Rumıniyanın beynəlxalq səviyyədə əməkdaşlığa maraq göstərdiyi ölkələr arasında Azərbaycan xüsusi yer tutur. Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də Rumıniya olmuşdur. Rumıniya-Azərbaycan tarixi əlaqələrinin kökü orta əsrlərə aiddir. Təkcə onu demək kifayətdir ki, bu əlaqələr Balaxiya və Moldova knyazlıqları yarandıqdan sonra başlanmış, Ağqoyunlu hökmdarı Uzun Həsənin və Səfəvi şahı I İsmayılın dövründə dövlətlərarası əlaqələr səviyyəsinə qədər yüksəlmişdir.
Tarixin müxtəlif çağlarında inkişaf edən bu əlaqələr hər iki ölkənin müstəqilliyə qovuşmasından sonra keyfiyyətcə yeni mərhələyə yüksəldi.
Rumıniya Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 11-də rəsmi şəkildə tanıyıb. Belə ki, rəsmi Buxarest Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il iyunun 19-da qurulmuşdur.
Ötən dövrdə Azərbaycan və Rumıniya arasında ümumilikdə 61 sənəd imzalanıb, hazırda isə bir sıra əməkdaşlıq sənədlərin layihələri hazırlanır. Bu amil əməkdaşlıq üçün möhkəm hüquqi baza yaratmışdır.Hazırda Rumıniya-Azərbaycan iqtisadi münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir.
Beləliklə, qarşılıqlı səfər və görüşlər ölkələr arasında siyasi – iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etməsinə səbəb oldu. Prezident cənab İlham Əliyev çıxışlarının birində ikitərəfli dostluq münasibətlərinin sürətlə inkişaf etdiyini, siyasi, iqtisadi, mədəni, enerji sahəsində ölkələrimizin yaxın tərəfdaş olduğunu və regional əməkdaşlığın uğurla həyata keçirildiyini bildirib. “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında transsərhəd mütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş” və digər sənədlər dövlətlərarası münasibətlərdə körpü rolu oynayıb. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri münasibətlərin daha da inkişafına söykənir. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu qeyd edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti diqqətə çəkilib. Hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlığın həyata keçirilməsinə önəm verilib.
SİYASİ DİALOQ
Tərəflərin məqsədləri aşağıdakılardır:
- Mütəmadi olaraq yüksək səviyyəli siyasi dialoqun, həmçinin zəruri hallarda ümumi maraq kəsb edən məsələlər üzrə yüksək səviyyəli görüşlərin keçirilməsi;
- Regional və qlobal məsələlərlə bağlı baxışların və perspektivlərin bölüşdürülməsi məqsədilə xarici işlər nazirlikləri arasında mütəmadi məsləhətləşmələr mexanizminin yaradılması;
- Beynəlxalq tədbirlər çərçivəsində də daxil olmaqla, xarici işlər nazirləri arasında əlaqələr üçün bütün imkanlardan istifadə edilməsi;
- Parlament nümayəndə heyətləri arasında mübadilələrin və müvafiq sahə üzrə parlament komitələri arasında əməkdaşlığın genişləndirilməsinin təşviq olunması.
Azərbaycanın inkişafa yönələn siyasətində qazandığı uğurlar məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Azərbaycan Şərqi Avropanın enerji sahəsində geosiyasi və geostrateji əhəmiyyət kəsb edən dövlət olmaqla yanaşı, həm də Mərkəzi Asiya ölkələri, xüsusilə Qazaxıstan və Özbəkistan üçün Avropaya körpü rolunu oynayır. Azərbaycan həmçinin Türkiyə ilə birgə mühüm layihələrin təşəbbüskarı olan türkdilli dövlətdir. Azərbaycan bundan sonra da geostrateji və geosiyasi münasibətlərdə yüksəliş əldə edəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi, siyasi münasibətlərin daha da dərinləşməsinə, əməkdaşlıq üçün əlverişli platformanın yaradılmasına nail olub, bunun sayəsində Azərbaycan regionun strateji, iqtisadi mərkəzinə çevrilib.Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana fevralın 2-də baş tutan səfəri Azərbaycanla Rumıniya arasında münasibətlərə və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə şərait yaradacaqdır. İki ölkə arasında əməkdaşlıq, Azərbaycan qazının Rumıniyaya çatdırılması, yaşıl enerji ilə bağlı reallaşdırılacaq layihələr məhz strateji tərəfdaşlığın təzahürüdür.Qeyd edilməlidir ki, Azərbaycan və Rumıniya arasında energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır. Belə ki, uzun illər ərzində Azərbaycanın neft şirkəti olan SOCAR Rumıniyada fəaliyyət göstərir, onun Rumıniyada 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu vardır. Həmçinin Rumıniyanın imkanlarından istifadə edilərək, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və paralel olaraq digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. Bu gün Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır.
Mirhaşim Calalov,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəalı