08 fevral 2023 21:01
680

İqtisadi qüdrətimizin artmasını təmin edən siyasət

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası dövlət müstəqilliyimizin etibarlı təminatçısına çevrilmiş, xalqımızın rifah halının yüksəldilməsində, iqtisadiyyatımızın inkişaf etdirilməsində mühüm rol oynamış, Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin etmişdir. Dövlətimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün uğurlu enerji siyasətini həyata keçirməklə iqtisadi qüdrətini daha da artırır və qlobal enerji layihələrinin icrasında etibarlı tərəfdaş kimi beynəlxalq əməkdaşlığa ciddi tövhələr verir.

Dövlət başçımız İlham Əliyev öz siyasi fəaliyyətində, xüsusilə, diplomatiyada verdiyi bütün vədlərin, söylədiyi bəyanatların tamamilə reallaşdırılmasına nail olmuş, öz sözünün və imzasının nüfuzunu yüksək səviyyədə qorumuşdur. Azərbaycanın iqtisadi imkanlarının artırılması məqsədi ilə cənab Prezidentimizin həyata keçirdiyi bütün tədbirlər kimi, ixracın şaxələndirilməsi istiqamətindəki göstərdiyi səylər, atdığı addımlar də öz müsbət nəticəsini verməkdədir. Bu məqsədə xidmət edəcək, prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi layihəsi artıq beynəlxalq aləmin diqqətində olan əsas məsələlərdən birinə çevrilmişdir.

Cənub Qaz Dəhlizinin inşası Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın daha bir vacib töhfəsi sayılır. Avropanın özündə də etiraf olunur ki, Cənub Qaz Dəhlizinin icrasından sonra Avropanın enerji təhlükəsizliyi məsələləri daha da möhkəm təməl üzərində qurulacaqdır. Avropa ölkələri və aparıcı şirkətlərlə bu sahədə mövcud tərəfdaşlıq münasibətləri Azərbaycanın özünün böyük qaz ehtiyatlarını dünya enerji bazarlarına çıxarmaq imkanı yaradır.

Dövlətimiz enerji istehsalını və ixracının şaxələndirilməsini daim əsas tutur. Cari ilin 3 fevral tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarındakı çıxışında da Prezident cənab İlham Əliyev bu sahədə görülmüş işlərdən, əldə olunan nəticələrdən və qarşıda duran vəzifələrdən ətraflı bəhs etdi. Dövlət başçımız çıxışında ölkəmizin Avropanın enerji təchizatında böyük rola malik olmasını nəzərə alaraq enerji təchizatının davamlı şaxələndirilməsinin, yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasının önəmli məsələ olduğunu və mühüm əhəmiyyət kəsb etdiyini bildirdi və Azərbaycanın buna hər zaman hazır olduğunu diqqətə çatdırdı. Prezident vurğuladı ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. Biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi haqqında danışırıq. Bu da alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Təbii qaz ixracı artır - 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdur. Biz bu il onun 24,5 milyard kubmetr olmasını gözləyirik. Təbii qaz resurslarımız bizə və tərəfdaşlarımıza ən azı 100 il üçün bəs edəcək. Azərbaycan hasilatla yanaşı ixracı da artırır və həmçinin onun coğrafiyasını genişləndirir. Azərbaycanın bərpaolunan enerji mənbələrindən istifadəyə başlaması yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan yaranacaqdır. Azərbaycanın böyük həcmdə bərpaolunan enerji potensialına malik olması enerji təchizatının davamlı şaxələndirilməsi üçün geniş imkanlar yaradır. Xəzər dənizində külək enerjisi potensialı 157 qiqavat, quruda 27 qiqavat, işğaldan azad edilmiş ərazilərdə  isə10 qiqavatdan çoxdur. Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparılır.

Ölkəmizin regional və beynəlxalq əhəmiyyətli enerji layihələrinin icrası sahəsində uğurlu fəaliyyəti və təcrübəsi vardır. Prezident İlham Əliyevin güclü siyasi iradəsi nəticəsində reallaşmış və həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan neft boru kəməri,  Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri və Cənub Qaz Dəhlizi kimi böyük və uğurlu layihələri göstərmək olar.

Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik olmaqla bu gün regionda kənardan heç bir enerji asılılığı olmayan, bütün sahələr üzrə öz enerji tələbatını daxili imkanları hesabına tam ödəməyə qadir olan bir ölkədir. Hazırda həyata keçirilən enerji siyasətinin əsas məqsədi ölkənin dünya bazarlarına çıxış imkanlarını daha da artırmaqdan və dünya ölkələri üçün alternativ enerji mənbəyi yaratmaqdan ibarətdir.

Mehman Əliyev,
YAP Xətai rayon təşkilatının "R.Əliyev küçəsi 19" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü