Azərbaycan Şərqlə Qərb arasında təbii körpü rolunu oynayir. Bu baxımdan Avrasiyanın giriş qapisi adlandırılan Azərbaycanın Avropa və Asiya qitələri arasında mühüm qovşaq halına gəlməsi TRANS-QAFQAZ nəqliyyat dəhlizi (TRASEKA) və Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu kimi geosiyası və geoiqtisadi əhəmiyyəti mühüm olan layihələrin reallaşmasına şərait yaratmışdır. Nəqliyyat sektorunda son illər bir sira irimiqyaslı ifrastruktur layihələrinin həyata keçirilməsi bu istiqamətdə aparılan sistemli siyasətin bariz nəticəsidir. Xüsusilə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı Kompleksinin, müasir hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil və dəmir yollarının bərpası və tikilməsi ölkəmizin iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Avropa və Asiya arasında yerləşən Azərbaycanın beynəlxalq yüklərin daşınmasında tranzit ölkə kimi əhəmiyyəti böyükdür.
Dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan Çinin Avropa eləcə də Qara dəniz, Aralıq dənizi hövzəsində yerləşən ölkələrlə nəqliyyat əlaqəsi saxlamasında Azərbaycanın rolu getdikcə daha da artmaqdadır. Azərbaycanın malik olduğu dəmir yolları Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünün vacib hissəsidir. Avropa ölkələri və Çin ilə yanaşı Azərbaycan Rusiya, İran, HindistanŞ Cənub-Şərqi Asiya və Fars körfəzi dövlətləri üçün də etibarlı tranzit ölkədir.
Vətən Müharibəsində əldə olunmuş qələbədən sonra Azərbaycanın Cənubi Qafqaz regionunda nüfuzu daha da möhkəmlənmiş və önəmli söz sahibinə çevrilmişdir. İşğaldan azad olunmuş bölgələrimizdə yeni nəqliyyat infrastrukturunun yaradılması – beləki yeni beynəlxalq hava limanlarının inşası, dəmir yol xətlərinin və avtomobil yollarının çəkilməsi ölkəmizin tranzit ölkə kimi böyük maliyyə gəlirləri əldə etməsinə şərait yaradacaq.
Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması da Avrasiya dövlətləri üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Zəngəzur dəhlizinin də həyatı əhəmiyyət daşıması danılmaz fakt kimi meydana çıxır. Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq, Avropa və Asiya arasında daha sıx əlaqələrin qurulmasına şərait yaradacaq.
Bütüb bunlar isə öz növbəsində ölkəmizin iqtisadi qüdrətinin daha da artmasına, regionların iqtisadi inkişafına təkan olacaq.Yeni nəqliyyat infrastrukturu ölkədə biznes mühitini yaxşılaşdıracaq, ölkəyə daha çox valyuta axınının daxil olmasına, nəticədə hər bir vətəndaşın maddi rifah halının yaxşılaşmasına təsir edəçək.
Zibaxanım Cəfərli,
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı,
YAP Xətai rayon təşkilatı, "Məshəti 3" ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini