Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərinin ildən-ilə inkişafına çalışdığı ölkələrdən biri də Macarıstandır. Azərbaycan ilə Macarıstan arasındakı münasibətlər ənənəvi dostluq xarakteri daşıyır. Ölkəmiz müstəqillik qazandıqdan sonra iki dövlət arasında münasibətlərin bütün sahələrdə inkişafı üçün daha real imkanlar yaranmışdır. Hər iki Avropa ölkəsi arasında əlaqələrin inkişafına ciddi təkan verən mühüm siyasi təsir amillərindən biri Macarıstanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olmasıdır. Belə ki, 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. Keçən il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edilib. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Macarıstan ilə əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsini xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. 1993-cü ildən etibarən Macarıstan-Azərbaycan münasibətlərinin genişləndirilməsi istiqamətində ciddi addımlar atılmışdır.
Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr bu gün də yüksək səviyyədədir və ali səviyyədə dialoq mövcuddur. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Ölkələrimiz arasında iqtisadi əlaqələrdə də davamlı inkişaf meyilləri müşahidə olunur. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır.
Azərbaycan-Macarıstan münasibətləri həm də Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir. Bu gün artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, sonra Rumıniyaya, daha sonra isə Macarıstana və digər Avropa ölkələrinə çatdırılacaq. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək. Bununla yanaşı, Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin biri kimi Macarıstanla inkişaf edən əlaqələri bu sahədə də böyük üstünlüklər vəd edir. Elə dəmir yolları vasitəsilə Macarıstandan Azərbaycana, Azərbaycandan da Macarıstana yüklərin ötürülməsi bunun əyani sübutudur.

Cəlal Əliyev,
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının əməkdaşı