Sirr deyil ki, ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin əsasını xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər hər zaman gənclərə xüsusi qayğı ilə yanaşmış, gənclərin problemləri hər an Onun diqqət mərkəzində olmuş, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə olduqca böyük əhəmiyyət vermişdir. Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərindəncə digər sahələrin inkişafı ilə yanaşı, gənclərin üzləşdikləri problemlərin həlli də Heydər Əliyev üçün prioritet təşkil etmişdir. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması sübut edirdi ki, Ulu öndər ölkənin gələcəyini birbaşa gənclərin hərtərəfli inkişafı ilə bağlayırdı.
Ulu Öndərin hakimiyyətinin ilk illərindən gənclərə yüksək qayğı göstərməsini bir daha sübut edən məqamlardan biri də ondan ibarətdir ki, O, 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüşdür.
2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Forumda Ümummilli liderin Özü şəxsən iştirak etmişdir. Bunun ardınca, 1 fevral 1997-ci il tarixdə ilk forumun ildönümü münasibəti ilə gənclərlə görüşən Ümummilli lider “2 fevral Azərbaycan Gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Məhz həmin tarixdən etibarən hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi böyük təntənə ilə qeyd olunur.
Ulu öndər gənclərə müraciət edərək demişdir: “Mən sizi gördükcə daha da ruhlanıram, siz Mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır."
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilr. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi olarıq.
Bir məqamıda unutmaq lazım deyil ki, həqiqətən də bu illər ərzində vətənpərvərlik ruhunda böyüyüb yetişdirilmiş mətin gənclərimiz bir addım belə geri çəkilməyərək 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərdilər. Əslində gənclərimiz bütün dövrlərdə dövlətə və millətə sahib çıxmış, torpaqlarımız və istiqlalımız uğrunda şəhid olaraq ölkəmizin inkişafına önəmli töhfələr vermişlər. 2020-ci ildə isə bu vətənpərvərlik, qəhrəmanlıq nümunələri özünün pik həddinə çatdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun əsgərlərinin, zabitlərinin, bir sözlə, bütün şəxsi heyətinin qəhrəmanlığı, şücaəti nəticəsində 44 günlük Vətən müharibəsi bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini bir daha nümayiş etdirdi. Ordunun böyük bir qismini təşkil edən gənclərimiz Ali Baş Komandanın rəhbərliyi altında sözün həqiqi mənasında möhtəşəm bir tarix yazdı! Bu gün Gənclər Gününü qeyd edən Azərbaycan gəncliyinin düşməni diz çökdürməkdə, tarixi ədaləti bərpa etməkdə böyük rolu oldu. Bir daha ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Onlar bizim daim qürur mənbəyimizdir.
Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayır, bu siyasətin icrasında daim onun yanındayıq.
Həsən Ağayev,
Müdafiə Sənayesi Nazirliyi Elmi-Tədqiqat İnstitutunun əməkdaşı