Prezident İlham Əliyevin liderliyi ilə yüksək büdcəli və geniş şaxəli enerji layihələrinin planlaşdırılması davam edir
Fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası ölkəmizin Avropanın etibarlı enerji təminatçısı rolunda artan nüfuzunu növbəti dəfə dünyanın diqqətinə çatdırdı. Eləcə də, keçən həftə 1991-ci ildə müstəqilliyimizin bərpa edilməsini ilk tanıyan Avropa dövləti olan və diplomatik münasibətlərimizin hər zaman yüksək səviyyədə olduğu Rumıniya Prezidenti Klaus Yohannisin ölkəmizə səfəri, cənab Prezidentlə cənab Yohannis arasında qarşılıqlı faydalı əməkdaşlığın, o cümlədən enerji sahəsində əməkdaşlığın geniş müzakirə olunması, cənab Yohannisin, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun, digər Avropa ölkələrinin, nüfuzlu enerji şirkətlərinin və maliyyə qurumlarının yüksəksəviyyəli nümayəndələrinin Bakıda keçirilən tədbirdə fəal iştirak etməsi onu göstərir ki, artıq Azərbaycanla Avropa ölkələri arasında qarşılıqlı əməkdaşlığın və xüsusən də enerji sahəsində əməkdaşlığın müzakirə edilməsi təbii və qanunauyğun hal almışdır. Ölkəmiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji siyasəti, planlaşdırılan və icra olunan layihələr, verilən sözlərin hər zaman və vaxtında yerinə yetirilməsi, bütün tərəfdaşlarla qarşılıqlı hörmət və hüququn üstünlüyünə əsaslanan səmimi və mehriban münsaibətlərin yaradılması sayəsində enerji sahəsində Avropanın etibarlı tərəfdaşı statusunu təsdiqləmiş və möhkəmləndirmişdir.
Cənab Prezidentin də hər fürsətdə vurğuladığı kimi enerji təhlükəsizliyinin təmin edilməsi bu gün bütün dünya ölkələri üçün ən mühüm məsələlərdən biridir. Əslində enerji təhlükəsizliyi məsələsi XX əsrin əvvələrindən başlayaraq dünya dövlətlərinin əsas diqqət mərkəzində olmağa başlamışdır. Son dövrlərdə isə bərpa olunmayan enerji mənbələrinin tükənməsi riski, bu səbəbdən həmin enerji mənbələrindəki artan yüksək qiymətlər, geosiyasi rəqabət, ölkələr arasında silahlı münaqişə həddinə gəlib çatan toqquşmalar, xüsusən Rusiya-Ukrayna müharibəsi, bu münaqişələrin bəzi ixracatçı ölkələrdə yaratdığı qeyri-sabitlik enerji təhlükəsizliyini bu gün dünya dövlətlərinin bir nömrəli gündəm mövzusuna çevirmişdir. Hətta artıq gələcəkdə dövlətlərin dünya siyasətində aparıcı rol oynamasının onların enerji ehtiyatlarına malik olub-olmaması ilə müəyyənləşdiriləcəyi fikri özünə daha çox təfərdaş tapmağa başlamışdır.
Bu baxımdan ölkəmizin zəngin təbii qaz, neft ehtiyatlarına sahib olduğu kimi, həm də yüksək yaşıl enerji potensialına, külək və günəş enerjisindən istifadə üçün böyük imkanlara sahib olması çox böyük əhəmiyyət kəsb edir. Lakin enerji ehtiyatlarına sahib olmaq qədər vacib olan digər məsələ həmin ehtiyatlardan necə istifadə edilməsidir. Azərbaycanın enerji siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən elə sağlam atılmışdır ki, qısa vaxt ərzində Azərbaycan özünü enerji ehtiyatları ilə təmin etməkdə çətinlik çəkən ölkədən enerji ixrac edən ölkəyə çevirilmişdir. Həmin vaxt “əsrin müqaviləsi” kimi böyük layihənin həyata keçirilməsində dünya dövlətləri və böyük şirkətlər Heydər Əliyevin şəxsiyyətinə, nüfuzuna, verdiyi sözə etibar etdiyi kimi, bu gün də yüksək büdcəli layihələrin planlaşdırılmasında və həyata keçirilməsində ölkəmizə olan inamın arxasında Prezident İlham Əliyevə olan etimad və hörmət dayanır.
Yaxın keçmişdə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin tikintisi, Cənub Qaz Dəhlizin uğurla tamamlanması artıq sübut edirdi ki, biz nəinki regional, eyni zamanda qlobal enerji layihələrinin iştirakçısına və icraçısına çevrilmişik. Ötən ili isə bizim üçün enerji siyasətimiz sahəsində ən uğurlu illərdən biri adlandıra bilərik. 2022-ci il iyulun 18-də Cənab Prezident Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzalmağa nail oldu. Enerji sahəsindəki gələcək fəaliyyətimizin yol xəritəsi olan həmin Memorandum əsasında 2027-ci ilə qədər Azərbaycandan Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaqdır ki, bu da ölkəmiz üçün böyük nailiyyətdir. Məhz həmin sənəddən sonra Azərbaycan artıq Avropa İttifaqı üçün enerji sahəsində etibarlı tərəfdaş kimi statusunu daha da möhkəmləndirdi və bununla əlaqədar, hazırda Cənub Qaz Dəhlizinin mühüm hissələri olan həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur.
Digər mühüm bir hadisə isə Yunanıstanla Bolqarıstan arasında interkonnektorun açılması idi. Bu, Cənub Qaz Dəhlizinin şaxələndirilməsi nəticəsində baş tutmuşdur və nəticədə təbii qazın Bolqarıstana təchizini başlamaq imkanı əldə etdmişik. Gələcəkdə bu şaxələndirmənin daha da artırılması və digər ölkələr də dəhlizin genişləndirilməsi nəzərdə tutulur. Keçən il həm də, Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün mühüm sənəd imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel elektrik enerjisini Avropaya nəql etməyə imkan verəcək ki, bu layihə də energetika sahəsində Avropa ölklələri ilə əməkdaşlıq üçün yeni imkanlar yaradır.
2023-cü ildə də enerji sahəsində fəal və səmərəli fəaliyyətimiz davam edir. Yanvar ayında Azərbaycan ilə Macarıstan arasında qaz təchizatı sahəsində Anlaşma Memorandumunu imzalandı və beləliklə, heyətimizə daxil olan ölkələrin sayı bir qədər də artdı.
Bu il ilk dəfə olaraq Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Yaşıl Enerji Məşvərət Şurası da keçirilmişdir. Son zamanlarda bərpaolunan enerji mənbələrindən istifadəyə maraq bütün dünyada artmışdır. Ölkəmizdə də yaşıl enerji mənbələrindən istifadə olunması dövlətimizin diqqətindədir və ən çox investisiya cəlb edən sahələrdən biridir. Həm də ölkəmizin enerji təhlükəsizliyi təmin edildiyi üçün biz bu sahəni enerji təhlükəsizliyimizi təmin etmək üçün yox, nəhəng potensialımızdan istifadə etmək və enerji sahəsində ixracımızın həcmini daha da artırmaq üçün inkişaf etdiririk. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzurun düşmən işğalından azad edilməsindən sonra həmin ərazilərimizin külək və günəş enerjisi potensialı hesabına yaşıl enerji imkanlarımız daha da artmışdır. Cənab Prezidentin Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı olmasını və hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparıldığını elan etməsi xüsusi ilə əhəmiyyətlidir. Bu dünyanın böyük enerji şirkətlərinin və enerji təhlükəsizliyini təmin etməyə çalışan dövlətlərin diqqətini həmin bölgəyə yönəltməyə və Zəngəzur dəhlizi barədə düşünməyə vadar edir.
Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi dünyanın aparıcı maliyyə qurumlarının Bakıda keçirilən tədbirdə iştirakı, Avropa Komissiyasının, ABŞ və Böyük Britaniya kimi dünya güclərinin enerji siyastimizi fəal dəstəkləməsi sübut edir ki, investisiya və maliyyə imkanları da daxil olmaqla dünya ölklələri ilə enerji sahəsində geniş əməkdaşlıq üçün sağlam bünövrə təmin edilmişdir və bundan sonra da Azərbaycanın liderliyi ilə yüksək büdcəli və geniş şaxəli enerji layihələrinin planlaşdırılması və icrası davam etdiriləcək.
Ziyafət Əsgərov,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədri