Cənab Prezidentin səsləndirdiyi fikirlər gənclər üçün “yol xəritəsi”dir
Azərbaycan gəncliyi hər zaman bütün sahələrdə irəlidə olub. Ölkəmizdə gənclərə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan gəncliyinin inkişafı naminə gördükləri işlər gənclərə olan bu diqqət və qayğının bariz sübutudur. Bütün xalqımız kimi, gənclər də Prezidentin ətrafında sıx birləşiblər. Bu gün gənclərimiz dövlət idarəçiliyində uğurla çalışır, ölkəmizin inkişafında, respublikamızda beynəlxalq yarışların və digər tədbirlərin keçirilməsində yaxından iştirak edirlər.
Prezident İlham Əliyev gənclərə etimad göstərərək onları yüksək dövlət vəzifələrinə təyin edir. Bu faktın özü ölkədə gənclərə göstərilən qayğının göstəricisidir. Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda, daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir.
Azərbaycanda aparılan uğurlu gənclər siyasəti bir çox ölkələrə nümunə ola biləcək səviyyədədir. Vacib məqamlardan biri də odur ki, ölkədə gənclər siyasəti təkmil Dövlət Proqramına uyğun aparılır və gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu da gəncliyin inkişafı, cəmiyyətdə özünə yer tutması və gələcəkdə müxtəlif ölkələrdə Azərbaycanı layiqincə təmsil etməsi üçün zəruridir.
Proseslərin gedişi göstərir ki, gənclər siyasəti yaxın gələcəkdə daha praqmatik hal alacaq və davamlı olaraq uğurlu gəncliyin yetişməsinə öz töhfəsini verəcək. Qarşıdakı illərdə Azərbaycan gəncliyinin daha da inkişaf etməsinin, gənclərimizin bütün sahələrdə qazanılan uğurların əsas memarlarından biri olmasının və ən əsası ölkəmizin gələcəyinin etibarlı əllərdə olmasının şahidi olacağıq.
Son illərdə dövlət qurumlarında formalaşan könüllü gəncləri də unutmaq olmaz. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan olundu. Könüllülərin uğurlu fəaliyyəti pandemiya dövrü və Vətən müharibəsi zamanı diqqəti xüsusilə cəlb etdi. Bunun özü də dövlətin gənclərə etimadının bariz nümunəsidir. Reallıq budur ki, ictimaiyyəti heç cür könüllülərsiz təsəvvür edə bilmirik. Çünki artıq onlar öz fəaliyyətləri ilə gündəlik həyatımızda mühüm yer tutublar. Gənclərin bu hərəkata könüllü şəkildə qoşulması, bütün proseslərdə iştirakı, müxtəlif təşəbbüslər və ideyalar meydana çıxarmaları çox müsbət haldır.
Azərbaycan gəncliyi Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə bizi Qarabağa qovuşdurdu. Azərbaycan gəncliyinin 44 gündə yazdığı bu Qələbə salnaməsini həmin il dekabrın 10-da Bakıdakı Azadlıq meydanında keçirilən möhtəşəm Qələbə paradı ilə qeyd etdik. Bu, vətənpərvər ruhda yetişən gənclik üçün əsas stimuldur, Azərbaycan gəncinin vətənpərvərlik nümunəsidir. Təbii ki, bütün bunların arxasında duran əsas məqamlardan biri dövlətimizin həyata keçirdiyi uğurlu gənclər siyasətidir. Şübhəsiz, müharibə itkisiz olmur. Biz də Vətən müharibəsində şəhidlər verdik, cəbhədə döyüşən gənclərimiz arasında yaralanaraq qazi adını qazananlar da çox oldu.
Diqqətəlayiq haldır ki, Vətən müharibəsindən sonra şəhid ailələrinə və qazilərə, eyni zamanda, müharibə veteranlarına dövlətin göstərdiyi qayğı yüksək səviyyədədir. Dövlətin bu istiqamətdə gördüyü işlər yüksək qiymətləndirilməli, cənab Prezidentin səsləndirdiyi fikirlər gənclər üçün, necə deyərlər, “yol xəritəsi” olmalıdır.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri