İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu yanvarın 20-də öz işini yekunlaşdırdı. Forum çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev bir sıra mühüm görüşlər keçirdi.
Bu son dərəcə mühüm tədbirdə iştirak etmək Azərbaycanın aparıcı mövqeyə malik olduğu iqtisadi layihələrin reallaşmasına, beynəlxalq təhlükəsizliyin iqtisadi əsaslarının yaradılması və möhkəmləndirilməsi prosesinə töhfələr verir. 15 ildən çoxdur ki, Azərbaycan mütəmadi olaraq bu prosesdə iştirak edir. Diqqətlə təhlil edəndə tam yəqin etmək mümkündür ki, Azərbaycan həmin müddətdə hər il Forum çərçivəsində dünya, xüsusilə də Avrasiya regionu üçün maraqlı olan iqtisadi təkliflərlə, səmərəli fikirlərlə çıxış edib. Onların böyük əksəriyyəti də artıq praktikada öz nəticəsini göstərməkdədir. Yəni, Azərbaycan ənənə xatirinə Davos Forumunun iştirakçısı deyil. Azərbaycan Davos Forumunun səmərəli, potensial və yaradıcı bir qüvvəsi olaraq özünü təsdiqləməkdədir. Bu, sözsüz ki, böyük bir hadisədir və heç də Davos Forumunun iştirakçısı olan bütün ölkələr haqqında həmin sözü demək olmaz.
Sonuncu Forumda cənab Prezident İlham Əliyevin dünyanın böyük şirkətləri ilə, təhlükəsizlik və iqtisadi inkişafda əhəmiyyətli rol oynayan fiqurlarla keçirdiyi müxtəlif xarakterli görüşlər və burada müzakirə olunan məsələlər Azərbaycanın qlobal iqtisadi inkişafa töhfələrini, potensialını təqdim etməklə bərabər, həm də həmin ölkələrin gələcəkdə də Azərbaycana diqqətinin yönəldilməsində müstəsna rol oynayır.
Dövlət başçısı İlham Əliyev Forum çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasındakı çıxışında bir çox mühüm məsələlər, o cümlədən Azərbaycanın qaz ixracı mövzusunda danışaraq bildirib ki, 2021-ci ildə Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən çox idi: “Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda bizim 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağımız nəzərdə tutulur. Beləliklə, Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaq.”
Ölkəmizin yaşıl enerji ilə bağlı potensialı da çox böyükdür. Xəzər dənizinin külək potensialı 157 qiqavatdır. Qurudakı potensial 27 qiqavatdır. Eyni zamanda, iki il bundan əvvəl aparılmış Vətən müharibəsində işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur. Demək olar ki, 200 qiqavata yaxındır.
“Masdar”la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. “Fortescue Future Industries”lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq. Bu, həqiqətən də enerji siyasətimizin yeni fəslidir. Neftlə, qazla bağlı işlər yekunlaşıb. Elektrik enerjisi, yaşıl hidrogen və bütün bunlar bizim planlarımızda var.
Ümumən Azərbaycan Davos prosesində potensial, yaradıcı və təsirli bir qüvvə kimi iştirak edir və bu Forum ölkəmizin iqtisadi potensialının yeni perspektivlərə doğru tanınmasında mühüm platformalardan birinə çevrilib.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri