07 fevral 2023 17:43
244

Qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıq

Bu il fevral ayının 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rumıniya Prezidenti cənab Klaus Yohannis arasında geniş tərkibdə görüşü olmuşdur. Görüş çərçivəsində tərəflər arasında bir sıra məsələlər müzakirə edilmiş və müzakirələrin ardından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rumıniya Prezidenti cənab Klaus Yohannis mətbuata bəyanatlarla çıxış etmişlər. 

 Cənab Prezident İlham Əliyev çıxışında Rumıniya və Azərbaycan arasında yüksək siyasi əlaqələrin olduğunu, uzun illər ərzində dövlətlərimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin olduğunu, strateji tərəfdaşlığa dair iki sənəd imzalandığını bildirmişdir.

Ölkə başçısı əlaqələrin möhkəmliyinin ticari-iqtisadi sahələrdə də özünü göstərdiyini, ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil etdiyini, Azərbaycanın neft şirkəti SOCAR-ın uzun illər Rumıniyada fəaliyyət göstərdiyini, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposunun olduğunu vurğulamışdır.

Cənab Prezident İlham Əliyev Buxarestdə baş tutmuş görüşdə təbii qazın Rumıniyaya çatdırılmasına dair sazişin imzalandığını xatırlatdı. Bununla da, Azərbaycan qazının Avropa məkanına ixracı genişlənərək Rumıniya vasitəsilə Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir.

Ölkə başçısı çıxışında qeyd etdi ki, iki il əvvəl Avropa İttifaqına rəhbərlik edən şəxslərin də dediyi kimi, Azərbaycan TAP layihəsinin icrası ilə Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrilmişdir. Bunu ötən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumuda təsdiqləyir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sabahkı günün əhəmiyyətindən danışaraq, cənab Klaus Yohannisun Azərbaycanda keçiriləcək Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının açılış mərasimində iştirak edəcəyini diqqətə çatdırdı. “Əlbəttə, Buxarestdə bizim əsas tədbirimiz yaşıl enerji ilə bağlı idi. Bu istiqamətdə də çox önəmli addım atılmışdır və sabah yaşıl enerji üzrə birinci Məşvərət Şurası keçiriləcək. Bu, çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, bir neçə ölkəni, iki dənizi birləşdirən bir layihədir. Əlbəttə, ümid edirik ki, sabahkı birinci rəhbər komitənin toplantısı gələcək birgə fəaliyyət üçün bir yol xəritəsini də təklif edəcək”.

Çıxışının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu görüşü yüksək qiymətləndirərək dövlətlərimiz arasında tərəfdaşlıq əlaqələrinin getdikcə inkişaf edəcəyini və bu sahədə müsbət nəticələr əldə olunacağını əminliklə bildirdi.

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının
General Şıxlinski 56/2 ünvanı üzrə ərazi partiya təşkilatının sədri