25 yanvar 2023 16:40
838

Bu cür toplanışlar idmançıların karyeralarına töhfə verəcək- Fatimə Qurbanova

"Yığmanın güclü idmançılarının məşqlərinə baxırıq. Bu cür toplanışlar gimnastlarımız üçün vacibdir və onların gələcək karyeralarına töhfə verəcək".

“İki sahil”in məlumatına görə, bunu Bakıda təlim-məşq toplanışında olan Sumqayıt Olimpiya İdman Kompleksinin bədii gimnastika üzrə məşqçisi Fatimə Qurbanova deyib.

O bildirib ki, Milli Gimnastika Arenasındakı hazırlıq Sumqayıt gimnastlarına böyük kömək olacaq: “Hazırda klubumuzda 20-yə yaxın gimnast fəaliyyət göstərir. Builki yarışlara ciddi şəkildə hazırlaşırıq. Komandamızın bölgəmizi layiqli şəkildə təmsil etməsini istəyirik. Bakıdakı təlim-məşq toplanışımızı çox yüksək qiymətləndirirəm. Yığmanın məşqləri gimnastlarımızda böyük maraq oyadır”.

Həmçinin, Şəmkirin bədii gimnastika üzrə məşqçisi Leyla-xanım Litvinova da idmançılarının Bakıda toplanış keçmələrinə münasibət bildirib. Şəmkir Gənclər Evində dərslər keçdiklərini bildirən Litvinova paytaxta 7 gimnastla gəldiklərini əlavə edib: “Hazırda Şəmkirdə 20 uşaq gimnastika ilə məşğul olur. Yığma ilə təlim keçmək üçün Bakıya 7 nəfərlə gəlmişik. Hazırlıq yüksək səviyyədə keçir. Uşaqlar üçün hər bir şərait yaradılıb. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya və qurum rəsmilərinə minnətdarlığımızı bildiririk”.