07 fevral 2023 15:52
752

Rumıniya - Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir

Dövlət müstəqilliyinin dördüncü onilliyinə qalib ölkə kimi qədəm qoymuş Azərbaycan Respublikası Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə bu yolda inamla addımlayır. Artıq Azərbaycan dünyanın sayılıb seçilən dövlətləri içərisində öz layiqli yerini tutmaqdadır. Ölkəmiz ötən hər gün dünya birliyində öz siyasi mövqeyini bir qədər də möhkəmlədir və xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq quraraq iqtisadi imkanlarını daha da genişləndirir. Heç şübhəsiz ki, Azərbaycanın artan iqtisadi imkanları ölkəmizi xarici tərəfdaşlar üçün cəlbedici edir. Bu baxımdan son illər ərzində Avropa dövlətlərinin ölkəmizə olan maraqları xeyli artmışdır. Artıq Azərbaycan Respublikası ilə bir çox Avropa ölkələri arasında sıx qarşılıqlı əlaqələr formalaşmış, hətta bəzi ölkələrlə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Belə dövlətlərdən biri də Şərqi Avropada yerləşən Rumıniya Respublikasıdır.

Rumıniya Respublikasının da beynəlxalq səviyyədə əməkdaşlığa maraq göstərdiyi ölkələr arasında Azərbaycan Respublikası xüsusi yer tutur. Rumıniya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 11-də tanıyıb. Demək olar ki, Rumıniya qardaş Türkiyidən sonra ölkəmizin müstəqilliyini tanıyan ikinci dövlət olmuşdur. 1997-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi, 2001-ci ildə isə Şərqi Avropa dövlətlərində ilk dəfə olaraq Azərbaycanın Rumıniyada səfirliyi açılıb. Bütün bunlar göstərir ki, Rumıniya – Azərbaycan əlaqələri sağlam təməllər üzərində qurulmuşdur. Ölkələrimiz arasında əlaqələrin tarixinə nəzər salarkən heç şübhəsiz ki, 1995-ci ilin iyulunda Ulu Öndər Heydər Əliyevin Rumıniyaya rəsmi səfərini də yaddan çıxarmamalıyıq. Ulu Öndər Heydər Əliyevin Rumıniyaya səfəri zamanı Azərbaycan və Rumıniya arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında Bəyannamə, eləcə də elm, təhsil, mədəniyyət və idman, həmçinin iqtisadi və elmi - texniki əməkdaşlıq haqqında sazişlər imzalanmışdı.

Rumıniya – Azərbaycan əlaqələri müasir mərhələdə artıq yeni və daha yüksək səviyyəyə qalxmaqdadır. Rumıniya Respublikasının Prezidenti Cənab Klaus Yohannisin 2023-cü ilin 2 fevralında Azərbaycana rəsmi səfəri ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərinə önəmli töhvələr vermiş oldu. Bir müddət öncə Azərbaycan prezidenti Cənab  İlham Əliyevin Buxarestə rəsmi səfəri zamanı təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Eyni zamanda Azərbaycan Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə də təbii qaz nəql edəcək. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var. Rumıniya Prezidentinin Bakıya son səfəri bir çox sahələr üzrə - həm qaz, həm yaşıl enerji dəhlizləri, o cümlədən nəqliyyat əlaqələri sahəsində də gözəl nəticələrin əldə olunmasına samballı töhvələr verəcək.

Rumıniya Respublikasının Prezidenti Cənab Klaus Yohannisin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə görüşü iki dost və tərəfdaş dövlətin milli maraqlarına tam mənada cavab verdi və gələcək ikitərəfli əlaqələrin qarşısında yeni üfüqlər açmış oldu.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini