31 yanvar 2023 16:39
510

Azərbaycan gənci fəxr edir ki, qalib ölkənin vətəndaşıdır

Bu gün hər bir Azərbaycan vətəndaşı həyatının ən qürurverici günlərini yaşayır. İşğaldan azad edilmiş ərazilərimizdə qalibiyyət rəmzimiz olan üçrəngli bayrağımız dalğalanır. Soydaşlarımızın torpaq həsrətinə son qoyulub. Böyük Qayıdışın addımları atılır. Xalqımıza bu sevinci yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna minnətdarıq. Qanı, canı ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Azərbaycan xalqı bir daha yenilməzliyini, məğrurluğunu dünyaya nümayiş etdirdi. Azərbaycan gəncləri Vətən, torpaq sevgisini 30 ilin işğalına 44 gündə şücaəti, qəhrəmanlığı ilə son qoyaraq təsdiqlədi.

İki ildən artıqdır ki, digər bayramlarımız kimi, 2 Fevral-Gənclər Gününü də Zəfər ovqatında qeyd etməkdən qürur hissi keçiririk. Dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində inamla addımlayan müasir müstəqil, qalib Azərbaycanda gənclərimizin hərtərəfli inkişafı üçün bütün imkanlar mövcuddur. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərə diqət və qayğının dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi, gənclərimizin öz potensial imkanlarını ortaya qoymaq üçün hər cür şəraitin yaradılması bugünkü uğurlarımızda özünün aydın ifadəsini tapıb.

Gənclərimizin dövlət idarəçiliyində irəli çəkilməsi günümüzün əsas reallıqları sırasındadır. Bir mühüm məqamı da qeyd edək ki, ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.

2018-ci ildə Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində Gənclərin İnkişaf və Karyera Mərkəzi fəaliyyətə başlayıb. Həmçinin Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı Sərəncama əsasən Azərbaycanın şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin  nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alındı. Respublikanın 55 şəhər və rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyət göstərir.  Prezident İlham Əliyevin Sərəncamı ilə  2020-ci ilin “Könüllülər ili” elan edilməsi də gənclərə diqqət və qayğının tərkib hissəsidir.  Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir.

Gənclərimizin fiziki sağlamlığının təmin edilməsi də prioritetlər sırasındadır. Belə ki,  idmana kütləvi marağın artırılması ilə Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrildi. Gənc idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir.  Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılıb və  bu proses davam etdirilir. Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunur.  Bakıda keçirilmiş Birinci Avropa Oyunları dünya idman tarixində bir ilkdir. Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində keçirilən “Bakı-2015” Birinci Avropa Oyunlarının təqdimatları Azərbaycan reallıqlarının, eyni zamanda bu mühüm idman bayramının təbliğində əhəmiyyətli rol oynadı. Birinci Avropa Oyunları çərçivəsində 20 idman növü üzrə yarışlar paytaxtımızda  21 idman obyektində keçirilmişdir. Dünyanın idman tarixinə düşmüş bu Oyunlarda 50 ölkəni  təmsil edən 6 mindən artıq idmançı sağlam rəqabət uğrunda mübarizəyə qatılmışdır. Azərbaycan idmançıları iki ildən artıqdır ki, yarışlarda qalib Azərbaycanı təmsil edirlər. Bu, onlar üçün həm böyük qürur, həm də məsuliyyətdir.

Hansı sahəyə baxsaq Azərbaycanın inkişaf modelinin nümunəviliyini görürük. Azərbaycanın bütün sahələrdə təcrübəsi dünyanın diqqətindədir. Gənclərimiz  belə güclü, qüdrətli, qalib Azərbaycanın vətəndaşı olmaqdan qürur duyurlar. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur.

Gülər Kərimova,
​YAP Şabran rayon təşkilatının məsləhətçisi