Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanın Aİ məkanında qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ölkələrdən biri də Rumıniyadır.
Azərbaycan-Rumıniya əlaqələri tarixdən gələn münasibətlərə söykənir. Azərbaycan ilə Rumıniya arasında münasibətlərin əsası hələ Orta əsrlərdə qoyulmuşdur. Azərbaycan hökmdarı Həsən şahın dövründən başlayan bu əlaqələr Səfəvilərin hakimiyyəti illərində də davam etmişdir. Tarixin müxtəlif çağlarında inkişaf edən bu əlaqələr hər iki ölkənin müstəqilliyə qovuşmasından sonra keyfiyyətcə yeni mərhələyə yüksəldi. Təsadüfi deyil ki, Rumıniya Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 11-də rəsmi şəkildə tanımışdır. Belə ki, rəsmi Buxarest Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il iyunun 19-da qurulmuşdur.
2003-cü ilin oktyabrında Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Rumıniya ilə əlaqələr uğurla inkişaf etdirilmişdir. 2004-cü ildə Prezidenti İlham Əliyev Rumıniyaya rəsmi səfər həyata keçirib. Görüşlər zamanı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq, beynəlxalq məsələlər ətrafında geniş müzakirələr aparılıb. Səfər zamanı iki ölkə arasında 11 sənəd imzalanıb. 2009-cu il sentyabrın 28-də isə Buxarestdə iki ölkə prezidentləri tərəfindən "Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın qurulması haqqında Bəyannamə" imzalanmışdır. Bu, Azərbaycanın Avropa Birliyinə üzv dövlət ilə bağladığı ilk strateji tərəfdaşlıq müqaviləsi idi.
Geosiyasi cəhətdən əlverişli mövqedə yerləşən Rumıniya bu gün həm regionun, həm də Avrasiyanın strateji əhəmiyyətli bir dövlətinə çevrilmişdir. Təsadüfi deyil ki, Rumıniya hazırda bir sıra regional və beynəlxalq qurumların fəal iştirakçısıdır. Beynəlxalq iqtisadi əməkdaşlıq sahəsində Rumıniya həmçinin iqtisadi artımın təmin edilməsi və Avropa əmək bazarının balanslaşdırılması, humanitar sahədə Aİ-yə üzv dövlətlərin qarşılıqlı münasibətlərinin möhkəmləndirilməsi, yaranmış problemlərin aradan qaldırılması, bütün Avropa sakinləri üçün insanların azad hərəkətləri daxil olmaqla əsas hüquq və azadlıqlara hörmətlə yanaşılması hallarına böyük önəm verir.
Ötən dövrdə Azərbaycan və Rumıniya arasında ümumilikdə 61 sənəd imzalanıb, hazırda isə bir sıra əməkdaşlıq sənədlərinin layihələri hazırlanır. Bu amil əməkdaşlıq üçün möhkəm hüquqi baza yaratmışdır.
Hazırda Rumıniya-Azərbaycan iqtisadi münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Belə ki, enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm və s. sahələrdə Azərbaycan-Rumıniya əməkdaşlığı ildən-ilə genişlənməkdədir. Müstəqilliyə qədəm qoyandan bəri Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Enerji sahəsində davam edən əməkdaşlığın geniş perspektivləri olduğu hər iki tərəfə məlumdur.
İki ölkə arasında mədəni əlaqələr getdikcə genişlənir. Bakıda "Azərbaycan-Rumıniya dostluq cəmiyyəti", Buxarestdə isə "Rom-Azer" Rumıniya - Azərbaycan dostluq cəmiyyəti fəaliyyət göstərir. Hər iki xalq güclü tarixin sınağından çıxmış dostluq əlaqələri və ortaq dəyərlərlə bir-birilərinə sıx bağlıdır.
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı