Qardaş Türkiyə xalqı ilə birlikdə zəlzələ fəlakətini geridə qoyacağıq
Xəbər verildiyi kimi, fevralın 6-da Türkiyədə ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkilərə səbəb olub. Son məlumata görə, hadisə nəticəsində Türkiyədə həyatını itirənlərin sayı 31 974 nəfərə çatıb.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələyə görə insan tələfatı ilə mübarizə aparan axtarış-xilasetmə qruplarına bir çox ölkələr dəstək verib. Qardaş ölkəyə dünyanın müxtəlif yerlərindən yardımlar gəlməkdə davam edir. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
Prezident İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Dövlətimizin başçısı bu acı faciənin fəsadlarının aradan qaldırılmasına kömək etməyin bizim üçün şərəf olduğunu qeyd edib.
Dövlət başçısı İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə ölkəmizdə həyata keçirilən yardım tədbirləri davam etdirilir. Azərbaycanda dövlət və özəl qurumlar, eləcə də ayrı-ayrı şəxslər qardaş ölkəyə yardım edirlər. Azərbaycan dəhşətli zəlzələ ilə əlaqədar qardaş Türkiyəyə humanitar yardımlar göndərir. Ölkəmizdə zəlzələ qurbanlarına ictimai yardım kampaniyası da davam edir. Bu yardım kampaniyasına ölkəmizin bütün bölgələri qoşulub. Toplanan yardımlar könüllülər tərəfindən çeşidlənir, qablaşdırılır, TIR-lara yüklənir və qardaş ölkəyə yola salınır. Ümumilikdə indiyədək Bakıdan zəlzələ bölgəsinə 130-dan çox TIR yardım yola salınıb. Bu günə qədər Azərbaycandan Türkiyəyə zəlzələ ilə əlaqədar 25 minə yaxın adyal, 441 ton tibbi ləvazimat, 1297 ədəd generator göndərilib. Həmçinin 6240 ədəd qızdırıcı, ümumiyyətlə 737 ton qida məhsulu göndərilib. Zəlzələ zonalarından birində yaradılan xəstəxanada azərbaycanlı həkimlər çalışır.
Eləcə də Naxçıvanda başladılmış geniş yardım kampaniyası bu gün də davam etməkdədir. 8-13 fevral 2023-cü il tarixlərində muxtar respublikadan zəlzələ bölgəsinə 52 TIR humanitar yardım göndərilib. Bu humanitar yardımın ümumi dəyəri 14 milyon 774 min 631 manat təşkil edir.
Azərbaycan vətəndaşları Türkiyədə zəlzələdən zərərçəkmişlərə yardım üçün hətta uzaqda yerləşən yaşayış yerlərindən yardım toplanma məntəqələrinə axın edirlər. Yardım kampaniyasına qoşulan minlərlə insan türk qardaşlarımıza öz dəstəklərini ifadə edirlər. Biz bu addımlarımızda bütün dünyaya bir daha nümayiş etdiririk ki, Türkiyə ilə Azərbaycan xalqları arasında əsl qardaşlıq, birlik mövcuddur və bu da təbiidir. Ölkəmizdə fəaliyyət göstərən ictimai təşkilatlar da zəlzələ ilə bağlı dost ölkəyə öz dəstəyini göstərirlər. Məsələn, Azərbaycan QHT-ləri “Qardaş köməyi” adlı platforma yaradıb. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verib. Fondun bütün imkanları bu işə səfərbər edilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparılıb. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.
Qardaş ölkəyə humanitar yardıma SOCAR da öz dəstəyini verir. “AzərEnerji” və “Azərişıq” ASC-lər də yardım kampaniyasında xüsusi fəallıq göstərirlər. Azərbaycanın dövlət qurumlarının nümayəndələri də öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəaldırlar. Özəl şirkətlər də artıq fəaliyyətə keçiblər və həm maddi, eyni zamanda, texniki yardım göstərirlər. Bir sözlə, bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır.
Fevralın 13-də Azərbaycan Müdafiə Nazirliyi Türkiyəyə növbəti yardım göndərib. Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin təminat bazasından qardaş ölkəyə qış səhra çadırları, ədyallar, çarpayılar, yataq kisələri, qızdırıcılar, elektrik generatorları və digər zəruri əşyalardan ibarət növbəti yardım yük avtomobili vasitəsilə qardaş ölkəyə göndərilib. Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvlərinin qardaş ölkədə zərərçəkənlərə yardım etmələri üçün müvafiq hərbi hissələrdə toplama məntəqələri yaradılıb. Hərbi qulluqçular və onların ailə üzvləri tərəfindən könüllü şəkildə gətirilən geyimlər və ərzaq məhsulları təyin olunmuş məntəqələrdə toplanıb, çeşidlənərək bağlamalara yığıldıqdan sonra yük avtomobili vasitəsilə Türkiyəyə yola salınır.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə zəlzələnin baş verdiyi ərazilərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedici şəxsi heyəti və Müdafiə Nazirliyinin hərbi tibb personalı fəal şəkildə çalışır. Ümumilikdə faciə baş verdiyi saatdan 8 fevral 13.00-dək FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir. Nazirliyin mobil səhra hospitalı zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyət göstərir.
Həmçinin dövlət başçısı İlham Əliyevin çağırışı ilə Azərbaycandan qardaş Türkiyəyə yollanan Azərbaycanın könüllü gəncləri təbii fəlakət nəticəsində zərərçəkən əhali üçün köməyə cəlb olunub. Bu gün minlərlə könüllü Azərbaycandan Türkiyəyə getmək üçün hazırdır. Zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə əməliyyatlar çox çətin olduğu üçün könüllülərin hadisə bölgəsinə planlı şəkildə gəlməsi üzərində iş gedir.
İnanırıq ki, qardaş Türkiyə xalqı ilə birlikdə bu ağır fəlakəti geridə qoyacağıq. Bundan sonra da dəstək və köməyimizi göstərəcəyik. Tanrı Türk xalqına güc, səbr və parlaq gələcək nəsib etsin. Yaşasın, Türkiyə-Azərbaycan birliyi!
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri