Gənclər gələcəyimizin memarı, sabahımızın təminatıdır. Gənclər bir ölkənin ən önəmli sərvəti və gücüdür. Bir millətin təməl daşı gənclərdir. Bu gün Azərbaycan gənclərinin ölkə daxili və ölkə xaricində mühün işlər görməsi danılmazdır.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Ümummilli lider Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini və formalaşdırılmasını dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu öndər Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmişdir.
Ötən əsrin 70-ci illərində Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılması ilə gənc nəsildə vətənpərvərlik hisslərinin oyanmasına, gənclərimizin hərbi peşələrə marağının yüksəlməsinə zəmin yaranmışdır. Bu gün Silahlı Qüvvələrimizdə qulluq edən neçə-neçə generalımız, yüksək rütbəli zabitlərimiz Hərbi liseyin məzunlarıdır.
Xalqımızın ulu öndəri Heydər Əliyevin 1994-cü ilin iyulun 26-da imzaladığı Fərmanla Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclərin dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyətini asanlaşdırmaq məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan gənclərinin Forumunun keçirilməsi təşəbbüsünü irəli sürülmüşdü. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, 2 fevral 1996-cı il tarixində Azərbaycan Respublikası gənclərinin ilk Forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət və qayğı daha da artırıldı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu. 1997-ci il fevralın 1-də ilk Forumun ildönümü ərəfəsində gəncləri bir araya yığan Ümummilli Lider fevralın 2-ni ölkəmizdə Gənclər Günü elan etdi. Bu da Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi oldu. Həmin dövrdən başlayaraq Azərbaycan Respublikası gənclərinin Forumunun mütəmadi şəkildə keçirilməsinə başlandı.
“Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamlar, həmçinin, “Gənc ailə”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı” və digər proqramlar çərçivəsində ölkəmizdə gənclərin sosial-maddi şəraitinin yüksəldilməsi, eyni zamanda ictimai fəallığının artırılması istiqamətində mühüm fundamental baza yaradılıb.Heydər Əliyevin xaricdə təhsil almaq üçün etimad göstərdiyi gənclərdən bir neçəsi hal – hazırda ölkəmizdə yüksək vəzifələri icra edir.
Ümummilli liderimiz Heydər Əliyevin hələ XX əsrin sonlarında əsasını qoyduğu gənclər siyasətini cənab prezidentimiz İlham Əliyev uğurla davam etdirir.
Prezidentimiz İlham Əliyev demişdir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram".
Sevindirici haldır ki, bu gün ölkə gəncliyi yaradılan əlverişli imkanlardan bəhrələnərək Azərbaycana yeni-yeni uğurlar qazandırır. Azərbaycan gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı siyasi fəaliyyətini birmənalı olaraq dəstəkləyir. Cənab prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, İkinci Qarabağ müharibəsi - "Dəmir Yumruq" əməliyyatı dövründə gənclər könüllü olaraq döyüş meydanına atılaraq prezdentimizə inam və etibarlarını bir daha sübut etdirdilər.
Səmra Həşimzadə,
Bakı şəhəri, 63 nömrəli tam orta məktəbin müəllimi