Azərbaycanla Rumıniya arasında strateji tərəfdaşlıq əlaqələri hələ Ağqoyunlu hökmdarı Uzun Həsənin dövründən başlamışdır. Rumıniya ilə bütün sahələrdə ikitərəfli və çoxtərəfli iqtisadi, siyasi və mədəni əlaqələr, qarşılıqlı faydalı və strateji münasibətlər Azərbaycan dövləti üçün xüsusi əhəmiyyət kəsb edir. Aİ dövlətləri sırasında Azərbaycanın müstəqilliyini ilk olaraq tanıyan (11 dekabr 1991-ci il) Rumıniya olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr 19 iyun 1992-ci il tarixində yaradılmışdır. Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyi 3 noyabr 1998-ci il tarixində, Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi isə 21 may 2001-ci il tarixində açılmışdır. 2001-ci ildən etibarən Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Buxarest şəhərinin Tey parkında Ümummilli Lideri Heydər Əliyevin və Bakı şəhərində tanınmış rumın bəstəkarı Corc Eneskunun büstləri ucaldılmışdır. 2009-cu ilin sentyabrında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri zamanı, Rumıniya ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın yaradılmasına dair bəyannamə imzalanmışdır.
Strateji tərəfdaşlıq deyəndə - enerji əməkdaşlığı, iqtisadi, siyasi və investisiya əməkdaşlığı, təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də mədəniyyət sahəsində əməkdaşlıq nəzərdə tutulur.
Hər iki Tərəf Xəzər dənizi hövzəsini Avropa ilə birləşdirən enerji tranziti dəhlizinin, Nabukko layihəsi kimi layihələr vasitəsilə də inkişafında əməkdaşlığı gücləndirmək istəyir. Eyni zamanda tərəflər mayeləşdirilmiş təbii qaz, neftin nəqli və emalı sektorunda, həmçinin qaz saxlama qurğuları sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını birgə araşdırmaq barədə razılıq əldə ediblər. SOCAR şirkətinin 2011-ci ildə Rumıniya bazarına daxil olmasından sonra Azərbaycanın Rumıniyaya investisiyaları əhəmiyyətli dərəcədə artıb.
Azərbaycan Rumıniya arasında strateji tərəfdaşlığın artırılması məqsədi ilə 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan dövlətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclas keçirilmişdi. Bu Saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və regionlarımızın təmiz enerjiyə keçidinə nail olmağa kömək edəcək.
Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir. Bu layihə Avropa İttifaqını həm rəqəmsal kommunikasiya, həm də enerji üçün Qara dənizin hər iki tərəfindən, həmçinin Xəzər dənizi regionu ilə bağlayacaq. Bərpaolunan enerji mənbələrindən elektrik enerjisini Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqına gətirməklə bu layihə təchizatın təhlükəsizliyini gücləndirməyə kömək edəcək.
Dövlət Neft Şirkəti və Romqaz 2023-cü il yanvarın 1-dən Azərbaycandan Rumıniyaya qazın təchizatı barədə müqavilə imzalamışdılar. Beləliklə, Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, hamı üçün uduşlu vəziyyətdir, çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var.
Rumıniya Prezidenti Klaus İohannis 2 fevralda Azərbaycana rəsmi səfər etdi. K.İohannis-in Bakıya səfəri 2022-ci il dekabrın 17-də Buxarestdə dövlət başçıları arasında aparılmış danışıqların davamıdır. Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Bu görüşdə Azərbaycandan Rumıniyaya ixrac edilən təbii qazın Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə nəql edilməsi danışıldı. Eyni zamanda Rumıniya ilə Azərbaycanın 30 il ərzində gözəl diplomatik və siyasi münasibətlərə malik olduğu vurğulandı.
Binyamil Qüdrətov,
2 saylı Bakı ASAN xidmət mərkəzində Vətəndaşların qəbulu işinin təşkili sektorunun böyük məsləhətçisi,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəalı