Azərbaycanla Rumıniya arasında illərdi yüksək səviyyəli siyasi, iqtisadi əlaqələr mövcuddur. Azərbaycan Rumıniya əlaqələri 30 ildən artıq müddətdə qarşılıqlı maraqlar əsasında qurulub və yüksələn xəttlə davam etdirilir. İki dövlət arasında 2009-cu ildə strateji tərəfdaşlıq haqqında müqavilə imzalanmışdır. Ölkələrimiz arasında çox fəal yüksək səviyyəli siyasi dialoq mövcuddur və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Zəngin tarixə malik olan Rumıniya Avropanın tarixində, eləcə də dünya siyasətində də özünəməxsus rol oynayır. Bir sıra qlobal iqtisadi layihələrin iştirakçısı olan bu ölkə eyni zamanda Şərq-Qərb əlaqələrinin daha da inkişaf etdirilməsində söz sahibidir. Geosiyasi cəhətdən əlverişli mövqedə yerləşməsi Rumıniyanı bu gün həm regionun, həm də Avrasiyanın strateji əhəmiyyətli bir dövlətinə çevirmişdir. Azərbaycan Avropa İttifaqına üzv dövlətlər arasında ilk olaraq Rumıniya ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamışdır. Rumıniya Prezidenti Klaus Yohannisin fevralın 2-də Azərbaycana səfər etməsi, iqtisadi və siyasi sahələrlə bağlı imzalanmış sənədlər iki ölkə arasında strateji əlaqələri daha da genişləndirmiş oldu. Rumıniya hər zaman bütün beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Sənədlərin imzalanma mərasimində Prezident İlham Əliyev Rumıniyanın, eləcə də Avropa İttifaqının enerji təhlükəsizliyinə gələcəkdə də Azərbaycanın böyük töhfə verəcəyi haqqında bəyanatla çıxış etdi. Bu səfər göstərdi ki, ölkələr arasında ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atılacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanatda demişdir: “Ölkələrimiz arasında ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir”. Əslində müstəqillik əldə edəndən bəri Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Prezident İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanat hər iki ölkənin qarşılıqlı inkişafı üçün yol xəritəsi olmalıdır. İki dövlət arasında olan əlaqələr geniş imkanlar yaradır. Digər sahələr kimi yanacaq, enerji sahəsində də bu iki dövlətin çox yüksək səviyyədə əlaqələri mövcuddur. Təsadüfi deyil ki, uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir.
Son dövrlər Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsinin iki dəfədən çox artmasına baxmayaraq hər iki dövlətin liderləri gələcəkdə ticarət əlaqələrinin daha da genişləndiriləcəyini qeyd etdilər. Azərbaycanda hasil olunacaq təbii qaz Rumıniya ilə yanaşı bu ölkənin vasitəsilə Şərqi və Mərkəzi Avropanın digər ölkələrinə də ixrac ediləcəkdir. Bu tranzit isə əlbəttə Rumıniya üçün də yaxşı gələcək vəd edir. Əlbəttə hazırda dünyada gedən proseslərdən görmək olar ki, yaxın gələcəkdə yaşıl enerji ehtiyacları da bir çox dövlət üçün vacib amilə çevriləcəkdir. Azərbaycan son dövrlər yaşıl enerji istehsalı ilə bağlı dünyanın bir neçə nəhəng şirkəti ilə müqavilə imzalamışdır. Azərbaycanda istehsal olunan yaşıl enerjinin Avropaya ixrac edilməsi üçün Rumıniya da iştirak edir. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın iştirakı ilə Qara dənizin dibi ilə Avropaya elektrik enerjisinin ötürülməsi üçün xətt çəkiləcəkdir. Bu layihənin icrasında digər dövlətlərin və xarici şirkətlərin də qoşulacağı gözlənilir. Bu gün təbiətin bizə verdiyi təbii nemətlər və Prezident İlham Əliyevin yürütdüyü siyasət Avropanın bir çox dövlətləri üçün bizi vacib tərəfdaş statusuna gətiribdir. Azərbaycan isə illər öncədən bu sahədə çox dəqiq və düşünülmüş addımlar atmışdır ki, indi yaşıl enerji sahəsində də ölkəmiz önəmli mənbəyə çevrilib. Bu baxımdan iki ölkə arasında imzalanmış sənədlərə əsasən həyata keçirilən layihələr, həm strateji, həm də böyük sərmayə tələb edən layihələrdir.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri