07 fevral 2023 00:39
712

Molla rejimi terrordan qidalanır

Yeni görüntülər də səfirliyimizə qarşı terror hücumunun İran dövləti tərəfindən əvvəlcədən planlaşdırılaraq həyata keçirildiyini bir daha təsdiq edir

Son zamanlar anti-Azərbaycan mövqeyini sərtləşdirən İranın bu siyasətinin davamı kimi Tehrandakı səfirliyimizə terror hücumu oldu. İran dövləti müxtəlif bəhanələrlə məsuliyyəti öz üzərindən atmaq üçün müxtəlif bəhanələr irəli sürsə də, istədiyinə nail ola bilmədi. Çünki səfirliyimizə qarşı terror hücumu İran dövləti tərəfindən əvvəlcədən planlaşdırılaraq həyata keçirilib. Bunu bir daha təsdiq edən yeni görüntülər yayılıb.

Məlum olub ki, ilk öncə terrorçu hücum aktını törətməmişdən əvvəl 27 yanvar 2023-cü il tarixində saat 08:05 və 08:24-də cinayəti törətmək üçün uyğun məqam seçmək məqsədilə avtomobili ilə 2 dəfə səfirliyin qarşısından keçib. Saat 08:32-də səfirliyin əməkdaşları diplomatik nümayəndəliyin inzibati binasının əsas giriş qapısından içəri daxil olduqdan dərhal sonra terrorçu nəqliyyat vasitəsini sürətlə idarə edərək qəsdən səfirliyin qarşısında park edilmiş nümayəndəliyin xidməti avtomobilinə çırpıb. Bunun nəticəsində yaranmış səsə reaksiya verən səfirlik əməkdaşının nümayəndəliyin qapısını açmasından istifadə edən terrorçu avtomobilindən avtomat silahını götürüb giriş qapısındakı postda xidməti növbədə olan İran polisinin əməkdaşına əli ilə işarə verərək atəş aça-aça dərhal səfirliyin binasına daxil olub.

Saat 08:34-də terrorçunun səfirliyə daxil olmasından 2 dəqiqə sonra İran polisinə məxsus nəqliyyat vasitəsi səfirliyin yanına gəlsə də, giriş qapısının yaxınlığındakı postda dayanmış polis əməkdaşı ilə bir neçə saniyəlik söhbətdən sonra ərazidən uzaqlaşıb. Terrorçu 4 dəqiqə ərzində - yəni, saat 08:36-dək səfirliyin inzibati binasının içərisində əməkdaşlarımızı hədəfə almaqla çoxsaylı atəş açıb, nəticədə səfirliyin əməkdaşı Orxan Əsgərov aldığı güllə yarasından hadisə yerində həlak olub, digər əməkdaş Mahir İmanov sağ qol və sol ayaq nahiyəsindən ağır yaralanıb. Səfirliyin başqa bir əməkdaşı Vasif Tağıyev isə terrorçunu zərərsizləşdirmək məqsədilə onun üzərinə hücum çəkərək terrorçu ilə əlbəyaxa olub. Səfirliyin əməkdaşı terrorçunu zərərsizləşdirərkən terroru törədən şəxs avtomatdan atəş açaraq əməkdaşımızı çiynindən yaralayıb.

Terrorçunun səfirliyə zor gücü ilə daxil olmasına, binanın daxilindən fasiləsiz atəş səslərinin gəlməsinə və V.Tağıyevin terrorçunu zərərsizləşdirmək üçün köməyə çağırmasına baxmayaraq, giriş qapısındakı postda dayanmış İran polisinin əməkdaşı hadisəyə nəinki müdaxilə etməyib, hətta postunu tərk edərək ərazidən uzaqlaşıb. Terrorçu yenə xuliqanlıq hərəkətləri etdikdən sonra küçəyə çıxmağa məcbur olub. Daha sonra terrorçu aralıda dayanan hansısa şəxslərə növbəti dəfə əli ilə işarə etməklə avtomatını yerə qoyub, bununla belə polis ona yaxınlaşmayıb. Növbəti dəfə polisin hadisəyə müdaxilə etməməsindən istifadə edən terrorçu özü ilə gətirdiyi “Molotov kokteyli” tipli yandırıcı maddəni avtomobilindən götürərək səfirliyimizin qarşısında dayanan və nümayəndəliyimizə məxsus nəqliyyat vasitəsini yandırmağa cəhd göstərib. Həmin vaxt ehtiyatsızlıqdan özünü alışdıran terrorçuya polislər dərhal müdaxilə edib.

Eyni zamanda, polislər terrorçunu həbs etməyə tələsməyib, onunla danışmağa başlayıb, cinayətkar kimi rəftar etməyib və seyrçi mövqe tutublar. Bundan istifadə edən terrorçu isə bir müddət ərazidə dolaşaraq səfirliyimizin diplomatlarını “hamınızı öldürəcəm” deməklə təhdid və təhqir etməyə başlayıb. Polislər bu hala da reaksiya verməyiblər. Bundan sonra terrorçu sərbəst şəkildə səfirliyin binasına yaxınlaşaraq qapını sındırdığı ağır zərbə alətini polisin gözü qarşısında yerdən götürüb avtomobilinin içərisinə qoyub. Daha sonra terrorçu səfirliyin pəncərəsindən onun həbs olunmasını tələb edən V.Tağıyevi aşağıya düşməyə təkid edib və V.Tağıyev aşağı düşdükdə onu yenidən təhdid edərək üzərinə hücum etmək istəyib.

Yalnız bütün bunlardan sonra polislər terrorçunun qollarını qandallayıb onu avtomobilə əyləşdirərək ərazidən uzaqlaşıblar. Bu zaman üzündə maska olan naməlum şəxsin terrorçunun avtomobilindən naməlum əşyalar götürməsi və ərazidən uzaqlaşması da diqqət çəkir.

Terrorçunun hadisəni törətmək üçün məhz İranda istirahət günü olan cümə gününü seçməsi (terror aktına mane ola biləcək halları minimuma endirmək üçün), özü ilə hadisə yerinə avtomat silah və güllələrlə dolu ehtiyat daraq, “Colt” tipli tapança, “Molotov kokteyli”, ağır zərbə aləti və sair vasitələr gətirməsi, İran polisinin terror aktına müdaxilə etməməsi hadisənin əvvəlcədən planlaşdırıldığını təsdiq edir.

Ümumiyyətlə, İranda heç bir diplomatik nümayəndəliyin, eləcə də heç bir insanın toxunulmazlığına zəmanət yoxdur, 40 milyon soydaşımızın hüquqları davamlı olaraq pozulur. Molla rejimi ölkəmizin sərhədləri daxilində davamlı olaraq qanunsuz əməllər törədib, son vaxtlar 27 İran vətəndaşı Laçın yolundan istifadə edərək qeyri-müəyyən məqsədlərlə Qarabağ ərazisində olan separatçılara qoşulub.

İran Azərbaycana yanaşmada heç vaxt müsəlman həmrəyliyindən, qonşuluq, dostluq prinsipindən çıxış etməyib. Ölkəmiz isə əksinə, Tehrana səmimi münasibət göstərib, bölgədə İran əleyhinə hər hansı addımın atılmasına yol verməyib. Tehran buna görə Azərbaycana minnətdar olmaq əvəzinə ölkəmizin əleyhinə siyasət həyata keçirir. Özünü İslam dövləti adlandıran İran vaxtilə torpaqlarımızı 30 ilə yaxın işğalda saxlayan Ermənistana qucaq açaraq ona hərtərəfli dəstək göstərib. İşğal dövründə ərazilərimizdə narkotik tərkibli bitkilərin becərilməsi və emalı ilə məşğul olub. Azərbaycanın öz torpaqlarını azad etməsi və bölgədə yeni siyasi reallıq yaratması molla rejiminin yuxusunu ərşə çəkib. Digər tərəfdən İran və Ermənistan birləşdirən cəhətlərdən biri də onların terror mahyyətidir. İranın Ermənistana Azərbaycana qarşı tank əleyhinə raket sistemləri, “şəhid dron”ları verməsi Azərbaycana qarşı düşmənçilik sitasətinin davamıdır. İstər Birinci, istərsə də İkinci Qarabag savaşında  Ermnistana hər cür dəstək göstərən İranın əli şəhidlərimizin qanına batıb. Səfirliyə hücum və zabitimizin şəhid edilməsi də molla rejiminin bu siyasətinin davamıdır. Tehran rejimi son aylarda açıq şəkildə Azərbaycan əleyhinə siyasət aparır. Təhdid xarakterli bəyanatlar, sərhəddə hərbi təlimlər, Ermənistanla yaxın dostluq əlaqələri və qarşılıqlı rəsmi səfərlər, Qafanda konsulluq açılması, həmçinin Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücum və s. fars-molla rejiminin ölkəmizə qarşı düşmənçilik siyasətindən xəbər verir.

Fars-molla rejimi öz hüquqlarını tələb edən öz vətəndaşlarına münasibətdə də qəddarcasına davranır, onlara qarşı daha amansız addımlar atır, edam edir, ağır işgəncələr verir. Demək olar ki, İranın bütün bölgələrində, şəhərlərində etiraz aksiyaları davam edir. İran rejimi əlindən gələni edir ki, etirazların qarşısını alsın. İndiki rejimi anlamalıdır ki, xalq molla rejimindən bezib. İranda yaşayan bütün xalqlar - bəluclar, kürdlər, Azərbaycan türkləri, ərəblər molla rejiminə etiraz edərək, əllərindən alınan milli haqlarını tələb edirlər.

Cavid Əkbərov, “İki sahil”