Qardaş Türkiyədə fevralın 6-da baş vermiş güclü zəlzələ böyük insan tələfatı və dağıntılara səbəb olub. Zəlzələ 15 milyona yaxın əhalinin yaşadəğı 10 vilayyəti əhatə edir. Bu son minillikdə baş verən ən dəhşətli təbii fəlakətlərdən biridir. Zəlzələ nəticəsində ölənlərin sayı artıq 30 minə yaxınlaşıb , 10 minlərlə yaralananlar var. Bu dəhşətli zəlzələyə görə insan tələfatı ilə mübarizə aparan axtarış-xilasetmə qruplarına bir çox ölkələr dəstək verib. Dünyanın müxtəlif yerlərindən yardımlar gəlməkdə davam edir. Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanındadır. Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Ümumilikdə faciə baş verdiyi saatdan 8 fevral 13.00-dək FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Fevralın 6-da Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Prezident İlham Əliyev, həmçinin zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım.Allah faciə zamanı həlak olanlara
rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”
Dövlət başçısı İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə ölkəmizdə həyata keçirilən yardım tədbirləri davam etdirilir. Azərbaycanda dövlət və özəl qurumlar, eləcə də ayrı-ayrı şəxslər qardaş ölkəyə yardım edirlər. Ölkəmiz dəhşətli zəlzələ ilə əlaqədar qardaş Türkiyəyə humanitar yardımlar göndərir. Ölkəmizdə zəlzələ qurbanlarına ictimai yardım kampaniyası da davam edir. Bu yardım kampaniyasına ölkəmizin bütün bölgələri qoşulub.
Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, Azərbaycanla Türkiyə arasında əsl qardaşlıq münasibətləri mövcuddur və bu da təbiidir. Ölkəmizdə fəaliyyət göstərən ictimai təşkilatlar da zəlzələ ilə bağlı qardaş ölkəyə öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verib. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulublar. Özəl şirkətlər də artıq fəaliyyətə keçiblər və həm maddi, eyni zamanda, texniki yardım göstərirlər. Azərbaycanın dövlət qurumlarının nümayəndələri də öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində yaxından iştirak edirlər. Bütün Azərbaycan xalqı bu gün qardaş Türk xalqının yanındadır
Faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verən, yaralananlara şəfa diləyən dövlətimizin başçısı dərhal zəlzələdən zərər çəkmiş insanlara müvafiq yardım göstərilməsi, xilasetmə işlərinin həyata keçirilməsi, həmçinin təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində təcili tədbirlərin görülməsi üçün müvafiq göstərişlər vermişdir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanındadır və öz dəstəyini və həmrəyliyini həmişə olduğundan daha qabarıq şəkildə nümayiş etdirir.
Azərbaycandan Türkiyəyə dəstək təkcə dövlət tərəfindən deyil, eyni zamanda həm də özəl sektordan, ictimai təşkilatlardan və sadə vətəndaşlar tərəfindən göstərilməkdədir.Azərbaycandan qardaş Türkiyəyə göndərilən yardımların ən böyük hissəsi dövlətimiz tərəfindən təmin olunur. Zəlzələ baş verdikdən sonra keçən bir neçə gün ərzində Prezident İlham Əliyevin göstərişi ilə qardaş ölkəyə yardım aparan 7 təyyarə və 1 avtomobil karvanı göndərilib. Bu yolla Türkiyəyə 41 nəfəri tibbi heyət olmaqla FHN-in 725 nəfərlik şəxsi heyəti, xilasetmə avadanlıqları, mobil səhra hospitalı, 4 səhra mətbəxi, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri, habelə zərər çəkmiş əhali üçün humanitar yardım çatdırılıb. Özəl sektor da qardaş Türkiyəyə maddi və texniki yardım göstərməkdədir. Ümumxalq dəstəyinin ən yüksək səviyyədə olduğunu xüsusi qeyd etmək lazımdır. Bu gün Türkiyə mətbuatında da Azərbaycan xalqının zəlzələdən zərər çəkmiş türk bacı və qardaşlarımıza yardım etmək üçün səfərbər olduğu vurğulanıb. Həqiqətən də son günlərdə istər paytaxt Bakıda, istərsə də ölkənin bütün rayon və bölgələrində sadə vətəndaşların yardım toplama məntəqələrinə axını əsil izdiham yaradır
Qardaş Türkiyəyə yardım olunmasında Heydər Əliyev Fondunun səyləri müstəsna əhəmiyyət kəsb edir. Zəlzələdən ziyan çəkənlərə dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən Fond tərəfindən dərhal 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxil edilib. Bundan başqa, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyası getdikcə genişlənir. Bir məqamı da qeyd etmək lazımdır ki, yaranmış vəziyyətdə Türkiyə dövlətinin operativ və çevik addımları insan amilinin Türkiyə hökuməti üçün əsas məsələ olduğunu bir daha təsdiq etdi. Türkiyə bu ağır sınaqdan şərəflə çıxaraq öz gücünü bir daha bütün dünyaya göstərəcək. Azərbaycan-Türkiyə qardaşlığı isə bu çətin günlərdə Türk xalqının ən etibarlı dayağı, dəstəyi olacaq.
Qürurvericidir ki, Prezident İlham Əliyev Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını dünya üçün örnək olduğunu vurğulayıb: "Dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, belə arxa-dayaq dursun". Bu tarixi həqiqətin təsdiqi kimi, Azərbaycan ictimaiyyətinin Türkiyədəki təbii fəlakətlə bağlı nümayiş etdirdiyi narahatlıq və həyəcan hissləri, dəstək vermək istəyi bir daha göstərir ki, iki qardaş ölkənin birliyi sarsılmaz və əbədidir.
Orxan İsmayılov,
T.C Eskşehir Osmangazi üniversitetinin tələbəsi,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəalı