11 fevral 2023 00:25
670

Dərdinə dərdlənib, sevincinə sevinən....

Xəzərin sahilindən Anadoluya uzanan əbədi qardaşlıq, həmrəylik, birlik, sevgi seli

Azərbaycan hər zaman olduğu kimi, indi də qardaş ölkənin yanındadır və dəstəyimizi, həmrəyliyimizi nümayiş etdirməyə davam edəcəyik

Xəbər verildiyi kimi, Türkiyədə fevralın 6-da baş vermiş güclü zəlzələ böyük insan tələfatı və dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı artıq 19 minə çatıb. Bu dəhşətli zəlzələyə görə insan tələfatı ilə mübarizə aparan axtarış-xilasetmə qruplarına bir çox ölkələr dəstək verib. Dünyanın müxtəlif yerlərindən yardımlar gəlməkdə davam edir.

Prezident İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Dövlətimizin başçısı bu acı faciənin fəsadlarının aradan qaldırılmasına kömək etməyin bizim üçün şərəf olduğunu qeyd edib.

Dövlət başçısı İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə ölkəmizdə həyata keçirilən yardım tədbirləri davam etdirilir. Azərbaycanda dövlət və özəl qurumlar, eləcə də ayrı-ayrı şəxslər qardaş ölkəyə yardım edirlər. Ölkəmiz dəhşətli zəlzələ ilə əlaqədar qardaş Türkiyəyə humanitar yardımlar göndərir. Ölkəmizdə zəlzələ qurbanlarına ictimai yardım kampaniyası da davam edir. Bu yardım kampaniyasına ölkəmizin bütün bölgələri qoşulub. Toplanan yardımlar könüllülər tərəfindən çeşidlənir, qablaşdırılır, tırlara yüklənir və qardaş ölkəyə yola salınır.

Azərbaycan zəlzələdən zərər çəkənlər üçün yaxşı təchiz olunmuş səhra xəstəxanası, çadırlar, dərman və tibb ləvazimatları, qida məhsulları, ədyal, qızdırıcılar və müxtəlif materiallar göndərir. Həmçinin zəlzələ zonalarından birində yaradılan xəstəxanada azərbaycanlı həkimlər çalışır.

Azərbaycan vətəndaşları Türkiyədə zəlzələdən zərərçəkmişlərə yardım üçün hətta uzaqda yerləşən yaşayış yerlərindən yardım toplanma məntəqələrinə axın edirlər. Yardım kampaniyasına qoşulan minlərlə insan türk qardaşlarımıza öz dəstəklərini ifadə edirlər.

Türkiyənin Azərbaycandakı Səfirliyi, zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. Bildirilib ki, zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var. Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır. Yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasında toplanır. Hazırda isə orada yer olmadığından Səbail rayonu, Neftçilər prospekti, 26A ünvanında yerləşən Bakı İdman Sarayında qəbul edilir. Həmçinin, Türkiyənin Naxçıvandakı Baş konsulluğu zəlzələ ilə bağlı muxtar respublika sakinlərinə müraciət edib.

O da bildirilib ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş insanlara muxtar respublika sakinləri də yardım edə bilərlər. Yardımda iştirak etmək istəyənlər üçün zəlzələ bölgəsinə ehtiyac olan ləvazimatlar əsasən geyim, çadır, yataq, qızdırıcı avadanlıqlar və azyaşlı uşaqlar üçün lazım olan əşyalardır. Sözügedən ləvazimatların şəxsən və ya karqo yolu ilə Baş konsulluğa çatdırılması mümkündür. Ünvan Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 17-dir.

Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, Türkiyə ilə əsl qardaşlıq, birlik mövcuddur və bu da təbiidir. Ölkəmizdə fəaliyyət göstərən ictimai təşkilatlar da zəlzələ ilə bağlı dost ölkəyə öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verib. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulublar. Özəl şirkətlər də artıq fəaliyyətə keçiblər və həm maddi, eyni zamanda, texniki yardım göstərirlər. SOCAR da öz dəstəyini verir və bu şirkətin Türkiyədə böyük fəaliyyəti, imkanları var. Şirkətlər əlində olan bütün imkanlarla yardım etməyə çalışırlar. “AzərEnerji” və “Azərişıq” ASC-lər də yardım kampaniyasında xüsusi fəallıq göstərirlər. Azərbaycanın dövlət qurumlarının nümayəndələri də öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəaldırlar. Yəni, bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır.

Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvlərinin qardaş ölkədə zərərçəkənlərə yardım etmələri üçün müvafiq hərbi hissələrdə toplama məntəqələri yaradılıb. Hərbi qulluqçular və onların ailə üzvləri tərəfindən könüllü şəkildə gətirilən geyimlər və ərzaq məhsulları təyin olunmuş məntəqələrdə toplanıb, çeşidlənərək bağlamalara yığıldıqdan sonra yük avtomobili vasitəsilə Türkiyəyə yola salınır.

Vətəndaşlarımız tərəfindən başladılan yardımlar operativ və keyfiyyətli həyata keçirilir. İnanırıq ki, qardaş Türkiyə xalqı ilə birlikdə bu ağır fəlakəti geridə qoyacağıq. Bundan sonra da dəstək və köməyimizi göstərəcəyik.

Ümumiyyətlə, bu gün Türkiyə-Azərbaycan birliyinin mövcud səviyyəsi beynəlxalq sülh və rifaha töhfə verir. Yaxın əlaqələr sadəcə iki ölkəyə deyil, eyni zamanda, bölgəyə sülh və rifah gətirərək beynəlxalq birliyin sabitlik və sülh maraqlarına xidmət edir.

Cavid Əkbərov, “İki sahil”