“Vardanyan planı” da iflasa uğradı
Ruben Vardanyanın "xilaskar" obrazında qəfildən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ iqtisadi rayonunun ermənilər yaşayan hissəsində peyda olması heç də təsadüfi deyildi. O, Qarabağa Nikol Paşinyanın hakimiyyətinə təhdid, danışıqlar prosesini pozmaq, regionda gərginliyi artırmaq üçün ezam edilmişdi. Vardanyanı Xankəndiyə göndərənlərin niyyətləri ondan qəhrəman obrazı düzəldərək bu qarargüruhçunun İrəvana yolunu açmaq idi. Vardanyanın separatçı rejim üçün bu qədər “iş görməsi” görüntüsünün fonunda isə Paşinyanın daha bacarıqsız və aciz kimi təqdim olunması diqqəti cəlb etməli idi. Amma nəticə başqa oldu: Vardanyan özünü “təsdiq” edə bilmədi, ümidləri doğrultmadı. Ruben Vardanyan ona tapşırılan "vəzifələri" yerinə yetirə bilmədiyinə görə bu günlərdə Xankəndidən Moskvaya qaçmalı oldu.
Vardanyan Qarabağa gəlməsinin məqsədinin buradakı ermənilərin həyat şəraitini yaxşılaşdırmaq olduğunu iddia etsə də, əslində, əsas hədəf Azərbaycanın qızıl və mis mədənlərini öz nəzarətinə keçirmək, daha da varlanmaq, eyni zamanda, separatçılığı daha da alovlandırmaq idi. Rubenin ilk vəzifəsi bu sərvətlərin Laçın yolu ilə Ermənistana daşınmasını təmin etmək, Azərbaycanın qızıl mədəninin istismarından əldə olunan gəlirlər isə Qarabağda mövcud vəziyyətin qorunub saxlanmasından faydalananların Moskva və İrəvandakı qara kassalarına axmalı idi. Qarabağ separatçılarına qoşulan zaman Azərbaycanın təbii sərvətlərini rahat şəkildə oğurlayacağını, beləliklə də həm özünün varidatını artıracağını, həm də havadarlarının ciblərini dolduracağını düşünən Vardanyanın elə ilk həmlədəcə oxu daşa dəydi. Azərbaycan dövləti Vardanyanın qeyri-qanuni hərəkətlərini ifşa etdi.
Azərbaycanlı ekofəalların ötən ilin dekabrın 12-dən başlayan və hazırda böyük coşqu ilə davam edən aksiyası isə separatçı “nazirin” və digər separatçıların əl-qolunu bağlamışdı. Artıq onlar Laçın-Xankəndi yolundan əvvəl olduğu kimi, rahat hərəkət edə, istədiklərini daşıya və ya gətirə bilmirdilər. Hətta Fransanın “köməyi” belə işə yaramadı - Ermənistan, separatçı rejim və onun havadarları heç bir beynəlxalq təşkilatda bu məsələ ilə bağlı ciddi addım ata bilmədilər. Beləliklə də Laçın yolundakı ekoaksiya Vardanyanın ilk fiaskosunu gerçəkləşdirdi.
Görünən odur ki, ekofəalların keçirdikləri dinc aksiya səbəbindən Vardanyan Qarabağdakı faydalı qazıntı yataqlarından çıxarılan qızılı və digər qiymətli metalları oğurlamaqda artıq çətinlik çəkirdi. Qarabağa pul qazanmaq məqsədilə gələn Vardanyanın əlavə mənfəət əldə edə bilməməsi onun buradan çıxıb getməsinə səbəb oldu. Necə deyərlər, fədakar və vətənpərvər Azərbaycan gəncliyi Ruben Vardanyana dərs verməklə onu layiq olduğu formada da yola saldı.
Vardanyanın qarşısına qoyulan, amma yerinə yetirilməyən ən mühüm şərtlərdən biri Qarabağ ermənilərini Azərbaycana qarşı birləşdirmək idi. Bu da alınmadı. Qarabağda yaşayan ermənilərin qarşısında pafosa güc verən Vardanyan arxasında heç bir real resurs olmadan danışırdı. Bu isə onun Qarabağ erməniləri qarşısında qeyri-ciddi obrazını formalaşdırırdı. Müharibə istəməyən sadə ermənilər Vardanyanın onlara “vəd etdiyi” yolla irəliləmək istəmədilər. Buna ən bariz sübut - Xankəndində 100 minlik etiraz aksiyası təşkil edəcəyini deyən, sonradan isə bu “qərarını” ləğv edən Vardanyan düşdüyü çıxılmaz durumu pərdələməyə çalışması idi. Sonradan “keçirdiyi” aksiyadan yayılan fotoşəkillər isə gülünc bir mənzərə formalaşdırırdı - 100 minlik dediyi “mitinqdə” 100 nəfər yox idi.
Vardanyanın avantürizmə söykənən absurd fikirlərinin həyata keçməsi üçün isə heç bir şansı yox idi. Onun yersiz müharibə çağırışının səbəbi və hədəfi də bəlli idi: 30 ilə yaxın Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazisində yaradılmış qondarma rejimin “ömürünü uzatmaq. Eyni zamanda, Ermənistan ilə Azərbaycan arasında gedən sülh danışıqları prosesində qondarma qurumun “tərəf” kimi danışıqlar aparması istiqamətində səylər göstərmək. Məqsəd ermənilərin Azərbaycanın daxilində hansısa statusla yaşamasını təmin etmək idi ki, Azərbaycanın həmin məsələdəki prinsipial mövqeyi bu gün də dəyişilməzdir – Bu, olmayacaq... Əksinə, Azərbaycan hər zaman bildirib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və ölkə Konstitusiyası ilə müəyyən olunmuş bütün hüquq və azadlıqlar onlara da şamil olunur. Azərbaycanın qəti mövqeyi belədir ki, kənardan gətirilib xüsusi qaydada statuslandırılan kiminləsə deyil, məhz Qarabağdakı ermənilərin içindən çıxmış və sözün əsl mənasında onları təmsil edə biləcək şəxslərlə müəyyən edilmiş səviyyədə dialoq apara bilər. Qarabağda yaşayan sıravi ermənilər isə artıq anladılar ki, onların üzərində qurulan oyunların qurbanına çevriliblər. Vaxtilə Robert Koçaryan və Serj Sarkisyan kimi, Vardanyan da onlardan istifadə edərək Ermənistanda hakimiyyəti ələ keçirmək, sərvət sahibi olmaq fikrindədir.
“Super nazir”in qaçması sadəcə rəzalətdir…
Ruben Vardanyanın gec-tez Azərbaycandan gedəcəyi məlum idi. Çünki anlayırdı ki, Azərbaycan öz ərazilərində hansısa separatçı meyillərin baş qaldırmasına imkan verməyəcək. Bəlli olan digər məqam da ondan ibarətdir ki, o, Qarabağdan qaçış planını heç də normal qaydada icra etməyib. Bu qaçışı o, sülhməramlı kontingentin avtomobilinin yük yerində gizlənməklə, çirkli paltarların arasında, özünəməxsus formada – qorxaqcasına, qadın libasında reallaşdırıb.
Vardanyanın Azərbaycandan qaçması bu torpaqların əsl sahibinin kim olduğunu dünyaya bir daha bəyan etdi. Vardanyanın qaçması bir daha onu göstərir ki, Azərbaycanın siyasi iradəsinin əksinə olaraq heç kim Qarabağda hər hansı qeyri-qanuni fəaliyyətlə məşğul ola bilməz. Onun da məqsədi yaşamaq yox, məhz talamaq idi. Amma bu arzusu gözündə qaldı. Vardanyanın qaçması onu da sübut etdi ki, Qarabağdakı ermənilər bir daha onunkimilərin boş, “şirin” vədlərinə inanmamalı, öz gələcəklərini müstəqil, firavan Azərbaycana inteqrasiyada görməlidirlər. Onlar anlamalıdırlar ki, bundan sonra da kimsə vardanyankimilərin Qarabağa, Azərbaycanın digər ərazilərinə göndərilməsinə cəhd etsə, ölkəmizin qəti, prinsipial mövqeyi, Ali Baş Komandanımızın “dəmir yumruğ”u ilə üzləşəcək.
Yaqut Ağaşahqızı, “İki sahil”