14 fevral 2023 17:43
500

Azərbaycan-Türkiyə qardaşlığı əbədidir

Dünya siyasətində dövlətlər arasında bəzi yaxınlıqlar mədəni və tarixi köklərə əsaslanır. Bu bağlılıqlara bir nümunə də Azərbaycan və Türkiyə dövlətləri arasındakı möhkəm dostluq, qardaşlıq münasibətləridir. Sovet imperiyası dağıldıqdan sonra müstəqil Azərbaycan Respublikasının əlaqələr qurduğu dövlətlər sırasında Türkiyə ön mövqedə durmuşdur.

Məlumdur ki, keçmiş Qarabağ münaqişəsi Azərbaycanın 30 ilə yaxın siyasi yolla həllini gözlədiyi, lakin hərb yolu ilə həqiqəti bərpa etdiyi mürəkkəb problemi idi. 44 günlük Vətən Müharibəsində Ali Baş Komandanın düzgün siyasəti və Şanlı Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı sayəsində torpaqlarımız düşmən tapdağından təmizləndi. Yaxın keçmiş olan həmin dövrü hər kəs yaxşı xatırlayır. Məhz Azərbaycanın həmin vaxtlarında Türkiyə öz dostluq, qardaşlıq dəstəyini dünyaya nümayiş etdirdi. Ermənipərəst qüvvələrin apardığı təbliğat, hər zamankı kimi özlərini məzlum xalq şəklində göstərmələri, Azərbaycanın “onlara aid torpaqlara hərbi hücumu” və buna bənzər yalanları bəyan edərkən Azərbaycana mənəvi dəstək duran dövlət Türkiyə oldu. Müzəffər Ordumuz 30 illik həsrətin, çətinliyin ardından 44 günlük Vətən müharibəsində xalqımıza Zəfər sevincini yaşatdı.

Vətən Müharibəsi dövründə Türkiyə dövləti və mətbuatı ardıcıl şəkildə Azərbaycanın yanında olduğunu, ermənilərin işğalçı siyasətinə son qoyulmasının vacibliyini dünyaya bəyan etdi. Azərbaycan qardaş Türkiyənin bu mənəvi dəstəyini heç zaman unutmayacaqdır.

2021-ci ilin iyul-avqust aylarında qardaş Türkiyənin cənub regionlarında meşə yanğınları baş verdi. Bu dəfə isə Azərbaycan öz qardaşlıq köməyini əsirgəmədi. Həm canlı qüvvə, həm də texnikalarla bu yanğınlarının söndürülməsində yorulmadan çalışdı.

Bu günlərdə qardaş Türkiyə dövləti 100 ilin ən dəhşətli zəlzələsini yaşayır. 30 mindən çox insan vəfat edib, minlərlə yaralı var. Dağıntılar altından insanları xilas etmək üçün Türkiyə dövləti dəstək üçün dünyadan kömək istədi. İlk çağırışa gələn və qardaşa çətin günlərində köməyinə canlı qüvvə və avadanlıqlarla yollanan yenə də Azərbaycan oldu. Dövlətimizin dəstəyilə yanaşı, xalqımız da qardaş Türkiyəyə köməyini əsirgəmir. 44 günlük müharibədə bir yumruq olan xalqımız qardaş ölkənin ağır günündə onun yanında olduğunu hər kəsə nümayiş etdirir. Çünki Azərbaycan Türkiyə qardaşlığı əbədidir.

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı
"General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri