İran düşmənçiliyini açıq müstəviyə keçirib
Məlum olduğu kimi, cari il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı həyata keçirilmiş terror hücumu nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki əməkdaş Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri alıblar. Terror hücumu ilə bağlı ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam edir. Rəsmi Tehran cidd-cəhdlə özünü bu hadisədən kənar tutmağa çalışsa da, məlum terror aktına görə bütün məsuliyyətin İranın üzərinə düşdüyü birmənalıdır.
Baş vermiş akt beynəlxalq hüququn fundamental normalarının kobud şəkildə pozulması kimi tövsif edilməlidir. Belə bir hüquqi nəticə, ilk növbədə, həm Azərbaycanın, həm də İranın qoşulduqları 14 aprel 1961-ci il tarixli “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasında təsbit edilmiş öhdəliklərin pozulmasından irəli gəlir. İmperativ xarakter daşıyan həmin öhdəliklərə əsasən, müvafiq dövlət diplomatik nümayəndəliklərin binalarını və əməkdaşlarının toxunulmazlığını hər cür hücumdan, yaxud zərər vurulmadan qorumalıdır. Konvensiyanın 22-ci maddəsinə əsasən, qeyd edilənlər dövlətinin xüsusi vəzifəsidir.
İkinci mühüm məqam Azərbaycanın və İranın qoşulduqları 14 dekabr 1973-cü ildə Nyu-Yorkda qəbul edilmiş “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən, diplomatik agentlərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın pozulmasıdır. Həmin beynəlxalq sənədin 2-ci maddəsinə əsasən, diplomatik nümayəndələrin binalarına, yaşayış yerlərinə və nəqliyyat vasitələrinə təhlükə yaradan zorakı hücumlar ən ağır, transmilli terror cinayəti kimi qiymətləndirilir. Çoxsaylı beynəlxalq hüquqi sənədlərdə, o cümlədən, universal səviyyədə BMT tərəfindən qəbul edilən terrorçuluqla mübarizə strategiyasına uyğun olaraq, bu cür əməllərin hansı niyyət və motivlərlə törədilməsi onların terror aktı kimi tövsifinə maneə yaratmır.
İrandakı səfirliyimizə qarşı həyata keçirilmiş terror hücumu indiyə qədər ayrı-ayrılıqda 100-ə yaxın ölkə və bir sıra beynəlxalq təşkilatların katiblikləri tərəfindən pislənib və bu aktı törədənlərin cəzalandırılmasının zəruriliyi verilmiş bəyanatlarda vurğulanıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, İran tərəfi isə üzvü olduğu və qərarların konsensusla qəbul edildiyi beynəlxalq təşkilatlarda törətdiyi terror aktının geniş şəkildə ifşa olunmasına mane olmağa çalışıb. Belə ki xüsusda, hücumdan dərhal sonra Qoşulmama Hərəkatının (QH) Əlaqələndirici Bürosuna və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) Azərbaycan tərəfindən təqdim edilmiş kommünike və bəyanat layihələrinə İran tərəfi etiraz edib və bu sənədlərin qəbuluna mane olub.
İran tərəfi bununla yanaşı, sözügedən təşkilatlarda öz mövqeyinə dəstək məqsədilə bir çox ölkələrə müraciət etsə də, Qoşulmama Hərəkatında 120 ölkə arasından İranın mövqeyinə dəstək verən yalnız Suriya və Hindistan olub. Bu üç ölkə sözügedən sənədlərin qəbuluna qarşı çıxan zaman səsləndirdiyi əsas iddia guya əvvəllər Qoşulmama Hərəkatında ayrı-ayrı ölkələrdə terror hücumlarının pislənmədiyi və bu ölkələr arasında ikitərəfli məsələlərin Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalara gətirilmədiyi olub. Halbuki, Qoşulmama Hərəkatı bir çox hallarda üzv ölkələrində baş vermiş terror hücumlarını pisləyən, diplomatik missiyaların mühafizəsinə vurğu edən bir sıra sənədlər qəbul edib.
“İran tərəfinin bu təxribatçı addımını pisləyir və beynəlxalq öhdəliklərinə riayət etməsinin zəruri olduğunu bildiririk. Azərbaycan tərəfi səfirliyinə qarşı terror aktının geniş şəkildə pislənməsi və terror aktını törədənlərin cəzalandırılması üçün bütün müvafiq beynəlxalq platformalardan istifadə edəcək”, - deyə Nazirliyin yaydığı məlumatda qeyd edilib.
Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain terror hücumu ilə bağlı İran tərəfi hələ də susur. Azərbaycan qarşısında, o cümlədən beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklər qarşısında məsuliyyət daşıyan molla rejimi hələ də hədəf yayındırmaqla məşğuldur. Hücum baş verən günlərdə bu terror aktının məsuliyyətindən yayınmaq, hədəfi özündən uzaqlaşdırmaq üçün bütün yollara baş vuran İran hakimiyyəti ortaya ən inandırıcı olmayan versiyanı - “məişət zəminində baş verən hadisə” versiyasını atmağa çalışmışdı. Hətta terrorçu qatil Yasin Hüseynzadəni televiziyaya çıxararaq geniş müsahibə verdirən İran hakimiyyəti açıq qalan suallardan boyun qaçırdı. Tehran polisinin rəhbərinin heç bir əsasa söykənmədən, heç bir araşdırma aparmadan belə bir fikir söyləməsi isə İranın əsl niyyətini ortaya qoydu - İran bu addımla məsuliyyətdən yaxa qurtarmağa çalışır. Təbii ki, İran dövlətinin bu açıqlaması absurd və əsassızdır - yayılan videogörüntülər, terrorçunun silahla davranışları baş verənlərin terror olduğunu sübut edir.
İran hələ də baş verənlərə görə Azərbaycandan üzr istəməyib. İran hakimiyyəti cinayət işini məişət məsələsi kimi qələmə verərək izi itirməyə çalışır. Bundan başqa, terrorçu Yasin Hüseynzadə cəzalandırılmaq əvəzinə dəlixanaya salınıb. Terrorçu Yasin Hüseynzadənin televiziyadakı “anlaqlı çıxışının” ardından dəlixanaya salınması çox şeydən xəbər verir. Bu, İran hakimiyyətinin özünütəkzibidir. Maraqlıdır ki, bu şəxs ruhi xəstədirsə, bu qədər genişmiqyaslı terror hücumunu necə həyata keçirib?
Terror aktının bilavasitə İran dövləti tərəfindən təşkil edilməsi ilə bağlı ciddi sübutlar var ki, bunlardan biri Azərbaycan səfirliyinə girməyə çalışan terrorçuya İran polisinin heç bir reaksiya verməməsidir. Ümumiyyətlə, hadisə ilə bağlı ictimailəşən videolardan da görünür ki, İran rejimi Tehrandakı Azərbaycan səfirliyinin mühafizəsi istiqamətində heç bir iş görməyib. Azərbaycan səfirliyi İran tərəfindən məqsədli şəkildə müdafiəsiz buraxılıb. Məqsəd terrorçunun fəaliyyətini asanlaşdırmaq, onun hücumunun daha qanlı və effektiv olmasını təmin etmək olub. Qürurvericidir ki, terrorçu Azərbaycan səfirliyinin mühafizəçiləri tərəfindən tərk-silah edilərək zərərsizləşdirilib ki, bu da hücumun daha böyük tələfatla yekunlaşmasının qarşısını alıb.
Qeyd edək ki, terrorçunun hadisəni törətmək üçün məhz İranda istirahət günü olan cümə gününü seçməsi (terror aktına mane ola biləcək halları minimuma endirmək üçün), özü ilə hadisə yerinə avtomat silah və güllələrlə dolu ehtiyat daraq, “Colt” tipli tapança, “Molotov kokteyli”, ağır zərbə aləti və sair vasitələr gətirməsi hadisənin əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir.
Hadisədən sonra İranın bu terror aktını hansı səbəblə təşkil etməsi ilə bağlı bir sıra əsaslı iddialar səsləndirilib ki, bu iddialardan biri də Azərbaycan–İsrail münasibətlərinin yeni mərhələyə daxil olmasıdır.
İranın ənənəvi böhtan kampaniyası çərçivəsində səsləndirdiyi fikirlərdən biri də Azərbaycanda, guya, İsrailə aid hərbi qüvvələrin cəmləşməsi, onların İran üzərində müşahidələr aparması ilə bağlı olub. Hərçənd, Azərbaycanda nəinki İsrailin, heç bir dövlətin hərbi hissə və ya qüvvələrinin olmadığı, ölkəmizin Qoşulmama Hərəkatının üzvü kimi blok və hərbi ittifaqlardan kənarda qalmaq siyasəti yürütdüyü heç kimə sirr deyil. Əslində, bu həqiqət İran rejiminə də yaxşı məlumdur. Ancaq yalan və böhtansız keçinə bilməyən İran, dayanmadan ölkəmizə qarşı ittihamlar səsləndirməkdə davam edir.
Maraqlıdır ki, Azərbaycan-İsrail yaxınlaşmasını özü üçün faciə hesab edən İran Ermənistanla siyasi-diplomatik və iqtisadi əlaqələri sürətlə inkişaf etdirməkdə, Ermənistanın təhlükəsizliyini özü üçün “qırmızı xətt” elan etməkdədir.
Ancaq İran hər bir bu məsələdə bir həqiqəti unudur ki, Azərbaycanla şantaj dili, terror yolu ilə danışmaq səmərəsizdir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanla heç kim təhdid dili ilə danışa bilməz. Ölkəmiz heç vaxt heç bir şəkildə terrora boyun əyməyib və bundan sonra da əyməyəcək. 30 illik erməni işğalına, faşist terroruna 44 günlük Vətən müharibəsində verilən cavab bu həqiqətin ən ali isbatıdır.
Yaqut Ağaşahqızı, “İki sahil”