Son illərdə Azərbaycan və Avropa İttifaqının təşəbbüsü ilə hər il Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bəri Avropa İttifaqı bu tədbirlərdə ən yüksək səviyyədə təmsil olunur.
Prezident İlham Əliyev 2023-cü ilin 3 fevral tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu ve Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışı zamanı enerji təhlükəsizliyinin həqiqətən milli təhlükəsizlik məsələsi olduğunu xüsusi qeyd etmişdir.
Bu məqamda xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsasları, onun təmin olunması prinsipləri öz əksini “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanan və 1994-cü ildən həyata keçirilən yeni neft strategiyasında tapmışdır. Görkəmli lider Heydər Əliyev yeddi ölkədən on bir xarici neft şirkətini inandırmağa müvəffəq oldu ki, yenicə müstəqillik əldə etmiş gənc bir dövlətə sərmayə qoysunlar. Tarixdə ilk dəfə olaraq xarici şirkətlər Xəzərdəki neft və qaz yataqlarının işlənilməsində iştirak etməyə başladılar. Bu dövrdən Azərbaycanın yeni neft strategiyası və onun doktrinası uğurla başladı.
Enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin struktur elementlərindən biri olaraq həlledici yerə və rola malikdir. Enerji təhlükəsizliyi bu gün də dünya dövlətlərinin bir nömrəli gündəm mövzusu olmaqda davam edir. Enerji təhlükəsizliyinə olan diqqət artan yüksək neft qiymətləri ilə əlaqələndirilir. Bununla yanaşı, terror təhlükəsi, bəzi ixracatçı ölkələrdəki qeyri-sabitlik, geosiyasi rəqabət, həmçinin ölkələrin iqtisadiyyatının genişlənməsini təmin etmək enerjiyə olan ehtiyacı daha da artırır. Çox uzaq gələcəkdə deyil, qarşıdan gələn onilliklərdə dünyanın enerji tələbatını ödəmək üçün kifayət qədər mənbələrin olub-olmayacağına dair narahatlıq artmaqda davam edir.
Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir.
Geosiyasi ədəbiyyatda hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin mühüm tərkib hissələrindən biri kimi dəyərləndirilir. Enerji təhlükəsizliyi dedikdə, bütün ölkənin, onun vətəndaşlarının, cəmiyyətin, iqtisadiyyatın yanacaq və enerji təchizatı vasitəsilə xarici və daxili təhdidlərdən müdafiəsi nəzərdə tutulur. Enerji təhlükəsizliyinin ən əhəmiyyətli faktorları arasında isə "enerjinin fasiləsiz axınının təmin edilməsi, mənbə müxtəlifliyinin artırılması və enerji mənbələri üçün alternativ tranzit yollarının" yaradılması yer alır. Bundan başqa, enerji təhlükəsizliyinin üç halda təmin olunması mümkündür. Bunlar təminat təhlükəsizliyi, tələb təhlükəsizliyi və tranzit təhlükəsizliyi məsələsidir. Enerji təhlükəsizliyini təşkil edən faktorlardan biri olan təminat təhlükəsizliyi "bir ölkənin inkişafı üçün zəruri olan, kafi miqdarda keyfiyyətli və ətraf mühitə zərər verməyən enerjinin məqbul qiymətlərlə və kəsintisiz olaraq təmin edilməsi" şəklində yekunlaşdırıla bilər. Digər tərəfdən, enerji mənbələrinə sahib olan ölkələr üçün tələb təhlükəsizliyi əhəmiyyət kəsb edir. Buna əlavə olaraq, enerji resurslarının nəqli yolunda olan ölkələr baxımından enerji nəqli təhlükəsizliyinin önə çıxan bir faktor olduğu ifadə edilə bilər Enerji təhlükəsizliyinin hər kəs tərəfindən qəbul olunmuş vahid tərifi yoxdur. Əgər inkişaf etmiş ölkələr üçün bu, əlverişli qiymətlərlə kifayət qədər tədarükün olmasıdırsa, enerji ixrac edən ölkələr üçün ise öz ixracatlarında “tələbat təhlükəsizliyini” qorumağa çalışmasıdır.
Bu gün Avropanın enerji təhlükəsizliyində Azərbaycan yeni, yeganə, alternativ eneji mənbəyi funksiyasına malikdir. Cənub Qaz Dəhlizi layihəsi ilə Orta Asiya və Xəzər bölgəsindən Avropaya təbii qazın nəql edilməsi enerji təhlükəsizliyinin alternativ və etibarlı yollarındandır. Bundan əlavə, Azərbaycan Respublikası zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq və enerji infrastrukturuna və enerji sisteminə malikdir. Azərbaycanın dünyanın enerji sistemində artan əhəmiyyətli rolu, transmilli enerji bazarlarında özünəməxsus yeri və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı qlobal, regional, geosiyasi və geoiqtisadi mövqeyinə mühüm təsir göstərir. Bütün bu amilləri nəzərə alaraq Avropa İttifaqı Azərbaycanla münasibətlərinə xüsusi diqqət yetirir.
Aidə Manafova,
YAP Xətai rayon təşkilatı "Qaçaq Nəbi 13" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü