başqa yenə də Mehriban xanım Əliyevanın göstərişi əsasında və Türkiyənin ölkəmizdəki səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi Bakı şəhərində yardım kampanyasına start vermişdir. Eyni zamanda da paytaxt Bakı ilə yanaşı ölkənin bütün regionlarının sakinləri də qardaş Türkiyəyə dəstək vermək üçün yardım aksiyasına qoşulublar. Bütün Azərbaycan xalqı Türkiyədə baş vermiş güclü zəlzələdən zərər çəkən qardaşlarına kömək üçün sözün əsil mənasında səfərbər olub. Bu gün Türkiyə-Azərbaycan münasibətləri daha artıq dəyərlərə sahibdir. Azərbaycan Türkiyə dostluğu və qardaşlığı bundan sonra da əbədi olaraq yaşayacaqdır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri