09 fevral 2023 13:52
607

Enerji layihələri Azərbaycan-Rumıniya tərəfdaşlığını gücləndirəcək

Azərbaycanla Rumıniya arasında uzunmüddətli sıx əməkdaşlıq, fəal siyasi dialoq mövcuddur. Son illər ərzində yüksək səviyyəli siyasi-iqtisadi əlaqələr qurulub

Rumıniyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyib. Bu ölkələrin əməkdaşlığı strateji tərəfdaşlığa dair imzalanan iki sənədlə daha da möhkəmlənib. Azərbaycanın və Rumıniyanın prezidentləri 2022-ci il dekabrın 17-də Buxarestdə, 2023-cü il fevralın 2-də isə Bakıda görüşüb. Rumıniya Prezidenti Klaus Yohannisin ölkəmizə rəsmi səfəri qarşılıqlı maraqlara xidmət edən məsələlərin, mühüm regional layihələrin müzakirəsi, əməkdaşlığın yeni səhifələrinin təkrar nəzərdən keçirilməsi üçün əlverişli imkan yaratdı.

Azərbaycanla Rumıniya arasında ticari-iqtisadi əlaqələr dinamik xətlə inkişaf edir və bu, çox sevindirici haldır. İki dəfədən çox artan ticarət dövriyyəsinin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. SOCAR Rumıniyada artıq uzun müddətdir ki, uğurla fəaliyyət göstərir. Ümumiyyətlə, dünyada enerji sahəsində əməkdaşlığın aktuallığı Rumıniya ilə Azərbaycanı qaz ixracı məsələsində də fəal şəkildə bir araya gətirir. Azərbaycan Prezidentinin Rumıniyaya səfəri zamanı təbii qazın bu ölkəyə çatdırılmasına dair saziş imzalanıb. Ölkəmiz bu ilin yanvar ayından etibarən Rumıniyaya əlavə qaz həcminin nəqlinə başlayıb. Rumıniya Azərbaycan qazının Avropa məkanında yeni ünvanıdır. Azərbaycan qazı Rumıniya vasitəsilə digər Avropa ölkələrinə də nəql ediləcək və bu, iki ölkə arasında əməkdaşlığın yeni mərhələsi olacaq. Rumıniya Prezidentinin Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının açılış mərasimində iştirakı da elə bu məqsədə xidmət edir.

Avropanın Cənubi Qafqaz ölkəsi kimi Azərbaycana bəslədiyi xüsusi münasibət onunla bağlıdır ki, ölkəmiz digər regional layihələr kimi, Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini də uğurla icra etdi. Bu gün Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrilib. 2022-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Bu, o deməkdir ki, Azərbaycandan Avropa məkanına qaz ixracatı sürətlə artır, beləliklə, ölkəmiz enerji təhlükəsizliyinə davamlı şəkildə böyük töhfələr verir.

Azərbaycanla Rumıniyanın iqtisadi əməkdaşlığında neft və qaz məsələsi kifayətedici deyildir və ölkə rəhbərləri bunu öz bəyanatlarında xüsusi vurğulayırlar. Rumıniya yaşıl enerji, ticarət, sərmayə qoyuluşu, rəqəmsallaşma və kənd təsərrüfatı, yaşıl enerji sahələrində əməkdaşlığa maraqlıdır. Eyni şəkildə Azərbaycan da bu sahələr üzrə əməkdaşlığın qurulmasına və genişləndirilməsinə  maraq göstərir.

Prezident İlham Əliyevin Buxarestə səfəri zamanı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Saziş imzalanıb. Bu, onu ifadə edir ki, yaşıl enerji sahəsi də beynəlxalq əməkdaşlıqda öz aktuallığını artırıb və ölkələri mütəmadi olaraq bu istiqamətdə bir araya gətirir. Bu, ən bahalı layihələrdən biri hesab olunur. Çünki söhbət Azərbaycanda bərpaolunan enerji resurslarından istehsal edilmiş elektrik enerjisinin nəqli üçün gələcək dənizaltı kabelin çəkilməsindən gedir. Avropa Komissiyasının dəstəklədiyi bu layihə də Cənub Qaz Dəhlizi kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə sayıldığı üçün tezliklə reallaşmasına əminlik yaradır. 

İki ölkə arasında əməkdaşlıqda nəqliyyat sahəsi də prioritetdir. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var və Rumıniya Prezidentinin səfəri zamanı bu məsələ də xüsusi  vurğulandı.

Beləliklə, Azərbaycan-Rumıniya əlaqələrinin hazırki mərhələsi deməyə əsas verir ki, bu əməkdaşlıq neft-qaz, yaşıl enerji dəhlizləri, həmçinin nəqliyyat sahəsində uğurlu nəticələrə gətirib çıxaracaq.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri