Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılış mərasimində bir daha dövlətlərarası münasibətlərdə əsas faktor olan etimad mühitinin qorunmasının vacibliyini önə çəkdi
“Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsinin mühüm amillərindən biri, təbii ki, həll olunmalı texniki və bəzən, siyasi məsələlərdən başqa, yüksək səviyyədə qarşılıqlı etimaddır və mən bunu qarşılıqlı həmrəylik adlandırardım. Məhz bu halda, əgər kiminsə nəyə isə ehtiyacı olanda biz dərhal dəstək verməyə çalışırıq. Hesab edirəm ki, bu, gələcək işlərdə bizi istiqamətləndirəcək tərəfdaşlığın yaxşı ruhudur.” Dövlət başçısı İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılış mərasimində səsləndirdiyi bu fikirlərlə dövlətlərarası münasibətlərdə əsas faktor olan etimad mühitinin qorunmasının vacibliyini önə çəkir. Builki toplantının iştirakçıları ilə əvvəlkilərin müqayisəli təhlili əsasında daha qabarıq şəkildə özünü büruzə verən artım Azərbaycana olan etimadın, etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinin nəticəsidir. Azərbaycan siyasətində əməkdaşlığa önəm verərək hər zaman coğrafiyasının genişləndirilməsi istiqamətində səylər göstərir. Regional çərçivədə başlanan əməkdaşlıq bu gün beynəlxalq səviyyəyə yüksəlib. Çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi layihəsinin uğurlu sonluqla başa çatması özündə bütün məqamları ehtiva edir.
Dövlət başçısı İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır. Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasına gəldikdə, bütün bunlar birgə səylər əsasında edilib: “Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında etdik, vaxt itirmədik. Baxmayaraq ki, Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin biz onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idik. İndi isə biz artıq onun genişləndirilməsi haqqında danışırıq.”
Bu fikir daim vurğulanır ki, Azərbaycana etibarlı və uzunmüddətli, ədalətli nizamlama və qanunvericilik olan bazarlar lazımdır. Bu isə Avropa bazarıdır. Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. İnkaredilməz olan bu həqiqət də məlumdur ki, bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan tərəfdaşları ilə birgə iştirak edir. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirsək gündəmə gətirdiyi hər bir layihəni uğurlu sonluqla başa çatdırdığını və Avropanın eneji təlükəsizliyinə davamlı töhfələr verdiyini görərik. Dövlət başçısı İlham Əliyev daim bildirir ki, əgər əvvəlki dövrlərdə dediyim məsələlər öz həllini tapmasaydı, bu gün Cənub Qaz Dəhlizindən söhbət belə gedə bilməzdi.
İki il bundan öncə, 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizi layihəsi tam tərkibdə istifadəyə verildi. Cənub Qaz Dəhlizi həm Azərbaycana, həm də qonşu və Avropa ölkələrinə böyük fayda gətirəcək ki, bu da ölkəmizin bu sahədə də liderlik keyfiyyətlərinin təsdiqidir. Qeyd etdiyimiz kimi, son illərdə enerji layihələrinin coğrafiyasının genişləndirilməsi, şaxələndirmə siyasətinin iştirakçı dövlətlərin maraqları baxımından bir daha nəzərdən keçirilməsi, alternativ variantların gündəmə gətirilərək siyasi və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə çıxarılması bölgədə və dünya birliyində sabitlik və əmin-amanlığın möhkəmlənməsinə geniş imkanlar açır. Rəqabət qabiliyyəti baxımından MDB məkanında birinci olan Azərbaycanın iqtisadi uğurlarını təmin edən, regionda sülhün təminatı üçün səylərini artıran neft-qaz amilinin əhəmiyyəti bütün səviyyələrdə xüsusilə vurğulanır. Ölkə Prezidenti bildirir ki, biz öz enerji təhlükəsizliyimizi çoxdan təmin etmişik və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq. Bu rol müsbət roldur. Bunu bizim tərəfdaşlar qiymətləndirirlər. Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün istifadə etməmişdir. Bizim bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada bizim maraqlarımız təmin edilir.
Avropa İttifaqının rəsmiləri də daim bildirirlər ki, Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və bu əlaqələrin gələcəkdə böyük potensialı vardır. 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan «Cənub Qaz Dəhlizi haqqında» Birgə Bəyannamə əlaqələrin inkişafında başlanğıc kimi dəyərləndirildi, Azərbaycan Avropa İttifaqının ən böyük və etibarlı enerji tərəfdaşlarından biri kimi qeyd edildi. 2011-ci ildə imzalanan Birgə Bəyannamədə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu yüksək qiymətləndirilərək, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın mövcudluğu bildirilmişdir. Dövlət başçısı, eyni zamanda, bu əminliyi ifadə etmişdir ki, imzalanmış sənədlər uğurla həyata keçiriləcək və Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcəkdir. Bu tərəfdaşlıq nəinki illər, onilliklər boyu olacaq.
Avropa İttifaqının təmsilçiləri Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan ölkə olduğunu təsdiqləyir. Azərbaycan öz ixrac imkanlarını genişləndirməklə Avropanın enerji təhlükəsizliyinin təminatına töhfələrini də artırır. Dünya əhəmiyyətli enerji layihələrinin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında birinciliyini qoruyan Azərbaycanın inkişaf strategiyası qabaqcıl təcrübə kimi nümunə göstərilir. Enerji amilinin gündəlikdə prioritet məsələlərdən biri kimi dayandığını qeyd edən Prezident İlham Əliyev bildirir ki, enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət etməli, millətləri, xalqları bir-birinə birləşdirməlidir. Avropa İttifaqına daxil olan 27 dövlətin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır. Xarici ölkələrə səfərləri zamanı da Azərbaycanın iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində ölkəmizin rolunu xüsusi vurğulayan, gerçəkləşməsi çoxlarına əfsanə kimi görünən layihələrin reallaşması üçün təşəbbüskarlığını artıran Prezident İlham Əliyev bu mövqeyi açıqlayır ki, Azərbaycanın tərəfdaş, müəllif və təşəbbüsçü kimi iştirak etdiyi bütün layihələrdə xalqın milli maraqları, dövlətin mənafeyi hər şeydən üstün tutulmalıdır.
Dövlət başçısı İlham Əliyevin ölkəmizdə səfərdə olan Rumıniya Prezidenti Klaus Yohannisin mətbuata bəyanatlarında da səsləndirilən fikirlər Azərbaycanın artan mövqeyinin, nüfuzunun göstəricisidir. Rumıniya-Azərbaycan iqtisadi münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolu iki ölkənin əlaqələrində də öz sözünü deyir. Azərbaycan və Rumıniya Prezidentləri mətbuata birgə bəyanatlarında bir daha iki ölkə arasında əlaqələrin hazırkı səviyyəsi barədə ətraflı məlumat verərək bu mühüm məqama diqqəti yönəltdi ki, energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır. Azərbaycan-Rumıniya əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayacaq mühüm addımlardan biri ötən il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasıdır. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen həmin mərasimdə qeyd etdi ki, bu Saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və regionlarımıza təmiz enerjiyə keçidə nail olmağa kömək edəcək. Bu ilin iyulunda xanım Fon der Lyayenin Azərbaycana səfəri zamanı isə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Azərbaycanın iştirakı ilə Avropaya istiqamətlənən enerji körpüləri ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun aydın ifadəsidir. Azərbaycana ilk səfərinin olduğunu qeyd edən Rumıniya Prezidenti Klaus Yohannis bildirdi ki, Cənubi Qafqaz bölgəsi həm Rumıniya, həm Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Bu, 2009-cu ilə təsadüf edir. Bununla yanaşı, Rumıniya Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında belə bir sənəd imzalayıb. Rumıniya Azərbaycanın səmimi və əsl dostudur. Rumıniya Azərbaycanın etibarlı tərəfdaş olaraq Cənub Qaz Dəhlizi kimi layihələri gələcəkdə də irəli sürəcəyinə əmindir.
Rumıniya Prezidenti Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılış mərasimindəki çıxışında da bu məqamı xüsusi qeyd etdi ki, Azərbaycan kimi etibarlı tərəfdaşlara doğru götürülmüş bu strateji kurs uzun müddət Rumıniya tərəfindən təşviq edilib. 2009-cu ildən etibarən Rumıniya və Azərbaycan arasında strateji tərəfdaşlığın faydasını bir yerdə gördük. Avropanın enerji suallarına cavablar həmrəyliyi, regional əməkdaşlığı, mənbələrin və nəql yollarının şaxələndirilməsini nəzərdə tutur. Çünki Cənub Qaz Dəhlizi kimi layihələri əhatə edən prinsiplər məhz bunlardan ibarətdir.
Ölkəmizin Avropa dövlətləri üçün etibarlı tərəfdaş olması dəfələrlə təsdiq olunmuş həqiqətdir. Prezident İlham Əliyev ölkəmizin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin diqqətdə saxlanılacağını vurğulamaqla qeyd edir ki, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcək. Dövlət başçısı bir məqamı da xüsusi qeyd edir ki, birinci böyük layihələrin icrası nəticəsində bizim şirkətlərimiz, demək olar ki, ayağa qalxa bilmişlər, kapital, təcrübə toplamışlar. Ondan sonra Azərbaycana investisiya qoymağa başlamışlar. Azərbaycanda belə bir şərait yaratmışıq ki, buraya investisiya qoymaq ən sərfəli yoldur. İnvestisiyaların həcminin artırılması üçün ölkəmizdə geniş imkanlar mövcuddur. Sabitlik iqtisadi inkişafın əsas məsələsidir. Ölkəmizdə çox gözəl ab-hava vardır. 1995-ci ildən bu günə ölkə iqtisadiyyatına 280 milyard dollara yaxın investisiyanın qoyulması təbii ki, Azərbaycanın bugününə və gələcəyinə olan inamdan irəli gəlir.
Ölkəmizin iqtisadi və maliyyə imkanlarının artmasının, eyni zamanda, Azərbaycana olan inamın nəticəsidir ki, indiyədək BTC, BTƏ kimi neft-qaz kəmərləri ilə Türkiyədən keçməklə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında iştirak edən Azərbaycan daha yeni-yeni layihələr reallaşdırmaqla ikitərəfli və çoxtərəfli əməkdaşlıqda maraqlı olduğunu təsdiqləyir. Neft-qaz layihələrimiz, kəmərlərimiz Azərbaycanı dünya miqyasında çox önəmli enerji hasilatçısı kimi ciddi ölkəyə çevirib.
Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyası daha böyük uğurlara stimul verir. Dövlət başçısı İlham Əliyevin 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş mərasimdə söylədiyi bu fikirləri yada salaq: «Bu günə qədər bizim qaz və neft layihələrimizdə ancaq 3 ölkə iştirak edirdi- Azərbaycan, Gürcüstan və Türkiyə. Bu gündən sonra biz geniş beynəlxalq əməkdaşlıq prosesinə qədəm qoyuruq. Azərbaycan qaz istehsalçısı kimi öz resurslarını dünya bazarına çıxaracaq. Ondan sonra Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, gələcək mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələr bu layihəyə qoşula bilərlər. Ona görə, burada əlaqələndirmə işləri çox yüksək səviyyədə aparılmalıdır. Mən hesab edirəm ki, bu gün bu sahədə- neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Komandanın bütün üzvləri bu gün salondadırlar. Əminəm ki, bizim birgə fəaliyyətimiz uğurlu olacaq və komandamız qələbə qazanacaqdır.»
Günümüzün reallıqları fonunda qeyd edə bilərik ki, Azərbaycan bütün hədəflərə nail olur. Cənub Qaz Dəhlizi reallığa çevrilib. «Yeni əsrin müqaviləsi» uğurla icra edilir. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi iqtisadi imkanlarının artmasına və əməkdaşlığın coğrafiyasının genişlənməsinə stimul verir. Bu gün Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu, üzv dövlətlərin üçdə biridir. Bu, onu göstərir ki, Avropa İttifaqı da bizim kimi əməkdaşlıqda maraqlıdır.
Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması, bu istiqamətdə əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün səylərin birləşdirilməsidir. Qeyd etdiyimiz kimi, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin bu dəfəki toplantısının bir özəlliyi, yeniliyi ondan ibarət oldu ki, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı oldu. Cənab İlham Əliyev Azərbaycanın bu sahədə imkanlarını rəqəmlər əsasında diqqətə çatdırdı. Yalnız dənizdə külək enerjisinin potensialı 157, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır. İki ildən də artıq müddət əvvəl Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxındır. Həmçinin Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən edilib. Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır.
Cənab İlham Əliyev Qara dənizin dibi ilə çəkiləcək elektrik kabelinə gəldikdə isə onu qeyd etdi ki, iş planımızı mərhələli və Avropanın şərtləri ilə əlaqəli şəkildə qurmaq tələb olunur. Bu, həmçinin Avropa qitəsində potensial əməkdaşlıq imkanlarımızı daha geniş miqyasda müəyyən etmək üçün lazımdır: “Əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjini qəbul edəcək son məntəqələr olmayacaqdır.”
Dövlət başçısı İlham Əliyev Azərbaycanın enerji sektorunda qazandığı uğurların və qarşıda dayanan hədəflərə çatmaq üçün mövcud imkanlarımızın təhlili fonunda bu əminliyi də ifadə etdi ki, gələn ilin fevralında Bakıda baş tutacaq növbəti görüşümüzdə biz yeni nailiyyətlərimiz barədə danışacağıq.
Yeganə Əliyeva, “İki sahil”