09 fevral 2023 01:58
692

Naxçıvan: «Şərqin incisi» Zəngəzur dəhlizinin bərpasından sonra daha gözəl olacaq

Tarixi minilliklərə söykənən, İpək Yolunun üzərində yerləşən, strateji əhəmiyyətinə, təbii gözəlliyinə, yeraltı, yerüstü sərvətlərinin zənginliyinə görə «Nəqşi-cahan» adına layiq olan, Nuhun müqəddəsliyini, Nəiminin söz xəzinəsini nəsillərə ərmağan kimi daş yaddaşında saxlayan, muxtar respublikanın mənəvi pasportu olan «Gəmiqaya» qayaüstü rəsmləri ilə ilk insan məskənlərindən olduğu təsdiqlənən Naxçıvanı təsadüfən odlar diyarı adlandırmırlar. Əcəmi sənətkarlığının ecazkarlığını, təkrarolunmazlığını dünyaya göstərən Mömünə xatun kimi türbələrində milli-mənəvi dəyərlərimizi yaşadan bu qədim diyarı «Şərqin incisi» adlandıranların sözlərində həqiqət var. Azərbaycanın ədəbiyyat tarixinə incilər bəxş edən Mirzə Cəlil, Məmməd Səid Ordubadi, Hüseyn Cavid kimi söz ustadlarının Vətəni olan, qədimliyi ilə müasirliyin vəhdətində inkişaf edən Naxçıvan Yaxın Şərqdə, müsəlman dünyasında ərənlər yurdu, karvan yolu kimi tanınır. Azərbaycan SSR MİK-in 1924-cü il 9 fevral tarixli dekreti ilə Naxçıvan Muxtar diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi ilə daha da şöhrətlənən, abidələr məskəni adlandırılan bu diyarın hər daşında, qayasında ulularımızın qəhrəmanlıq salnaməsi yaşanır. Naxçıvan Muxtar Respublikası dünya şöhrətli siyasətçi, dövlət xadimi, müdrik şəxsiyyət Heydər Əliyev kimi dahinin də yurdudur.

Ötən əsrin sonlarında doğma yurduna qayıdan, muxtar respublikanı Ermənistanın təcavüzündən qoruyan, həmyerlilərinin sabaha ümid çırağı olan Ulu Öndər muxtar respublikada apardığı siyasi, iqtisadi islahatları ilə Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının təməlini qoydu. Bazar iqtisadiyyatına keçidin başlıca şərti olan özəlləşdirmə siyasətini həyata keçirən, dövlət atributları olan üçrəngli bayrağımızın, himnimizin, gerbimizin bərpasını təmin edən müdrik şəxsiyyət o ağır günlərdə biri-birindən əhəmiyyətli xidmətləri, dövlətçilik təcrübəsi, zəkası, elinə-obasına bağlılığı ilə Azərbaycanın müstəqilliyini qorudu. Muxtar respublikaya gələn qonaqların heyran qaldığı Naxçıvanın 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunması ulu öndər Heydər Əliyevin « Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çox əsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçmişdir. Orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq məktəblərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına dəyərli töhfələr vermişdir. Naxçıvanlıların öz fədakarlığı, işgüzarlığı hesabına Naxçıvan yaşayır, inkişaf edir, Naxçıvanda quruculuq prosesləri gedir» sözlərinin təsdiqidir.

Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu strategiyasının ana xəttini təşkil edən, Prezident İlham Əliyev tərəfindən davam etdirilən və dövlət siyasətinin ali məqsədinə çevrilən cəmiyyətin demokratikləşdirilməsi, iqtisadiyyatın tərəqqisi, insanların sosial müdafiəsinin gücləndirilməsi tendensiyası müstəqil Azərbaycanın bütün bölgələri kimi muxtar respublikanı da inkişaf etdirib. Bu strategiyanın əsas hədəfi budur ki, iqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət belə gedə bilməz. Başqa sözlə, demokratiya və iqtisadiyyat birgə inkişaf etməlidir. Muxtar respublikaya səfərləri zamanı bu amilə xüsusi diqqətlə yanaşan Prezident İlham Əliyevin Naxçıvanın iqtisadi inkişafı, təbii sərvətlərindən səmərəli istifadə sahəsindəki tövsiyələrinin yerinə yetirilməsi ilə muxtar respublika strateji əhəmiyyətini qoruyur.

Son zamanlarda muxtar respublikada həyata keçirilən kadr islahatlarının məqsədi məmur-vətəndaş münasibətlərinin sağlamlaşdırılması ilə siyasi, iqtisadi ,demokratik islahatları sürətləndirməkdir. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəflini qəbul edərkən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində bu amilləri əsas hədəf kimi diqqətə çatdırıb, müvafiq tapşırıqlarını, tövsiyələrini bildirib. Qəbulda Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına göstərdiyi daimi diqqəti sayəsində və birbaşa tapşırığı ilə həyata keçirilən genişmiqyaslı işlər, o cümlədən böyük infrastruktur layihələrin həyata keçirilməsi, Naxçıvanda qazlaşdırmanın 100 faiz səviyyəsində təmin edilməsi, enerji təchizatı, müasir yolların inşa olunması, səhiyyə və təhsil obyektlərinin tikintisi, yeni iş yerlərinin yaradılması istiqamətində görülən işlər qeyd olunmaqla perspektivlər də açıqlanıb. Dövlət başçımızın səlahiyyətli nümayəndəyə əsas tapşırığı dəyişilməzdir: İnsanların qayğısına qalmaq, korrupsiya, rüşvətxorluğa qarşı mübarizə aparmaqla şəffaflığa nail olmaq, kadr siyasətində bacarıqlı, işinə bağlı, dövlətin mənafeyini qoruyan gənclərə üstünlük vermək, mərkəzi icra orqanları ilə sıx təmas qurmaqla neqativ halların qarşısını almaq. Təcrübə göstərir ki, şəffaflıq olmadan qazanılan iqtisadi uğurların davamlılığını və sosial rifahı təmin etmək mümkün deyildir. İlk növbədə, qanunun aliliyi, ədalətli cəmiyyətin qurulması tam təmin edilməlidir. Bir çox məqamlarda cəmiyyətdə narazılıq yaradan bəzi məmurların şəxsi maraqlarının, qeyri –peşəkarlığının dövlət siyasətinə böyük ziyan vurmasının qarşısının alınmasının vacibliyi diqqətə çatdırılaraq bildirilmişdir ki, cəmiyyəti narazı salan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tutduğu vəzifəsindən asılı olmayaraq hər bir məmurun dövlətə sadiqliyi, vətəndaşlara xidməti borcudur.

Müasiri olduğumuz zamanın şəffaflıq, dürüstlük, inhisara son qoymaq dövrü olduğunu müxtəlif vəzifələrə təyinat zamanı əsas tələb kimi qarşıya qoyan Prezident İlham Əliyevin «Şəffaflıq, təmizlik, dürüstlük həyat tərzi olmalıdır”» sözlərinin məntiqi davamıdır desək, yanılmarıq. Kadr islahatları aparılır və bu islahatlar imkan verib ki, yeni peşəkar, bilikli, müasir kadrlar önə çəkilsin. Onlara önəmli vəzifələr həvalə edildi və hesab edirəm ki, bu da zəmanənin tələbidir. Çünki bu gün müasir dünyada siyasi, iqtisadi sahələrdə, beynəlxalq müstəvidə müasir yanaşmalar olmalıdır» sözləri muxtar resublikada aparılan islahatlar üçün də xarakterikdir.

Son aylarda muxtar respublikada baş verən hadisələr, müxtəlif dövlət qurumları tərəfindən aparılan yoxlamalar, neqativ halların aradan qaldırılması, korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizənin gücləndirilməsi, dövlət malının mənimsənilməsi ilə məşğul olan məmurlar haqqında cəza tədbirlərinin görülməsi sakinlər tərəfindən razılıqla qarşılanır. Bu kimi hallar göstərir ki, Naxçıvanda idarəetmənin təkmilləşdirilməsi, iqtisadi potensialdan səmərəli istifadə, sosial-iqtisadi sahədə şəffaflığın artırılması, işgüzar, sağlam mühitin yaxşılaşdırılması, sahibkarların qarşılaşdıqları çətinliklərin aradan qaldırılması prioritetdir.

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəfli fəaliyyətinə dövlət başçımızın tapşırıqları, tövsiyələri əsasında başlayıb. Onun yerli sakinlərlə, ictimaiyyət nümayəndələri ilə görüşləri tanışlıq xarakteri daşısa da , görüləcək işlərin bələdçisi kimi vacibdir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində şəhid ailələri və qazilərlə görüşən səlahiyyətli nümayəndənin İkinci Qarabağ müharibəsi şəhidinin ailəsinə, 5 qaziyə yeni mənzil, 11 qaziyə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılması zamanı sağlamlıq imkanlarını qismən itirmiş 1 nəfərə avtomobillər təqdim olunması dövlətimizin davam etdirdiyi əhalinin sosial müdafəisinin gücləndirilməsi siyasətinin davamıdır. Görüşdə bildirildiyi kimi, müstəqilliyin ilk illərində hər hansı bir ordudan danışmağın mümkün olmadığı bir zamanda təməli Naxçıvanda Ulu Öndərin formalaşdırdığı ordu qurculuğunun Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları arasında 52-ci yerdədir. Birinci və İkinci Qarabağ müharibələrində qəhrəmanlıq göstərən, şəhidlik zirvəsinə ucalan Naxçıvanın igid oğulları şücaətləri ilə Ümummilli Liderə layiq olduqlarını təsdiqləyiblər. Dövlət başçımız İlham Əliyevin şəhid ailələrinə, qazilərə göstərdiyi qayğının muxtar respublikada də davam etdiriləcəyini bildirən Fuad Nəcəflinin Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordudakı mövcud vəziyyətlə, hərbçilər üçün yaradılmış mənzil-məişət şəraiti, müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilmiş Döyüşü İdarəetmə Mərkəzi və Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti, Təlim-Tədris Mərkəzi ilə tanışlıqda məqsədi muxtar respublikanın təhlükəsizliyinin daha etibarlı təminatının öyrənilməsi olub.

Fuad Nəcəflinin Prezident İlham Əliyevin əsas tələbi olan insanlarda vətəndaş məmnunluğunun artırılmasına uyğun Kəngərli, Ordubad, Gulfa Şərur, Babək rayonlarının sakinləri ilə görüşləri maraqla qarşılanıb. Sakinləri narahat edən problemlərlə maraqlanan səlahiyyətli nümayəndə irəli sürülən məsələlərin həlli ilə yaxından məşğul olmaq üçün aidiyyəti orqanlara tapşırıqlar verib. Muxtar respublika sakinlərinin narazılığına səbəb olan bəzi məhdudiyyətlərin aradan qaldırılması, iqtisadi, sosial sahəni əhatə edən islahatların, yeniliklərin tətbiqi, tədbirlərin görülməsi, vətəndaşların təklif və istəklərinin öyrənilməsi üçün keçirilən görüşlər muxtar respublikada sağlam əhval-ruhiyyə yaratmaqla insanların çalışdıqları sahələrdə məsuliyyətləri, çalışmaq həvəslərini də artırıb. Respublikamızın tanınmış mətbu orqanlarının əməkdaşlarına muxtar respublikanın bütün sahələrində aparılan islahatların təbliği üçün yaradılan şərait məmnunluq yaradır. Özəl sektorun, sahibkarlığın, inkişafı, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsi, yeni iş yerlərinin açılması üçün mənbələr araşdırılır, sağlam mühitin yaradılması üçün neqativ hallar aradan qaldırılır.

Bu günlərdə İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə dövlət qurumlarının təmsilçiləri və iş adamlarından ibarət nümayəndə heyətinin Naxçıvana səfəri zamanı keçirilən görüşlərdə muxtar respublika iqtisadiyyatını ölkəmizin iqtisadi artım templərinə uyğunlaşdıracaq davamlı inkişafın perspektivlərindən danışılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvanda reallaşdırılan genişmiqyaslı tədbirlər, sistemli quruculuq işləri, o cümlədən mühüm infrastruktur layihələri, enerji təchizatı, müasir yolların, təhsil və səhiyyə obyektlərinin inşası, yeni müəssisələrin açılması və iş yerlərinin yaradılması istiqamətində görülən işlər vurğulanıb. Naxçıvanda sosial-iqtisadi sferada müsbət dəyişikliklər yönündə görülən işlər, dövlət qurumlarının bu istiqamətdə fəaliyyətinin gücləndirilməsi tədbirləri barədə məlumat verilib, qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsində resursların və kadr potensialının səfərbər edildiyi qeyd olunub. Eyni zamanda Naxçıvanda biznesin genişlənməsinə dəstək, özəl sektorun üzləşdiyi məsələlərin həlli yolları, müvafiq qurumların bu sahədə fəaliyyətinin gücləndirilməsi və digər məsələlər barədə müzakirələr aparılıb. Qeyd olunub ki, iqtisadi sahədə aparılan islahatların əsas hədəfi biznesdə və dövlət-biznes münasibətlərində şəffaflığın təmin edilməsidir. Bu baxımdan, vergi inzibatçılığı və idarəçiliyi sahəsində ciddi dəyişikliklər aparılır, vergi nəzarəti mexanizmləri təkmilləşdirilir və biznesin fəaliyyətinə effektiv vergi nəzarətinin qurulmasında rəqəmsallaşmanın tətbiqi genişləndirilir, iqtisadi artımın bərpası üçün vergi təşviq alətlərindən geniş istifadə edilir. Həyata keçirilən vergi siyasəti ilə «kölgə iqtisadiyyatı”»nın miqyasının əhəmiyyətli dərəcədə azaldılmasına, iqtisadiyyatda şəffaflığın artmasına imkan yaradacaq siyasətin həyata keçirilməsində vahid yanaşmanın tətbiqi, müsbət təcrübələrin inteqrasiyası üçün bütün zəruri tədbirlərin qarşılıqlı olaraq həyata keçirilməsi yollarından danışılıb. Fəaliyyətin koordinasiya əsasında qurulmasının muxtar respublikanın vergi orqanlarının daha çevik, şəffaf və sistemli icrasına müsbət təsir göstərəcəyi diqqətə çatdırılıb.

Bir sözlə, iqtisadi, sosial sahədə həyata keçiriləcək islahatlar, tətbiq olunacaq yeniliklər muxtar respublika əhalisinin həyat səviyyəsinin yüksəlməsinə yeni təkan verəcək. Muxtar respublika iqtisadiyyatının çoxşaxəli inkişafı, əhalinin maddi rifahı dünya siyasətinin aktual mövzusu olan Zəngəzur dəhlizinin bərpasından sonra daha da yüksələcək. Bu əminliyi yaradan isə Prezident İlham Əliyevin «Mən demişdim ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatlı üçün deyil. Eyni zamanda, Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bir xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt oradan keçməlidir. Biz bunun üzərində işləyirik və artan ixracımız həm önəmimizi artıracaq, geosiyasi önəmimizi artıracaq, eyni zamanda, bizə əlavə valyuta gətirəcək. Biz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacağıq və ölkəmiz daha da firavan yaşayacaq» sözləridir.

Xuraman İsmayılqızı, «İki sahil»