10 fevral 2023 22:57
687

Azərbaycan-Türkiyə: Sarsılmaz birlik nümunəsi

ÇARƏSİZLİK... Köməksiz vəziyyətdə qalmaq, özünə belə kömək edə bilməmək, digərlərinin ciddi köməyinə və dəstəyinə möhtac olmaq, bəzən elə bir vəziyyətin gərgin olması, faciə elementlərinin çoxalması, çıxılmaz vəziyyət yaranması səbəbindən artıq yaşamağa ümidin itməsi üzrə olduğun bir andır. Fevralın 6-da baş vermiş dağıdıcı zəlzələnin qardaş Türkiyənin 10 vilayətində 13,5 milyon insanı düşürdüyü acınacaqlı durumu, məhz, bir sözlə yuxarıda bəhs etdiyim çarəsizlik adlandırardım. Belə olmasaydı, XXI əsrin görünməmiş fəlakəti adlandırılan bu zəlzələ 20 minə yaxın insanın həyatına son qoymaz, 70 min insanı da yaralamaz, neçə-neçə vətəndaşları ağır beton dirəklər, soyuq torpaq altında saxlamaqla, ölüm anına şahidlik etməzdi. Bu rəqəmlər son deyil. Zəlzələ qurbanlarının sayının artacağı istisna olunmur. Çünki dağılmış binaların sayı 5-7 mindir. Ən acınacaqlısı odur ki, indinin özündə həmin dağıntılar altında yaşam mücadiləsi aparan neçə-neçə köməksiz uşaq, qoca, cavan kişi-qadın vardır ki, amma biz onları xilas etməkdə acizik.

Zəlzələnin baş verməsindən kritik saatlar keçməsinə baxmayaraq Allahın möcüzələrinə də şahidlik edirik. Son 10 ildə qeydə alınan bu böyüklükdə dağıntılar altından 4-5 gün keçməsinə baxmayaraq ac-susuz, soyuq beton altında sağ qalmaq ancaq və ancaq Uca Yaradanın lütfüdür.

Ailə üzvlərini itirənlərin düşdüyü durum canımızdan can qoparır, damarlarımızdakı qanı dondurur. Dağıntı altında qızının cansız bədənini görüb, onun soyuq əlini isti əlinə alıb, sanki bununla təskinlik tapmağa çalışan qardaşımızın düşdüyü vəziyyət və ya övladını qucağına alaraq onu qoruyub, özü həlak olan ailə başçısının ürəklərimizə çəkdiyi miskinlik rəsmi vallah sözün bitdiyi yerdir. Yaxud beton parçanın altında fəlakətin baş verməsindən keçən 100-cü saatda qurtarılan 20 günlük günahsız tifilin  məsum üz cizgilərinə baxıb soyuqqanlı davrana, fikrimi ifadə etməyə söz tapa bilmirəm, qeyri-ixtiyari gözlərimdən yaş axır.

Statistik məlumatlara görə, zəlzələ bölgəsinə 65 ölkədən xilasedicilər, humanitar yardımlar göndərilir. İlk kömək əlini uzadan isə təbii ki, can Azərbaycandır. İstər bölgəyə təhkim olunmuş xilasedicilərimizin sayına, istərsə də humanitar yardımların həcminə görə dünya ölkələri sırasında ilk yerdəyik. Əlbəttə belə olmalıdır. Böyük şairimiz Bəxtiyar Vahabzadə söz xatirinə yazmayıb ki:

... Eşidincə ata yurdda depremi,
Axdı yaşım, döndü başım, Türkiyə.
Hər dərdimin, hər qəmimin ortağı
Can qardaşım, qan qardaşım, Türkiyə.

Varmı qəza, varmı bəla, de, bunca?
Səninləyik biz ki ömür boyunca.
Faciəni biz uzaqdan duyunca,
Gözlərimdən axdı yaşım, Türkiyə.

Öz hökmü var hər zamanın, hər anın,
Yaman gündə yanındayıq biz sənin.
Ana yurdda Vətənimsən, Vətənim,
Vətənimdə vətəndaşım, Türkiyə...

Necə ki, ölkəmizin 44 günlük Vətən müharibəsində böyüyündən kiçiyinə, məmurundan sıravi vətəndaşına qədər sözü və əməli ilə Türkiyə yanımızdaydı, bu gün də biz onların yanındayıq. Heç yadımızdan çıxmaz: Müharibənin ilk saatlarından Türkiyə cümhurbaşkanı Rəcəb Təyyib Ərdoğan bütün dünyanı öz üzərinə çəkərək açıq-aşkar elan etdi ki, biz can və qan qardaşlarımızın yanındayıq. “Azərbaycanın ərazi bütövlüyü Türkiyənin qırmızı xəttidir. Əgər üçüncü ölkə bu münaqişəyə müdaxilə edərsə, babamızın övladı olsa belə bir an belə durmarıq”, sözləri gücümüzə-güc qatdı və bəzi yaramaz ölkələri, və saxta din qardaşlarımız olan qonşularımızı erməni bacılarına açıq dəstək verməyə və bu yolla müharibənin miqyasının genişlənməsinə mane oldu. Ona görə, Prezident cənab İlham Əliyev zəlzələnin ilk saatında Ərdoğana telefon zəngi edərək xalqımızın başsağlığını çatdırmaqla, xilasedici dəstələrin artıq yolda olduğunu söylədi. Ardınca da humanitar yardım dolu yük təyyarələrimiz yola salındı. 

Çevik xilasetmə qüvvələrimiz də güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarında uğurları sıralamaqdadır. Qısa vaxt keçməsinə baxmayaraq 46 nəfəri sağ çıxarmaları ilə bizi hədsiz sevindirirlər.

Çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə təkcə, Azərbaycan dövlətinin deyil, şəhərdən ən ucqar kəndə qədər dörd bir yanda yaşayan vətəndaşlarımızın başlatdıqları genişmiqyaslı yardım kampaniyası bu xalqın nə qədər BÖYÜK olduğunu göstərir. İndi eyni ilə Vətən müharibəsindəki birliyimizi, həmrəyliyimizi təkrar nümayiş etdiririk.

Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan xalqı könüllü olaraq zəlzələ qurbanlarına, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Sözün əsl mənasında, kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Hətta gödəkcənin ciblərinə konfet, çərəz qoyurlar ki, onu geyinəcək zəlzələdən əziyyət çəkənlər ac qalmasın. Belə manqal kimi ürək sahibləri olan millət əvvəl-axır var olacaq. Bütün bu xeyirxah addımlar həm ulu öndər Heydər Əliyevin dillər dastanı olan “Bir millət, iki dövlət!” deyiminin sözdə yox, əməldə sübutu, həm də hətta çətin vəziyyətlərdə bu böyük xalqlarımızın sarsılmaz birliyinin nümayişidir.

Bəli, Türkiyə-Azərbaycan artıq bir yumruq halına gəlib, bir bədəndə bir ürək, bir can olub. Dünya durduqca, sona qədər də belə də olacağına şübhəmiz yoxdur. Allah birliyimizi, bütövlüyümüzü daha da möhkəmləndirsin, inşallah!

Əminik ki, güclü və qüdrətli Türkiyə dövləti də əvvəlki zəlzələlər kimi bu çətinliyin öhdəsindən gələcək, tarixin sınağından üzüağ çıxacaq, yoluna daha inamla davam edəcək. Burada da mərhum şairimiz B.Vahabzadənin misraları köməyimə gəlir:

...Sən çıxmısan tarixdə çox sınaqdan,
Dönməmisən nə gerçəkdən, nə haqdan.
Ey zamanın yollarında hər zaman
Mənim arxam, yol yoldaşım, Türkiyə.
Bu taleyi nə yamanla, nə qına,
Dönəcəksən sən dünənki çağına.
Qurban olum sinəndəki dağına,
Uca başım, əməldaşım, Türkiyə...

Tanrı türk qardaşlarımızın yar və yardımçıları olsun, Amin!!!

Əfsun Sucayev,
YAP İdarə Heyətinin üzvü, elmlər doktoru