O, hər iki ölkənin Ermənistan "sevgisinin" mahiyyətini izah edib
İndi ermənilər başa düşməyə başlayıblar ki, adları çəkilən ölkələrdən Ermənistana pullu, ya pulsuz silahların verilməsinin arxasında özəl maraqlar durur. Yəni, "sevgilər" mətbuatda xalqı aldatmaq üçün şüar xarakteri daşıyan və boğazdan yuxarı deyilmiş fikirlərdir, arxasında isə heç bir sevgi-filan yoxdur. Məsələ ondadır ki, bu fkri hansısa bir erməni deyil, Ermənistana rəhbərlik edən üç şəxsdən biri söyləyir, özü də harada, ölkənin ali qanunvericilik orqanında, deputatların qarşısında.
“İran geosiyasi dəyişikliklərin qəbuledilməzliyini bəyan edəndə bunu ilk növbədə özü üçün edir”.
Erməni mediasına istinadən xəbər verilir ki, bu sözlər Ermənistan parlamentinin spikeri Alen Simonyan tərəfindən Xarici əlaqələr üzrə daimi komissiyanın sədrinin seçilməsi məsələsinin müzakirəsi zamanı səsləndirilib.
Parlament sədrinin sözlərinə görə, İranın əslində Ermənistan üçün ürəyi getmir. “O, dövlət maraqlarından çıxış edərək silah satır və onun daşınması ilə məşğul olur. Eyni şey Rusiyaya da aiddir. Sizcə, Rusiya öz maraqlarını bir kənara qoyub deməlidir: “Biz erməniləri çox sevirik. Yaxşı konyakları var. Onda gəlin onlar üçün nəsə edək?.. Əlbəttə, yox. Bütün ölkələrin, o cümlədən bizim də öz maraqlarımız var”, - Simonyan bildirib.
Parlament sədri əmin edib ki, Ermənistanın Qarabağ problemindən başqa qlobal problemi yoxdur. “Bizim Qarabağdan başqa nə problemimiz var? Biz 30 ildir bu məsələ ilə məşğuluq. 30 ildən sonra nə oldu? Müharibə başladı”, - Simonyan deyib.
Təbii ki, məğlubiyyəti etiraf etmək sərf eləmədiyi üçün Simonyan sözünü çox da uzatmayıb. Yoxsa deməli idi ki, bizi Azərbaycanla müharibəyə təhrik edənlərin arasında həmin ölkələr də vardı, lakin Azərbaycan onların dəstəklərini darmadağın etdi.
Simonyanın bu fikri ilə razılaşmamaq olmaz. Əlbəttə, həqiqətən də adı çəkilən dövlətlərin Ermənistanda ciddi maraqları var. Məsələn, İran şirkətləri uzun illərdir ki, Ermənistanla ticarəti davam etdirir və külli miqdarda pullar qazanırlar. Bu hesaba İrəvanda bəzi məscidlərdə və digər tarixi abidələrdə saxta düzəlişlər edərək onları farslaşdırırlar. Gələcəkdə hansısa iddiaları ortaya qoymaq üçün. İran narkobaronları bu ölkənin ərazisindən narkotik maddələr ixracında tranzit kimi istifadə edir, bu yolla yüz milyonlarla dollar qazanırlar. Xarici ölkələrdə saxladıqları terror dəstələrini, xüsusi xidmət orqanlarının casuslarını həmin pullarla maliyyələşdirirlər. İran nə üçün özünü oda-közə vurur ki, Azərbaycan Ermənistanın içərilərinə qədər irəliləməsin? Çünki o zaman onun çirkli işləri görünəcək və bir daha ifşa ediləcəkdir. Ona görə də İran rəhbərləri “Zəngəzur bizim qırmızı xəttimizdir” deyirlər. Bəs necə, o ərazidən daşınıb dünyaya yayılan “ağ ölüm”ün alverindən yüz milyonlara sahib olan İranın gəlir mənbəyinin əldən çıxması onu qəzəbləndirir. Ona görə də guya Ermənistana canı yanırmış kimi “sərhədlərin dəyişdirilməsinə” qəti etiraz edir, açıq mətnlə Azərbaycana hədə-qorxu gəlir. Hətta bu istiqamətə ordu yığmaqla özünü Ermənistana daha da şirin satır. Qarabağa casusların göndərilməsi, iranlı gənclərin erməni əsgəri geyimində silahlandırılıb döyüşlərə cəlb edilməsi də bu məqsədə xidmət edir.
Artıq o zaman gəlib ki, həm Rusiyanın, həm də İranın Ermənistana təmənnalı siyasətinin üstü açılıb və ermənilər onların iç üzlərini özləri açıb ifşa edirlər. Vaxt gələcək ki, Rusiyaya qarşı başlanmış narazılıqlar İrana qarşı da yönələcək, görək onda da farslar ermənilərə "qardaş" deyəcəklərmi? İndiyədək İrana qardaş deyən biri olmayıb Ermənistandan başqa. Bu da həqiqi və səmimi olmadığı, qarşılıqlı inama bağlanmadığı, təmənnalar üzərində qurulduğu üçün keçici bir münasibətdir. Sonu tez çatacaq.
Vəli İlyasov, "İki sahil"