Dövlət başçısı İlham Əliyev müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində Türkiyə və İtaliya şirkətlərinin bu prosesdə fəal iştirakını xüsusi diqqətə çatdırdı
«Həm müharibədə qalib olmaq, xalqımızın ümidlərini doğrultmaq, eyni zamanda, qurub-yaratmaq - bundan böyük xoşbəxtlik ola bilməz. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir ki, xalqımız doğrudan da uzun illər ərzində əyilmədi və öz kimliyini unutmadı. Zəngilanın Ağalı kəndində uşaqların baxışlarını, gülüşlərini görəndə vallah, adam sanki uçur. Axı onlar bu yerləri ancaq kitablarda görüblər, məktəblərdə eşidiblər, valideynlərindən, babalarından, nənələrindən eşidiblər, amma indi gəliblər oraya. Torpaq çəkir və əminəm ki, bizim keçmiş köçkünlərimizin hamısı qayıdacaq.» Dövlət başçısı İlham Əliyev bu fikirləri 2023-cü ildə görüləcək işlərlə bağlı yerli televiziyalara ilin ilk müsahibəsində bildirdi. Təbii ki, hər bir hədəf əldə olunan uğurlara əsaslanır. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2022-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri, ilk olaraq mənəvi baxımından daha çox önəm daşıyan Zəfər yolunun təməlinin qoyulması bərpa və quruculuq işlərinin sonrakı mərhələsi barədə aydın təsəvvür yaratdı. Ölkə Prezidentinin hər bir səfəri tarixi hadisə olmaqla yanaşı, Böyük Qayıdışı daha da sürətləndirən mühüm addımlarla yadda qalır. Ötən iki ildən artıq dövrdə bu ərazilərdə infrastrukturun yenilənməsi, təkmilləşdirilməsi, yenidən qurulması prioritet məsələ kimi öndə dayandı. Bir mühüm hadisəni xüsusi qeyd etməliyik ki, 2021-ci ildə Qarabağın, ötən il isə Şərqi Zəngəzurun hava qapıları dünyaya açıldı. Bu mərasimlərin hər biri Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı ilə həyata keçirildi. Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsinin strateji və iqtisadi əhəmiyyəti geniş müzakirə olunur, gələcəkdə bu torpaqlarımızın böyük investisiyalar məkanına çevrilməsində rolu xüsusi vurğulanır. Üçüncü beynəlxalq hava limanı- Laçın aeroportu isə 2025-ci ildə istifadəyə veriləcək. Hər bir bölgədə yol infrastrukturunun təkmilləşdirilməsi sahibkarlığın inkişafında, həmin rayonların malik olduqları potensialdan səmərəli istifadə də mühüm rol oynayır. Cənab İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Priortietlər”də qarşıdakı dövrün əsas prioritetləri və icra mexanizmi öz əksini tapıb. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərlər ilə yanaşı, bu ərazilərimizin bərpasına, sosial-iqtisadi inkişafına yönələn Fərman və sərəncamları da silsilə xarakteri daşıyır. Ötən dövrdə sənaye zonalarının, istehsal obyektlərinin yaradılması və fəaliyyətinin təşkili, həmçinin bölgəyə investisiyaların cəlb edilməsi istiqamətində konkret addımlar atılıb. Ağdam Sənaye Parkının, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməli qoyulub, buraya potensial rezident və investorların cəlb edilməsi istiqamətində sahibkarlarla və dövlət qurumları ilə müvafiq iş aparılıb. Kənd təsərrüfatı sahəsində də mühüm tədbirlər həyata keçirilib. Taxıl əkini məqsədilə artıq on minlərlə hektar ərazidə şumlama işləri aparılıb, bitkiçiliyin, heyvandarlığın, arıçılığın inkişafı üçün prioritet istiqamətlər müəyyən edilib.
Bütün azad olunmuş ərazilər “ağıllı şəhər”, “ağıllı kənd” layihələri çərçivəsində bərpa olunur. Bu layihələrlə ölkəmizin imkanlarını, əzmini və gələcəyə baxışını nümayiş etdirmək niyyətimizi açıqlayan cənab İlham Əliyev daim bu fikri önə çəkir ki, böyük neft və qaz potensialına sahib, xam neft və neft məhsullarının, təbii qaz və elektrik enerjisi ixracatçısı olan Azərbaycan böyük məsuliyyət nümayiş etdirməli və “yaşıl enerji”yə fəal şəkildə sərmayə yatırmalıdır. Son zamanlar keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə ölkəmizin bu sahədə mövcud imkanları bir daha diqqətə çatdırılır. Fevralın 13-də «Gülüstan» sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində cənab İlham Əliyev bu reallıqlara diqqəti yönəltdi ki, azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərini, ilk növbədə, elektroenergetika sahəsindən başladıq. Artıq 10-dan çox yarımstansiya inşa edilib. İki ildə Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılıb və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaq. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradılsın.
Bərpaolunan enerji növlərinin inkişafı üçün Azərbaycanda çox böyük potensial olduğunu önə çəkən dövlət başçısı İlham Əliyev bildirdi ki, hazırda iki stansiya inşa edilir. Bunlar 470 meqavatlıq günəş və külək stansiyalarıdır. Üçüncü stansiyanın inşasına yaxın vaxtlarda başlanılacaq. Təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir.
Hədəflərə zamanında nail olmaq ilk növbədə azad edilmiş ərazilərimizdə yol infrastrukturunun bərpası prioritet məsələdir. Dövlət başçısı İlham Əliyevin çıxışlarında qeyd olunduğu kimi, necə ki, dəmir yumruq nümayiş etdirib torpaqlarımızı işğaldan azad etdik, eyni zamanda, bu birlik, həmrəylik əsasında bərpa və quruculuq işlərini uğurla başa çatdıracaq, soydaşlarımızın Böyük Qayıdışı həyata keçiriləcək. Azad edilmiş ərazilərimiz böyük turizm potensialına malikdirlər. 30 ilə yaxın dövrdə mənfur düşmən bu potensialdan istifadə edərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışıb. Hazırda beynəlxalq səviyyədə ekspertlər bu reallığı xüsusi qeyd edirlər ki, Vətən müharibəsində Ermənistanın məğlubiyyəti, torpaqların əsl sahibinə qayıtması işğalçı dövlətdə iqtisadi böhranı daha da dərinləşdirəcək. Qarabağ Azərbaycanın əsas turizm zonasına çevriləcək. Beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstəriləcək. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra Qarabağ turistlərin sevimli məkanlarından biri olacaq. O da məlumdur ki, işğaldan azad olunmuş ərazilərin müqayisəli üstünlükləri əsasında 4 regional mərkəzin yaradılması nəzərdə tutulub. Ağdamda sənaye mərkəzi, Cəbrayılda logistika və ticarət mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi, Kəlbəcərdə hasilat və turizm mərkəzi yaradılacaq. Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq. Onu da qeyd edək ki, Ağdam şəhəri ilk «ağıllı şəhər» olacaq.
Azərbaycanın yol infrastrukturunun bərpası və təkmilləşdirilməsi istiqamətində atdığı addımlar və uğurlu nəticələr beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyimizə əsas verir. Təkcə Davos Dünya İqtisadi Forumunun hesabatına diqqət yetirməklə ölkəmizin nəqliyyat infrastrukturunun yenilənməsinə və təkmilləşməsinə göstərdiyi diqqətin ümumi mənzərəsini təqdim edə bilərik. Azərbaycan əhalinin elektrik təchizatı səviyyəsinə görə dünya miqyasında ikinci yerdədir. Hökumətin dəyişməyə cavabdehliyi, yəni islahatçı obrazı əmsalına görə beşinci yerdə, hökumətin uzunmüddətli strategiyasına görə 10-cu yerdədir. İnfrastruktur layihələri ilə bağlı olaraq dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava yolları xidmətlərinin səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə isə 24-27-ci yerlərdədir. Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılmışdır. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir. Ölkə Prezdientinin 10 dekabr 2021-ci il tarixli «İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» Sərəncamı da işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılması kimi məqsədləri özündə ehtiva edir. Dövlət başçısı İlham Əliyevin 2022-ci il noyabrın 16-da imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamı bu torpaqlarımızda görülən işlərin miqyasının genişlənməsinə, Böyük Qayıdışın sürətlənməsinə yönələn mühüm addımlar sırasındadır. Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Sənədin əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir.
İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir. Bu ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir.
Dövlət başçısı İlham Əliyev bərpa-quruculuq işlərinə başlandığı ilk gündən bu çağırışı etdi ki, bütün dost ölkələrin bu prosesdə fəal iştirakını istəyirik. Cənab İlham Əliyev müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində, həmçinin bu mərasimdə iştirak edən İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən İtaliya şirkətlərinin fəaliyyətindən razılığını ifadə etdi. «İtaliya-Azərbaycan əlaqələri o qədər dərin və səmimidir ki, biz özümüz üçün ən vacib saydığımız layihələri məhz İtaliya şirkətlərinə həvalə etmişik. Məsələn, Bakı şəhərində, azad edilmiş bir çox şəhərlərdə Qələbə və İşğal muzeyləri İtaliya şirkətləri tərəfindən yaradılır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində dağılmış 3 məscid və yeni inşa edilən 1 məscid İtaliya şirkətləri tərəfindən bərpa olunur və inşa edilir. Yəni, bütün digər sahələrlə yanaşı, qeyd etdiyim bu layihələr bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu, bizim həm tarixi keçmişimizdir, eyni zamanda, Qələbəni əks etdirən yeni rəmzlər olacaq» söyləyən cənab İlham Əliyev bildirdi ki, İkinci Qarabağ müharibəsi başa çatandan bir ay sonra “Azərenerji” ilə “Ansaldo” arasında çox önəmli müqavilə imzalandı. İşğaldan azad edilmiş torpaqlar 10 min kvadratkilometrə bərabərdir. Müqayisə üçün qeyd edək ki, Livan boyda bir ərazidir. Bu ərazilərdə hər şey dağıdılıb. Biz hər şeyi yenidən qururuq: «İstəyirik ki, bu işlərdə daha çox İtaliya şirkəti iştirak etsin - həm inşaat, həm xidmət, həm sərmayə səhələrində, həm də kontraktor kimi. Artıq İtaliyanın “IVECO” şirkəti orada öz müəssisəsini yaratmağa start verib. Orada yük maşınlarının istehsalı nəzərdə tutulur. Ona görə gündəlik çox genişdir və əminəm ki, səfər zamanı bütün bu məsələlər geniş müzakirə ediləcək.»
Azərbaycan-İtaliya əməkdaşlığının yüksək səviyyədə olması bütün sahələrdə özünü qabarıq şəkildə büruzə verir. Hazırda hər bir ölkə üçün enerji təhlükəsizliyinin əsas məsələlərdən olduğu bir vaxtda Azərbaycan-İtaliya əməkdaşlığı uğurlu sonluqla başa çatan layihələrdə özünün aydın ifadəsini tapır. Reallıq budur ki, Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır. TAP layihəsi Azərbaycanla İtaliyanın birgə uğurudur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır. O cümlədən Avropanın yeni ehtiyaclarını nəzərə alaraq və keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənədə əsasən, Azərbaycan Avropa məkanına təbii qazın həcminin artırılmasını təmin edəcək. Ümumilikdə Azərbaycan İtaliya ilə «yaşıl kimya», «yaşıl enerji», «yaşıl enerji zonası», «ağıllı şəhər», «ağıllı kənd» konsepsiyaları əsasında sıx əməkdaşlıqda maraqlı olduğunu atdığı addımları ilə təsdiqləyir.
Bütün bunları sadalmaqda məqsədimiz budur ki, Azərbaycanın enerji sektorundan qazandığı uğurlar maliyyə imkanlarımızın genişlənməsi ilə müşayiət olunur ki, bu da qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə geniş imkanlar açır. Hazırkı dövrün əsas çağırışı Böyük Qayıdışın tam şəkildə həyata keçirilməsidir. Artıq bu mərhələ uğurla başa çatdıqdan sonra həmin ərazilərin malik olduqları potensialdan səmərəli istifadə edərək Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi üçün xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsinə əlavə imkanlar yaranacaq.
Yeganə Əliyeva, «İki sahil»