09 fevral 2023 12:15
648

Enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsidir

Enerji təhlükəsizliyi həmçinin milli təhlükəsizlik məsələsidir. Biz yeni    marşrutların qurulması və yeni resursların cəlb olunması sahəsində işləyirik. İndi görürük ki,bu heç vaxt olmadığı qədər vacibdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Müasir dövr beynəlxalq münasibətlэrdə, dövlətlərin xarici siyasətlərində prioritet verdiyi əsas istiqamət təhlükəsizlik probleminin həllidir. Son zamanlar isə təhlükəsizlik problemi daha geniş çərcivəni əhatə etməklə öz tərkibini yeni anlayışlar hesabına genişləndirib. Bunlardan biri və ən vacibi enerji təhlükəsizliyidir. Enerji təhlükəsizliyi anlayışı qlobal məkanda son 50 ilin daha çox işlədilən ifadəsi olsa da, vahid konseptual mənada ona hələki tərif verilməyib. Bu gün müasir dünyada enerji təhlükəsizliyi milli iqtisadiyyatın, müstəqilliyinin və inkişafının təminatçısıdır. Belə ki,enerji təhlükəsizliyinin müasir dövrdə həm iqtisadi, həm də siyasi cəhətləri mövcüddür. Enerji təhlükəsizliyi sahəsində tədqiqatçı Daniel Yergin “Foreign Affairs” jurnalının 2006-cı il tarixli sayında qeyd edir ki , enerji təhlükəsizliyi tarixin bütün dövrlərində ən önəmli məsələlərdən biri olub və indi də elədir.Enerji təhlükəsizliyi artıq yalnız özü özünü ifadə etmir, o  həm də dövlətlərarası münasibətləri müəyyən edən faktor kimi çıxış edir.

Azərbaycan Respublikası  1991-ci ildən, müstəqilliyini bərpa etdikdən sonra, dövlətimizin xarici siyasətinin ən vacib istiqamətlərindən biri məhz enerji siyasəti olmuşdur.

Azərbaycan hökümətinin həyata keçirdiyi siyasət nəticəsində bu gün enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb. Beynəlxalq sistemin əsas güc mərkəzləri olan dövlətlər-ABŞ və Avropa Birliyi ölkələri təbii enerji ehtiyatları ilə zəngin olan Xəzər hövzəsi və Azərbaycana ciddi maraq göstərərək onun yeni enerji strategiyasını dəstəklədilər.Hal-hazırda Avropa İlttifaqı dünyanin ən böyük iqtisadiyyatı hesab olunur. Azərbaycanın qərblə iqtisadi və strateji əməkdaşlığının möhkəmlənməsində neft-qaz amilinin böyük rolu var.

Bünovrəsi ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan böyük neft strategiyası 1994-cü ilin sentyabrında 15 dövlətdən olan 33 şirkətin iştirakı ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycan Respublikasının ilk beynəlxalq neft anlaşması oldu. Müqavilə Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin genişlənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə güclü təkan verdi.

Son illər ərzində enerji təhlükəsizliyi  ilə bağlı böyük layihələr imzalanmışdır. Onların sırasında “Şahdəniz-2”, TANAP( Trans-Anadolu Boru Kəməri) və TAP(Trans-Adriatik Boru Kəməri) layihələrini xüsusi ilə qeyd etmək olar. Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin də bildirdiyi kimi “Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindən biridir.  Enerji təhlükəsizliyinin əsas elementlərindən biri təbii qazdır.” Şahdəniz-2” layihəsi çərçivəsində il ərzində hasil ediləcək 16 milyard kubmetr qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 km-dən artıq uzanan boru kəmərləri vasitəsi ilə çatdırılacaq.         

TANAP layihəsini Azərbaycanın ən mühüm enerji layihəsi hesab etmək olar. Bu layihə Azərbaycanın tranzit dövlət kimi öz mövqeyini möhkəmləndirməsi üçün ən böyük imkandır. Cənub qaz dəhlizi və onun bir hissəsi olan TAP layihəsi Avropanın enerjiyə artan tələbatının ödənilməsində yeni marşrut təklifidir. Bu layihə Yunanıstan və Türkiyə sərhədində Trans-Anadolu kəmərindən qazı alaraq Cənubi İtaliya bazarına çıxaracaq. Bu zaman həm də TAP-dan Albaniya, Bosniya-Hersoqovina, Monteneqro, Yunanıstan, Xorvatiya , həmçinin Bolqarıstan “mavi yanacaq” almaq imkanına malik olacaq.   Beləliklə, Azərbaycanın Avropa İttifaqı və bölgə ölkələrinin enerji təhlükəsizliyi sistemindəki strateji rolu gündən-günə artır və bu da Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın geostrateji əsas ölkə kimi mövqeyini sübut edir. Unutmaq lazım deyil ki, enerji resursları ölkələri və xalqları ayırmalı deyil, birləşdirməli, rəqabət və ya toqquşmaya deyil, regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir.

Reyhan Ələkbərova,
YAP Xətai rayon təşkilatının "Telnov 6" ünvanı üzrə ərazi partiya təşkilatının sədri