02 fevral 2023 11:47
581

Azərbaycanda gəncliyin inkişafı ilə bağlı dövlət tərəfindən ardıcıl olaraq addımlar atılır

Bu gün gənclərimizə böyük etimad, diqqət və qayğının  göstərilməsi ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin davamıdır. Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Həmin gənclər bu gün ölkəmizdə müxtəlif sahələrdə savadlı və təcrübəli mütəxəssis kimi dövlətimizə böyük fayda verməkdədirlər. 1993- cü ildə ulu öndərin hakimiyyətə qayıdışından sonra gənc nəslə olan diqqət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Gəncləri “Azərbaycanın gələcəyi” adlandıran Heydər Əliyev onlara hər zaman qayğı göstərməyin vacibliyini qeyd edirdi. Bütün sahələrdə olduğu kimi dövlət gənclər siyasətinin də əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderimiz fəaliyyətinin bütün dönəmlərində gənclərə yüksək qayğı ilə yanaşıb, Azərbaycan gəncliyinin inkişafı üçün mühüm addımlar atıb, qərarlar verib. Dövlət orqanlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və onları bir- biri ilə əlaqələndirmək məqsədilə ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır.1997-ci il fevralın 2-də Azərbaycanda “Gənclər Günü”nün elan oluması ilə bağlı Fərman bu sahədə atılan növbəti addım oldu. 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə başlanıldı. Həmin il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev tarixi çıxış edərək gənclərin qarşısına şərəfli vəzifə qoydu.

Hazırda Azərbaycan bütün sahələr üzrə dinamik inkişaf edir. Təbii ki, ölkəmizin sürətli inkişafı, ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Yəni uğurlu daxili siyasətin ən mühüm istiqamətlərindən biri cəmiyyətin fəal təbəqəsi olan gənclərin yüksək dövlət qayğısı ilə əhatə olunmasıdır. Azərbaycanda həyata keçirilən gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir, başqa sözlə, dünyada nümunə kimi çıxış edir. Hazırda Prezident İlham Əliyev Ulu Öndərimizin müəyyənləşdirdiyi gənclər siyasətini uğurla davam etdirir. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar. Ümumiyyətlə, Azərbaycanda gəncliyin inkişafı ilə bağlı dövlət tərəfindən ardıcıl olaraq addımlar atılır. Son illər gənclərin dövlət idarəçiliyində irəli çəkilməsi, gənclərin bilik və bacarıqlarının üzə çıxarılması yönündə layihələrin həyata keçirilməsi vacib amillərdən biridir. Əlbəttə ki, ölkəmizdə gəncliyin inkişafı istiqamətində atılan addımlarla bağlı kifayət qədər faktlar sadalamaq mümkündür.  Dövlət başçımız 2007-ci ili  “Gənclər ili” elan edib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” və 2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə dövlət proqramları nəticəsində bu günə kimi 5000-dən artıq gəncimiz dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alıb. Ölkə başçısı tərəfindən 2011-ci il dekabrın 19-da Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun yaradılması gəncliyin inkişafında mühüm rol oynadı. 2018-ci ildən isə həmin qurum yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda, eləcə də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nda vacib məsələlər əksini tapıb. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədlərin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.  Onu da vurğulamaq lazımdır ki, Azərbaycan gəncliyi ictimai-siyasi proseslərdə də kifayət qədər fəaldır. Bu gün Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan  Yeni Azərbaycan Partiyasında da intellektual gənclər toplaşıb.  800 min nəfərə yaxın üzvü olan partiyamızın üzvlərinin 40 faizə qədərini gənclər təşkil edir. Yeni Azərbaycan Partiyası gəncliyin inkişafı üçün müxtəlif layihələr həyata keçirir.

Xüsusilə, gənclərimiz milli maraqlarımızın qorunması işində də prinsipial mövqe nümayiş etdirirlər. 44 günlük müharibə isə Azərbaycan gəncliyinin yenilməz ruhunu, qəhrəmanlığını və şücaətini bütün dünyaya nümayiş etdirdi. Məhz cənab İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclərin qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi. Vətən müharibəsində canından keçənlərin, şəhidlik zirvəsinə ucalanların əksəriyyəti gənclərimizidir. Bu, müstəqil Azərbaycan dövlətinin inkişafında gənclərimizin xidmətini təsdiqləyən növbəti nümunənin təzahürüdür.Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.Vətən müharibəsi dövründə gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və müharibə zamanı gedən informasiya müharibəsində də Azərbaycan qalib gəldi. Əsasən gənclərdən ibarət sosial şəbəkə istifadəçiləri şəbəkələrdə üstünlüyü əldə edərək paylaşılan məlumatın həqiqi və təsirliliyinə nail oldular. Bu uğurumuzu, sevincimizi daim qeyd edirik ki, 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad edilməsi üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyən gənclərimiz 44 günlük İkinci Qarabağ müharibəsində  ermənilərə heç vaxt unutmayacaqları məğlubiyyət dərsini verdilər. Cənab İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi söylədiyi “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir!” sözlərini 44 gündə reallaşdırdı. Bu yolda dəstəyi isə Azərbaycan gəncliyi oldu.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri