Bildiyimiz kimi neftin daşınması uzun illər primitiv karvan üsulları ilə arabalarda yerləşdirilmiş taxta çəlləklərlə və tuluqlarla yerinə yetirilirdi. Belə üsul baha başa gəlməsi ilə yanaşı neft işinin inkişaf etdirilməsinə də maneə yaradırdı.Bu səbəbdən də neft istehsalçıları böyük gəlirlər əldə edilməsi üçün dəmir yol xəttlərinin çəkilişinə yüksək maraq göstərməyə başladılar. Beləliklə, Bakı nefti və onun sənaye istehsalı əvvəl Bakıda sonra isə bütün Azərbaycanda rels yolunun yaranmasına səbəb oldu.
Relslərin yaranmasından sonra dünyada ilk dəfə olaraq nefti sisternlərdə daşımağa başladılar.Beləliklə, 1883-cü ildə neftin Qara dəniz limanlarına çatdırılması üçün Bakı – Tiflis – Batumi, 1890-cı ildə isə Biləcəri – Dərbənd magistral xətləri çəkildi. 1900-cü ildə Dərbənd – Tixoretskaya xəttinin tikintisinin başa çatdırılmasından sonra Bakı şimal istiqamətində ümumrusiya dəmir yolları şəbəkəsi ilə birləşdirildi, bu da Bakı neftinin dəmir yolu ilə Rusiyanın mərkəzi və qərb rayonlarına çatdırılmasına imkan yaratdı.
17 avqust 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin verdiyi qərara əsasən Azərbaycan Dəmir Yolları 1 iyul 1918-ci il tarixindən etibarən Azərbaycan nəzarətinə keçmiş hesab olunmuşdur.
20 iyul 2009-cu il tarixdə Azərbaycan Prezidenti, Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə Nəqliyyat Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti yaradıldı.
Azərbaycan Prezidenti İlham Əliyev 6 iyul 2010-cu ildə "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010–2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalanmışdır. Vaqon və lokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət Proqramının icrası üçün Tədbirlər Planında öz əksini tapmışdır. Dövlət Proqramının əsas məqsədi əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə artan tələbatının və dövlətin müdafiə ehtiyaclarının təmin olunması, Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini və onun ölkənin sosial-iqtisadi tərəqqisində daha fəal iştirakını təmin etməkdir.
Respublikamız Mərkəzi Asiya ilə Avropanın kəsişməsində yerləşdiyi üçün buradan keçən həmin nəqliyyat və kommunikasiya dəhlizləri bir çox dövlətlər üçün yüklərin tranziti üçün geniş imkanlar yaradır. Bu sırada Orta Dəhliz adlandırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu təkcə Azərbaycana deyil, bütün dünyaya böyük perspektivlər açır, yüklərin daşınması üçün təhlükəsiz marşrutlardan sayılır. Böyük İpək yolunun yenidən canlandırılmasına yönələn bu dəhlizin əhəmiyyəti getdikcə artmaqda davam edir.
Hazırda Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz və qısa yol hesab olunur. Bu nəqliyyat marşrutu həm də okeana çıxışı olmayan Azərbaycan, Türkmənistan, Özbəkistan və Əfqanıstanın qlobal bazarlarla əlaqə qurması baxımından mühüm önəm daşıyır.
Orta Dəhliz Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Bu marşrutla hərəkət edən blok qatarı Çindən Avropaya yükləri orta hesabla 20-25 günə çatdırır. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çindən Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Eyni zamanda bu dəhliz ölkəmizin dünyadakı nüfuzunu artırmaqla bərabər, həm də onun əhəmiyyətli tərkib hissəsi sayılan Zəngəzur dəhlizinin perspektivləri haqqında aydın təsəvvür yaradır. Ən başlıcası isə Şərqi Zəngəzur iqtisadi rayonunda, bütünlükdə isə Qarabağ və ətraf bölgələrdə dövlətimizin başçısının vurğuladığı kimi, sabitliyi, etibarlılılığı şərtləndirir. Bununla yanaşı, türk dövlətləri arasında əməkdaşlıq münasibətlərini dərinləşdirməklə, iqtisadi inkişafı sürətləndirir. Prezident İlham Əliyevin bununla bağlı “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən konfransda söylədiyi fikir də diqqət çəkir: “Türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhliz layihəsinə əsas töhfə olacaqdır.
Qeyd etmək lazımdır ki, 2023-cü il 19 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən, 52 dövlət və hökumət başçısı forumda iştirak etmişdir. Dövlətimizin başçısı iclasda çıxışı zamanı bir çox mühüm məsələlərə toxunmuşdur. Orta Dəhlizin üstünlüklərindən bəhs edərkən cənab Prezident qeyd etmişdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik Azərbaycan ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışdır.
Son olaraq bildirmək istəyirəm ki, cənab Prezidentin dediyi kimi bugünki reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Lakin üçün bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatarla bağlıdır. Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik. Hesab edirik ki, nəqliyyat sahəsi bizdə ixracımızı şaxələndirməyə imkan verəcək, çünki biz xidmət ixrac edəcəyik
Aynur İsmayılova,
Müdafiə Sənayesi Nazirliyi Elmi-Təqdiqat İnstitutunun əməkdaşı