Ermənilər el arasında loru dildə adlandırılan “ərizəni yazmağa” hazırlaşırlar. Bunu onlara ermənibaşı Paşinyan özü məsləhət görüb. O, haylarına bildirib ki, başlarını çiyinlərinin üstündə salamat görmək istəyirlərsə sərsəm “böyük Ermənistan” və “Artsax” ideyalarından birdəfəlik azad olmalı, Xankəndidəkilər isə Azərbaycanın qanuni yerli hakimiyyətinə tabe olmalıdırlar. Onda həm özlərinin başı ağrımaz, həm də bizim. Kəsəsi, Ermənistan hökuməti baş nazir Nikol Paşinyanın nəzarətində olan “Hraparak” qəzeti vasitəsilə Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığını qəbul etməyi təklif təklif edib. Məlumat həm Qarabağ ermənilərini, həm də Ermənistanın ictimai rəyini separatçı layihənin bağlanacağına, sərsəm iddiaların geri götürülməsinə, onun iştirakçılarının əksəriyyətinin sıravi Azərbaycan vətəndaşına çevriləcəyinə hazırlamaq məqsədi daşıyır. Məqalənin müəllifi Avetis Babacanyan diqqəti bir neçə aydır ki, İrəvanın Qarabağ ermənilərinə Ermənistan vətəndaşlığı verməməsinə yönəldir. Ermənistan pasportlarının separatçılara verilməsinin dayandırılmasına səbəb ötən il oktyabrın 7-də baş nazir Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Praqa Bəyannaməsini imzalamasıdır. Bu bəyanata əsasən, rəsmi İrəvan Qarabağ da daxil olmaqla, Azərbaycanın da ərazi bütövlüyünü tanıyır. Beləliklə, İrəvan eyni vaxtda “Qarabağda yaşayanların Azərbaycan vətəndaşları olduğunu” təsdiq edir.
“Hraparak” qəzetində Avetis Babacanyanın məqaləsini təhlil edən rusiyalı analitik Andrey Petrov belə şərh edib.
Məqalədə qeyd olunur ki, separatçıların silahlanmasının qarşısının alınması səbəbindən Azərbaycana qarşı “revanş planı” keçmişdə qalıb: “Bununla əlaqədar Qarabağ iqtisadi rayonunun erməni əhalisinin qarşısında iki seçim var: ya mühacirət edib, Ermənistana getmək, ya da Azərbaycan vətəndaşlığını almaq. Qarabağ erməniləri revanş planının real intihar ssenarisi olduğunu indi anladılar. Məqalədə bildirilir ki, təxminən 30-35 min nəfər Azərbaycan vətəndaşlığını almağa razıdır. Bu rəqəmi oxuduqda Ermənistan rəhbərliyi bütün platformalarda hazırda Qarabağda guya 120 minə yaxın erməninin yaşadığını iddia etməsi, reallıqda onların sayının qırx mini keçmədiyini xatırlamaq yerinə düşər. Paşinyanın komandası erməni diasporundan gələn maliyyə xatirinə Qarabağdakı separatçı layihəni üzəvarı olaraq dəstəkləməkdə davam edir. Erməni xisləti belədir axı...Lakin bununla bərabər, daxili kanallar vasitəsilə Qarabağ ermənilərinə mühacirətdən və ya Azərbaycan vətəndaşlığı almaqdan başqa yollarının olmadığını çatdırır. Bu gün İrəvanın marionetləri və fırıldaqçı milyarder Ruben Vardanyanın Qarabağ erməniləri üçün yaratdığı dözülməz şərait Ermənistan hakimiyyətinin separatçı layihəni bağlamaq planının bir hissəsi ola bilər. İnsanlar anlayanda ki, hazırki rəhbərlik dövründə orada yaşamaq qeyri-mümkündür, onların Azərbaycan vətəndaşlığı üçün Azərbaycan hakimiyyətinə müraciət etməsi daha asan olacaq. Silahlı yaraqlılar və digər qeyri-qanuni immiqrantlar başlarını götürüb qaçacaqlar, mülki əhali isə Qarabağda qalacaq. Beləliklə, Azərbaycan və Ermənistan üçün vəziyyət müsbət nəticələnəcək. Paşinyan Ermənistanın Qarabağ müharibəsində təslim olmasından sonra ən azı nəyisə udmağa çalışır. Deyəsən, o, nəhayət ki, yolunu tapıb: Separatçı layihə bağlanacaq, bunun sayəsində hamı qalib olacaq: həm Bakı, həm də İrəvan”.
Bax, belə, “adın nədir: Daşdəmir, yumşalısan, yumşalı.” 1988-ci ildə bu ağıla qulluq etsəydilər nə bizə, nə də özlərinə bu qədər müsibətlər, itkilər, acılar yaşatmazdılar. Onun-bunun sarsaq fikirləri ilə oturub-duranların aqibəti həmişə belə olub, gec, ya tez. Yüz il davam etdirdikləri düşmənçilik dövründə saysız-hesabsız hoqqalardan çıxdılar. Sovet hökumətinin hərtərəfli köməyi ilə ərazilərimizi hiss-hissə qoparıb Ermənistana birləşdirdilər. Nəhayət, 2020-ci ilin sentyabrında "örkən gəlib doğanaqdan keçəsi" oldu və onların yaramaz əməllərinə 40 günə olmasa da, 44 günə son qoyuldu. İşğal illərində viran qoyulmuş ərazilərimiz azad olundu. Azərbaycan Ordusu həm toplu-tüfəngli erməni qoşunlarını darmadağın etdi, həm də kənarda durub bunlara gizli və ya açıq formada himayədarlıq edənlərə ağıllarını başlarına yığmağın yollarını göstərdi.
Azərbaycan xalqı sülh, barış xalqıdır. Ancaq ermənilər törətdikləri yaramazlıqlardan və cinayətlərdən sonra hansı sifətlə bizim üzümüzə çıxacaqlar? İndi papaqlarını qarşılarına qoyub bu barədə düşünməlidirlər. Təbii ki, sonrakı peşmançılıq fayda verməyəcək. Ancaq biz qonşu kimi yaşamağa məhkumuq. Heç olmasa bundan sonra yanaşı, sülh və əməkdaşlıq şəraitində yaşasaq hər iki tərəfə faydası olar.