10 fevral 2023 14:40
566

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə böyük töhfə verir

Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarındakı çıxışında deyib ki, təbii qaz ehtiyatlarımız bizim və tərəfdaşlarımız üçün ən azı yüz il kifayət edəcək.

Dövlətimizin başçısı qeyd edib ki, bu gün biz gələcəyə doğru baxırıq, yaşıl enerji ilə bağlı Məşvərət Şurası yaranıb: “Cəmi dörd ölkə var və heyət kifayət qədər kiçikdir. Lakin onun böyüməsi potensialı var. Nəinki hökumətlər, o cümlədən şirkətlər də belə mühüm təşəbbüsdə iştirak etməyə maraq göstərəcəklər.”

Bu gün Azərbaycan nəinki qaz hasilatını və ixracını artırır, həmçinin onun coğrafiyasını genişləndirir. Ölkəmizin ixracı 2021-ci ildə təxminən 19 milyard, ötən il 22,6 milyard kubmetr olub. Bu il isə 24,5 milyard kubmetr olması planlaşdırılır. Bu, göstərir ki, Azərbaycanla Avropa Komissiyasının imzaladığı Anlaşma Memorandumu çərçivəsində layihəyə qoşulmuş ölkələr bunun faydasını artıq görürlər. Həmçinin digər interkonnektorlarla Avropada daha çox ölkəni layihəyə qoşa biləcəyik.

Dünyanın ən nüfuzlu enerji şirkəti olan BP Azərbaycanla, o cümlədən SOCAR ilə dünyada ən güclü tərəfdaşlıq əlaqələrinə malikdir. Öz növbəsində ölkəmizin ən möhkəm tərəfdaşı BP şirkətidir. Ölkəmizin bu şirkətlə qarşılıqlı inama əsaslanan əməkdaşlığının zəngin tarixi və parlaq gələcəyi var. Uzun illər Azərbaycanla əməkdaşlıq edən BP şirkətinin bu tərəfdaşlığa daim sadiq qalması və uğurlu nəticələr qazanması optimal strateji yanaşma və səmərəli birgə fəaliyyətin göstəricisidir. Cənub Qaz Dəhlizi kimi olduqca mürəkkəb və nəhəng bir layihənin SOCAR və BP şirkətləri tərəfindən vaxtında, qrafikə uyğun olaraq, yüksək keyfiyyətlə və smetadan aşağı qiymətə tamamlanması beynəlxalq miqyaslı bir nümunə kimi qiymətləndirilib.

Belə ki, BP şirkətinin Azərbaycan və SOCAR ilə münasibətləri çox sıx, səmimi və səmərəlidir, qarşılıqlı səylərlə yaranmış əməkdaşlıq modeli ən yüksək səviyyədə inkişaf edir. BP şirkətinin rəhbərliyi biznes əlaqələrinin davam etdirilməsində, hasilatın stabil saxlanılmasında və artırılmasında, eləcə də yeni yataqların kəşfi istiqamətində səylərin bundan sonra da davam etdirilməsi əzmində olduqlarını, bunun üçün həm iradə, həm də geniş resursların mövcud olduğunu bildirib. Azərbaycanla əməkdaşlığın daim şirkətin dayağı olduğu, bu əməkdaşlığın daha da genişləndirilməsinin BP-nin biznes maraqları ilə uzlaşdığı vurğulanıb.

BP şirkəti, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji ilə bağlı ölkəmizin bəyan etdiyi kimi, “yaşıl enerji” ərazisinə transformasiya etmək işinə xidmət edir. Bu işlər böyük potensiala malikdir. Çünki Azərbaycan qonşu ölkələrlə şaxələndirilmiş enerji bağlantılarına malikdir və ölkəmizdə tələbatdan artıq enerji istehsal olunur.

Azərbaycanda yaşıl enerji potensialı çox böyükdür və bu, artıq təsdiq olunub. Təkcə Xəzər dənizində külək enerjisi potensialının 157 qiqavat olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Quruda isə külək və günəş enerjisi potensialı 27 qiqavatdır. İki il əvvəl Vətən müharibəsi nəticəsində işğaldan azad etdiyimiz ərazilərdə külək və günəş enerjisi potensialı 10 qiqavatdan çoxdur. Biz Naxçıvan Muxtar Respublikasında da böyük potensial müəyyən etmişik. Hazırda biz 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq.”

Bu gün Azərbaycanda “Masdar” və “ACWA Power” kimi investorlarla birgə iki investisiya layihəsi həyata keçirilir. Bu, günəş və külək enerjisinin istehsalına aiddir. Onların ümumi gücü 470 meqavatdır. Dövlətimizin başçısı bu sahədə BP şirkəti ilə də layihənin icrasına başlanılacağını vurğulayaraq qeyd edib: “İşğaldan azad edilmiş Cəbrayıl rayonunda 240 meqavatlıq enerji stansiyası yaradacağıq. Qarşıdakı illərdə biz milyardlarla kubmetr təbii qaza qənaət edəcəyik.”

Hazırda Azərbaycanda reallaşan investisiya layihələri (günəş, külək elektrik stansiyası) ölkəyə əlavə 700 meqavatdan çox təmiz yaşıl enerji verəcək. Bununla paralel olaraq, dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Beləliklə, Azərbaycan öz ixracatını uğurla şaxələndirir və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə böyük töhfə verir.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri