Rumıniya Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biri, hətta Türkiyə Respublikasından sonra ikinci dövlət olmuşdur, həmçinin uzun illərdir Azərbaycan Respublikasının strateji tərəfdaşıdır. Bunu biz dövlət səviyyəsində keçirilmiş görüşlərin xronologiyasını, bu istiqamətdə əldə edilmiş dostluq münasibətlərini, qazanılmış müsbət təcrübəni və iki ölkə arasında bağlanmış müqavilələrin mahiyyətini təhlil etməklə görə bilərik.
Ümummilli lider Heydər Əliyevin 1995-ci ilin 02 iyul tarixində Rumıniyaya ilk rəsmi səfəri baş tutmuş, 1996-cı ilin mart ayında isə Rumıniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlmiş və beləliklə, qurulmuş qarşılıqlı dostluq və əməkdaşlıq münasibətləri bu günə qədər davam etdirilmişdir. Ümumilikdə 28 il ərzində dövlət başçıları tərəfindən 17 rəsmi səfər gerçəkləşdirilmiş, həmçinin bu illər ərzində hər iki ölkənin parlament sədrləri, Baş nazirləri və nazirləri arasında 18 səfər və müxtəlif görüşlər təşkil edilmiş, ölkələr arasında 58 müqavilə və saziş imzalanmışdır. Bu o deməkdir ki, münasibətlər müsbət tendensiya ilə artan dinamika üzrə daim inkişaf etmişdir.
Qeyd edim ki, cənab Prezident İlham Əliyev Rumıniyaya ilk dəfə 2004-cü ildə rəsmi səfər etmiş, bu səfər çərçivəsində Prezidentlər arasında Birgə Bəyannamə qəbul edilmiş, sonrakı illərdə isə ölkələr arasında “Strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında” Birgə Bəyannamə və “Strateji tərəfdaşlığın yerinə yetirilməsi üçün” Birgə Fəaliyyət Planı imzalanmışdır və beləliklə, əminliklə demək olar ki, strateji tərəfdaşlıq cənab Prezidentin beyninin məhsuludur.
Nəzərə almaq lazımdır ki, bu gün öz aktuallığı ilə seçilən məsələlər üzrə hələ 2010-cu ildə müəyyən hüquqi sənədlər imzalanmışdır (Mayeləşdirilmiş təbii qaz və onun nəqli sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu və sair).
Və təsadüfü deyildir ki, 2010-cu ildə Rumıniyanın “Balcanii si Europa” (Balkanlar və Avropa) jurnalı tərəfindən ilin yekunlarına görə baş nominasiya üzrə “İlin adamı - 2010” mükafatının qalibi müsbət strateji fəaliyyətinə görə Prezident İlham Əliyev olmuşdur.
Qeyd etmək lazımdır ki, Rumıniyada da Azərbaycanın dövlət sərmayələri qoyulmuş və hazırda orada SOCAR brendi ilə 70-dən çox yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir, lakin cənab Prezidentin 2 fevral tarixli çıxışında da bildirildiyi kimi, ticarət dövriyyəsinin şaxələndirilməsi üçün digər sahələrdə də zəruri addımların atılması planlaşdırılır.
Qeyd edilməlidir ki, iki ölkə arasında ticarət gəmiçiliyi haqqında Saziş artıq mövcuddur – hansı ki, Bakı və Konstansa limanları arasında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı Prezidentin 02 fevral tarixli çıxışında yeni bir mesaj verildi, bundan başqa, iki ölkə arasında beynəlxalq avtomobil daşımaları haqqında, gömrük işi haqqında, vergitutma və vergidən yayınma ilə bağlı, investisiyanın təşviqi və qarşılıqlı qorunması haqqında və digər bir sıra zəruri məsələlərlə bağlı sazişlər bağlanaraq ikitərəfli müqavilə-hüquq bazası müəyyən qədər formalaşdırılmışdır.
Həmçinin Rumıniyanın informasiya-kommunikasiya texnologiyaları sahəsində ixtisaslaşmış SİVECO şirkəti Azərbaycanda elektron-təhsil sisteminin yaradılması ilə bağlı tenderdə, UTİ Group şirkəti isə kiber-təhlükəsizlik sahəsində proqram təminatının yaradılması ilə bağlı tenderdə iştirak etmişlər.
Rumıniya Prezidentinin 02 fevral tarixli çıxışında da rəqəmsallaşdırma, sərmayə qoyuluşu, kənd təsərrüfatı ilə bağlı əməkdaşlığa dair hazırlıq mesajları verildi.
Bu gün öz aktuallığı ilə seçilən Azərbaycan qazının Avropa məkanında yeni ünvana çatdırılması, bununla paralel olaraq Azərbaycanın Avropa İttifaqı üçün enerji tərəfdaşına çevrilməsi, yaşıl enerji dəhlizləri ilə bağlı müsbət nəticələrin əldə edilməsi hər bir vətəndaşımızı sevindirir. Çünki, nailiyyətlərin əldə edilməsi illər ərzində verilmiş əməyin nəticəsidir.
Allahverdi Həsənli,
YAP Xətai rayon təşkilatının Kənd Əhmədli ünvanı üzrə ərazi partiya təçkilatının sədri