25 yanvar 2023 14:01
606

Ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır

Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün  Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev  Yanvarın 17-də İsveçrəyə rəsmi səfər edib. Prezident İlham Əliyev Forum çərçivəsində dünyanın ən nüfuzlu liderləri, aparıcı şirkətlərin rəhbərləri ilə görüşdü, dünyanın aparıcı informasiya vasitələrinə müsahibələr verib. Bu İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun sayca 53-cü toplantısıdır. Hər il ənənəvi keçirilən bu tədbir iştirakçı dövlətlərin malik olduqları iqtisadi imkanların təqdimatında əhəmiyyətli rol oynayır. “Parçalanmış dünyada əməkdaşlıq” mövzusunda keçirilən bu ilki Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak etdi. Hər zaman qeyd edildiyi kimi, keçirilən hər beynəlxalq əhəmiyyətli tədbir həm məkan, həm də müzakirəyə çıxarılan mövzunun aktuallığı, eyni zamanda, iştirakçıların say tərkibi baxımından xüsusi diqqət çəkir. Ölkəmizlə siyasi, iqtisadi, enerji sahəsində əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı günbəgün artır. Azərbaycan beynəlxalq tranzit imkanlarını dünyaya təqdim edir və bunun üçün kifayət qədər əsaslı infrastrukturu var. Ötən il ölkəmizin ərazisindən tranzit daşımaların həcmi 75 faiz artıb. Azərbaycanda enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaradılıb və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olunub.  Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir.

Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna dövlət başçısı İlham Əliyevin növbəti dəfə dəvət olunması, Forum çərçivəsində keçirdiyi çoxsaylı görüşlər, həmçinin ölkə Prezidetinin Çinin CGTN (China Global Television Network)  televiziya kanalına müsahibəsi həm ölkəmizin, həm də cənab İlham Əliyevin beynəlxalq aləmdə nüfuzunun göstəricisi oldu. Bu görüşlərdə Prezident İlham Əliyev regional vəziyyət haqqında ətraflı məlumat verdi. Xüsusilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, bu məsələdə Ermənistanın destruktiv mövqeyi, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olan müxtəlif bəhanələri və danışıqlar prosesindən yayınmaq cəhdləri geniş müzakirə mövzusu oldu. Azərbaycanın sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi möhkəmlənən mövqeyi diqqətdən kənarda qalmır. Təbii ki, bu, xarici siyasətimizin prinsiplərinin dəyişməz olmasının, həmçinin, ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin öndə dayanmasının göstəricisidir. Son illər Çin və Azərbaycan arasında dostluq əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Hər iki ölkənin dövlət başçıları arasında görüşlərin təşkil olunması buna sübutdur.

Təsadüfi deyil ki, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdır. Ölkələrimiz arasında əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Siyasi tərəfdaşlıqla yanaşı iqtisadi əməkdaşlıq əlaqələri də durmadan artır. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Azərbaycan Çinlə enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir.

Prezident İlham Əliyev 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində bildirdi ki, Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsi icra olunur. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Son 10 il ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa etdi. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq.       Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir. Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Bu səylər birləşməlidir.

Dünyada öncül dövlətlərdən olan, uğurlarını müvəffəqiyyətlə davam etdirən Çinlə əlaqələrin yaxşılaşdırılması sözsüz ki, Azərbaycanın milli maraqlarına xidmət edir və dövlətimizin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsinə yönəldilmişdir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri