09 fevral 2023 12:35
535

Azərbaycan uğurlu enerji siyasəti ilə Avropanın enerji təhlükəsizliyinə töhfə verir

Bu gün Azərbaycanın uğurlu enerji siyasəti, həyata keçirilən enerji layihələri, region və Avropa dövlətləri ilə enerji sahəsində əməkdaşlıq ölkəmizin beynəlxalq aləmdə mövqeyini daha möhkəmləndirir. Bu layihələr sırasında xüsusilə Cənub Qaz Dəhlizini vurğulamaq istərdim. 29.10.2013-cü il tarixində prezident İlham Əliyev “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” və 25.02.2014-cü ildə "Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalamışdır. 20 sentyabr 2014-cü ildə dəyəri 40 milyard dollar olan “Cənub Qaz Dəhlizi”nin təməli qoyulmuş və  29 may 2018-ci il tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun 2018-ci il tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olmuşdur.

Cənub Qaz Dəhlizi layihəsinə üzv ölkələrin nümayəndələrindən ibarət Məşvərət Şurasının yaradılması haqqında ilk təşəbbüs də prezident İlham Əliyev tərəfindən irəli sürülmüşdür və ilk toplantı 12fevral 2015-ci ildə keçirilmişdir. Və bundan sonra ildə bir dəfə olmaqla hər il layihənin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin nazirlərindən ibarət toplantılar həyata keçirilir. Cari il üçün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin nəzərdə tutulan IX iclası 03.02.2023-cü il tarixində keçirilmişdir. İclas eyni zamanda Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin ilk iclasını da əhatə etmişdir.  

İclasda Prezident İlham Əliyev, Rumıniyanın Prezidenti Klaus Yohannis, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson çıxış etmişdir. Prezident İlham Əliyev çıxışı zamanı vurğulamışdır ki, bu gün Azərbaycanın enerji resursları Avropaya qaz ixracımızı 2027-ci ilə qədər iki dəfə artırmağı imkan verir. Bu baxımdan Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışan dövlət başçısı layihə çərçivəsində Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, Rumıniya, Moldova və Macarıstan dövlətləri ilə tərəfdaşlığın xüsusi əhəmiyyətini qeyd etdi. Prezident İlham Əliyev eyni zamanda davamlı dəstəyə və rəhbərliyinə görə Avropa Komissiyasına, ABŞ və Böyük Britaniya  hökumətlərinə təşəkkürünü bildirdi.

Yuxarıda qeyd etdiyimiz kimi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında eyni zamanda Yaşıl Enerji Məşvərət Şurasının ilk iclası da keçirildi. Yaşıl enerji qazdan başqa bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsini nəzərdə tutur. Yaşıl enerji istehsalı və onun nəqli ilə bağlı 17 dekabr 2022-ci ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında razılaşma imzalanmışdır və gələcəkdə bu tərəfdaşların sayı artacaqdır.  Bu gün Azərbaycanın bərpaolunan enerji imkanları olduğunu qeyd edə bilərik. İşğaldan azad olunmuş torpaqlarımızda da Yaşıl enerjidən istifadə üçün  geniş imkanlar yaradılır.

Enerji sahəsində Azərbaycanın Avropa İttifaqı və region ölkələri ilə əməkdaşlığı təbii qazın hasilatı ilə bərabər ixracının da artırılmasına, enerji təhlükəsizliyinin gücləndirilməsinə, iqlim təhlükəsizliyinə töhfə verəcəkdir.

Sədrəddin İmanov,
YAP Xətai rayon təşkilatının "Xudu Məmmədov 3" ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini