30 yanvar 2023 13:49
540

Səfirliyimizə terror hücumu İran rejiminin ölkəmizə qarşı düşmən mövqeyini ifşa edir

Bu hücum fars-molla rejiminin Azərbaycan dövlətinə olan yalnış və riyakar münasibətinin daha bir göstəricisidir 

Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum, səfirliyin mühafizəçilərindən birinin öldürülməsi və 2 nəfərin yaralanması fars-molla rejiminin ölkəmizə qarşı düşmən mövqeyinin, riyakar siyasətinin növbəti göstəricisidir. Əksər İslam dövlətlərinə düşmənçilik edən Ermənistanı özünə qardaş hesab edən İran əslində İslam dininə də hörmətsizlik nümayiş etdirir.

Əslində İran rejimi hər zaman Azərbaycana qarşı düşmən münasibət bəsləyib. Ölkəmizin 20 faiz torpağının Ermənistanın işğalı altında olduğu zaman İranın rəsmi diplomatiyası daim Bakı ilə İrəvan arasında kəndirbazlıq edərək ikiüzlü bir siyasət yürütmüşdür. Ermənistanın ən ağır günlərində İran daim onun xilaskarı cildində çıxış etmişdir.

İran rejimi Arazın üstündən körpülər salmış, Azərbaycana məxsus olan torpaqlardan düşmənimizə xidmət etmiş, yollar çəkmiş, Ermənistanın ən böyük iqtisadi və enerji yardımçısı olmuşdur. Dünyada dinlərarası qütbləşmənin dərinləşdiyi bir şəraitdə İranın bu riyakar siyasəti İslam birliyinə sarsıdıcı zərbə vurub. Özünü şiə mənsəbinin, İslam dininin sadiq mühafizəçisi kimi göstərən İran İslam birliyi ideyasını terrorçu xristian dövləti olan Ermənistanın ayaqları altına atmışdır. Bu, eyni zamanda əhalisinin yarısı türk olan İran İslam Respublikasında yaşayan türklərin, azərbaycanlıların heysiyyəti ilə oynaması, onların ləyaqətini alçaltması və milli duyğularını təhqir etməsidir.

Belə ki, son vaxtlar baş verən siyasi gərginlik fonunda İranın əsəbi davranışları açıq-aşkar müşahidə olunur. İstər öz vətəndaşlarına, istərsə də qonşu dövlətlərə qarşı riyakarlığı ifşa edildikcə molla rejimi daha da aqressivləşir. Hakimiyyət bu aqressiyanın bir hissəsini ölkə üzrə rejimə qarşı etiraz edən aksiya iştirakçılarına, bir hissəsini isə Azərbaycana qarşı yağdırmağa başlayıb. Doğrusu, İranın ölkəmizə qarşı kin-kidurətə bələnmiş hirsi, əsəbi və acığı hər zaman müşahidə olunub. Amma son vaxtlar bunun artmasının səbəbləri də heç kimə sirr deyil.

Şanlı Ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbədən sonra İranın Azərbaycana qarşı təxribatları və təhdidləri artmışdır. Ermənistana hərbi, siyasi və iqtisadi dəstəyini əsirgəməyən İran paralel olaraq Azərbaycana qarşı da müxtəlif addımlar atır. Tehran artıq riyakar siyasətini “müsəlman təəssübkeşliyi”, “din və məzhəb qardaşlığı” pərdəsi ilə gizlədə bilmir. Əksinə, İranın din xadimlərinin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi, xalqımızda daha çox ikrah hissi oyadır. İran əslində dini dəyərləri öz siyasətinə alət edən bir dövlət kimi özünü ifşa edir.

İranın ayrı-ayrı hakimiyyət qrupları tərəfindən maliyyələşdirilən çoxsaylı media resursları, bu ölkəyə sığınmış antimilli qüvvələr Azərbaycana qarşı uzun müddətdir ki, çirkin kampaniyalar aparırlar. Bunda əsas məqsəd ölkəmizi daim təzyiq və təhdid altında saxlamaqdır. Açıq şəkildə görünür ki, İran müstəqil Azərbaycanı özünə qarşı təhlükə kimi qiymətləndirir və rəsmi Tehranın Azərbaycanla bağlı mövqeyinin və fəaliyyətinin əsasında da məhz bu amil dayanır.

Halbuki Azərbaycandan İrana qarşı heç bir təhdid və ya təhlükə yoxdur. Hətta İrana qarşı sanksiyaların ən sərt dövründə Azərbaycan bu prosesə qoşulmadı və bu ölkə ilə əlaqələrinə heç bir məhdudiyyət tətbiq etmədi. Bütün əsassız iddia və təhdidlərə baxmayaraq, Azərbaycan tutduğu haqlı mövqeyindən bir addım belə geri çəkilməyəcək.

Yaxşı olar ki, ermənilərin müdafiəsinə qalxan İran dövləti ölkəsindəki milli ayrı-seçkiliyə son qoysun, qonşu Azərbaycanla düşmənçilikdən əl çəksin.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri